. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ HESABATI

1
AZƏRBAYCAN RESPUBLİKASI

MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
HESABATI

Fevral-Avqust, 2008

www.msk.gov.az
www.cec.gov.az
www.infocenter.gov.az


Fevral-Mart, 2008
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası 2008-ci ildə respublikada keçirilməsi planlaşdırılan Prezident seçkilərinə hazırlıq məqsədilə öz fəaliyyətini daha da intensivləşdirmiş və bir sıra tədbirlər həyata keçirməkdədir.
Seçici siyahılarının dəqiqləşdirilməsi prosesi ilə bağlı seçicilərin  maarifləndirilməsi işi davam etdirilir. Bu məqsədlə MSK tərəfindən KİV-də təşviqat xarakterli televiziya klipləri yayımlanmış və materiallar dərc edilmişdir. MSK-nın müraciətinə əsasən təşviqat prosesinə 5 televiziya kanalı qoşulmuşdur. Bu prosesə respublikanın müxtəlif ərazilərində fəaliyyət göstərən əksər regional televiziya şirkətləri və 25-ə yaxın yerli mətbuat orqanı da cəlb olunmuşdur. Müvafiq dairə seçki komissiyaları haqqında məlumat (ünvan, əlaqə telefonu) regional KİV-lərdə də öz əksini tapmışdır. Bu məlumatlar seçicilərin arzu etdiyi halda birbaşa ərazisində məskunlaşdığı dairənin seçki komissiyasına müraciətini asanlaşdırır.
Seçki Məcəlləsinə əsasən seçici siyahılarıyla iş fevral ayının 5-dək məntəqə seçki komissiyaları tərəfindən yekunlaşdırılmış və siyahılar Dairə seçki komissiyalarına təqdim edilmişdir. Dairə seçki komissiyaları isə öz növbəsində dəqiqləşdirmə prosesini davam etdirərək mart ayının ortalarından etibarən seçicilərin elektron siyahılarını MSK-nın “Seçkilər” İnformasiya Mərkəzinə təqdim etməyə başlamışlar.
Seçici siyahıları ilə əlaqədar fəaliyyət göstərən qaynar xəttə fevral və mart ayları ərzində 250-yə yaxın müraciət daxil olmuşdur. Müraciətlər əsasən seçici siyahılarıyla əlaqədardır. MSK tərəfindən bu müraciətlərə operativ reaksiya verilmiş və müvafiq tədbirlər görülmüşdür. Qaynar xəttə müxtəlif sorğularla müraciət edən vətəndaşların sualları da ətraflı şəkildə cavablandırılmışdı. Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilmiş elektron qaynar xətt vasitəsilə də müraciət edən seçicilərə lazımi məlumatlar verilmiş və ehtiyac yarandıqda müvafiq addımlar atılmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında İnsan Hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamında MSK-ya tövsiyə olunmuş maarifləndirmə proqramının fevral ayının əvvəlindən həyata keçirilməsinə başlanılmış üçüncü mərhələsi mart ayının əvvəli yekunlaşdırılmışdı. Layihənin yerlərdə icrası MSK tərəfindən təsdiq olunmuş tədris proqramına əsaslanmış və məntəqə seçki komissiyalarının üzvləri üçün ixtisaslaşdırılmış kurslar keçirilmiş, yerli məhkəmə və prokurorluqların rəhbərləri, rayon icra hakimiyyətlərinin məsul işçiləri və dairə seçki komissiyalarının sədrləri kurs iştirakçıları qarşısında çıxışlar etmişlər. İşğal altında olan rayonları əhatə edən seçki dairələrinin məntəqə seçki komissiyalarının üzvləri də məntəqələrin yerləşdiyi ərazilərdə keçirilən kurslara cəlb edilmişlər. Kursların gedişi bir sıra televiziya kanalları tərəfindən işıqlandırılmış və ictimaiyyətə məlumat verilmişdir.
Mütəmadi olaraq dairə seçki komissiyaları dairələr ərazisində seçicilərin artım dinamikası haqqında məlumatı MSK-ya təqdim edir. MSK öz növbəsində alınmış məlumatları təhlil edərək dairə və məntəqələrin sərhədlərində mümkün dəyişiklikləri nəzərdən keçirir.
MSK beynəlxalq ictimaiyyətin Azərbaycanda seçkilərlə bağlı həyata keçirilən fəaliyyət haqqında məlumat əldə edə bilməsi üçün respublikada fəaliyyət göstərən beynəlxalq və xarici qurumların nümayəndələri ilə sıx əməkdaşlıq edir. Belə ki, ATƏT-in Bakı ofisi, Seçki Sistemləri üzrə Beynəlxalq Fond və bir sıra digər təşkilatlarla mütəmadi görüşlər keçirilir və planlaşdırılan birgə layihələrlə bağlı fikir mübadiləsi aparılır. MSK ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə təşkil olunmuş Layihələrin Kordinasiya Qrupunun işində fəal iştirak edir. Adı çəkilən qrupun fəaliyyəti kordinasiya mərkəzi olaraq oxşar layihələrin eyni zamanda təkrarən həyata keçirilməsinin qarşısının alınması və icra olunacaq proqramlarla bağlı mümkün əməkdaşlığın araşdırılmasına yönəlmişdir.  Bu qəbildən olan görüşlər zamanı MSK tərəfindən prioritet olaraq qəbul edilən sahə və məsələlərlə bağlı beynəlxalq təşkilatlara məlumat verilir, mümkün tərəfdaşlıq imkanları müzakirə edilir və fikir mübadiləsi aparılır. Beynəlxalq qurumlarla birgə həyata keçiriləcək bir sıra layihələr artıq işlənib-hazırlanma mərhələsindədir.
2008-ci ilin seçki ili olduğunu nəzərə alaraq MSK KİV-lə sıx olan əlaqələrini daha da intensivləşdirmişdir. KİV nümayəndələri MSK-nın tədbirlərinə dəvət olunur və mütəmadi qaydada lazımi məlumatları əldə edirlər. Ölkə ictimaiyyətinin seçkilərin hazırlanması və keçirilməsilə bağlı məlumatlandırılması məqsədilə fevral və mart ayları ərzində MSK tərəfindən mətbuat konfransları, brifinqlər keçirilmiş, respublikada fəaliyyət göstərən elektron informasiya vasitələrində mütəmadi müsahibələr təşkil olunmuş və mətbuatda bir çox bülleten, müsahibə və məqalələr dərc olunmuşdur. Mətbuat konfransı və brifinqlər sırasına MSK-nın sədri M.Pənahovun fevral və mart ayları üzrə aylıq mətbuat konfransları da daxildir. Tədbirə ölkədə fəaliyyət göstərən KİV nümayəndələri dəvət olunmuşdur. Hər iki mətbuat konfransı zamanı MSK sədri tərəfindən KİV nümayəndələrinə dolğun məlumat verilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır. Bundan başqa MSK-nın digər nümayəndələri də brifinqlər və mətbuatla görüşlər keçirmişdir.

Aprel, 2008
Seçici siyahıları üzərində iş davam etdirilir. Mərkəzi Seçki Komissiyası təqdim olunmuş seçici siyahılarını çap etmiş və təkrar yoxlanaraq təsdiq olunması məqsədilə dairə seçki komissiyalarına qaytarmışdır. Onlar da öz növbəsində məlumatları bir daha dəqiqləşdirərək təsdiq olunmuş siyahıları MSK-ya təhvil vermişlər. Hazırda Mərkəzi Seçki Komissiyası dəqiqləşdirmə prosesi nəticəsində ortaya çıxmış əlavə və düzəlişləri seçicilərin vahid məlumat bazasına daxil edir, siyahılardakı mümkün təkrar və yanlışları ararşdıraraq aradan qaldırır. Dəqiqləşdirilmiş siyahılar MSK-nın internet səhifəsində yerləşdirilir. Seçicilər internet səhifəsində öz adlarını axtarış sistemi, yaxud məntəqələr üzrə tərtib olunmuş siyahılardan istifadə etməklə yoxlaya bilər. Adlarını siyahıda tapmadıqları halda səsvermə hüququ olan vətəndaşlar Mərkəzi Seçki Komissiyasının seçicilər üçün qaynar xəttinə (115 və ya internet səhifəsindəki elektron qaynar xətt) müraciət edə, həmçinin internet səhifəsindəki müvafiq formanı dolduraraq  Mərkəzi Seçki Komissiyasına ünvanlaya bilərlər. Statistik məlumat olaraq qeyd etmək lazımdır ki, Mərkəzi Seçki Komissiyasının qaynar xəttinə aprel ayı ərzində 80-ə yaxın müxtəlif xarakterli müraciət daxil olmuş və müraciətlərə uyğun muvafiq addımlar atılmışdır.
Yaxın vaxtlarda Mərkəzi Seçki Komissiyası seçicilərə öz məlumatlarını siyahılarda yoxlamaq üçün alternativ vasitələr də təqdim etməyi planlaşdırır. Hazırda bu məsələ ilə bağlı müvafiq qurumlarla müzakirələr aparılır və texniki baxımdan ortaya çıxan suallar aydınlaşdırılır. May ayında bu vasitələrdən bəzilərinin artıq seçicilərin istifadəsinə verilməsi nəzərdə tutulur.
Seçiciləri adlarının siyahılarda olub-olmamasını yoxlamağa təşviq etmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə yolu ilə geniş seçici məlumatlandırılması proqramı həyata keçirilir. Bu prosesin daha da genişləndirilərək seçkilərədək davam etməsi nəzərdə tutulur. Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış “Adınızı seçicilər siyahısında yoxlayın” mövzulu təşviqat klipi müxtəlif TV kanalları tərəfindən yayımlanmaqdadır. 
Ölkədə gedən tikinti-quruculuq işləri ilə əlaqədar olaraq bəzi ünvanlarda seçicilərin yaşayış yerlərini dəyişməsi, ünvanların əvəzlənməsi seçici siyahıları üzərində daha da intensiv iş aparılması zərurətini ortaya çıxarır. Bunu nəzərə alaraq, Mərkəzi Seçki Komissiyası mütəmadi olaraq dairələrin ərazisində seçicilərin yerdəyişməsi prosesi haqqında məlumatları alaraq təhlil edir, ünvanını dəyişmiş seçicilərin yeni ünvanları əhatə edən məntəqələrin seçicilər siyahısına daxil edilməsini təmin edir. Seçicilərin sayının artması, onların yerdəyişməsi və ya yeni yaşayış binalarının istifadəyə verilməsi bəzi məntəqələr üzrə seçici sayının qanunla müəyyən olunmuş həddi keçməsinə səbəb olur ki, bu da məntəqələrin hüdudlarının dəyişməsinə və ya yeni məntəqələrin yaranmasına gətirib çıxarır. Mərkəzi Seçki Komissiyası bu prosesi diqqətlə təhlil edərək müvafiq qurumlarla əməkdaşlıq şəraitində qarşıya çıxan problemləri həll edir.   
Qarşıdan gələn 2008-ci il Prezident seçkiləri zamanı seçicilərin səsverməsi üçün məntəqələrin daha münasib və yaxşı vəziyyətdə olan binalarda yerləşdirilməsi qarşıda duran vacib məsələlərdən biridir. Bununla əlaqədar Mərkəzi Seçki Komissiyası yerli hakimiyyətlərlə birgə təklif olunan binaları müəyyən edərək onların səsvermə üçün münasibliyini təhlil edir və dairə seçki komissiyalarına müvafiq tövsiyələr verir. Hazırda bu proses davam edir. 
Azərbaycan Respublikası Seçki Məcəlləsinə əsasən dairə seçki komissiyalarının işinin təşkilinə yardım üçün daimi fəaliyyət göstərən katiblik təsis olunmuşdur. Daimi fəaliyyət göstərən katibliklərdə 6 (texniki personal da daxil olmaqla) əməkdaş faəliyyət göstərir ki, onlar da müvafiq olaraq kargüzarlıq, maliyyə, informasiya təminatı, texniki məsələlər və s. sahələrdə dairə seçki komissiyalarının işinin təşkilinə yardım edir. Katibliyin əsas vəzifələrinə təqdim olunmuş namizədlər Mərkəzi Seçki Komissiyası tərəfindən müsahibədən keçirilmiş, peşəkarlıq səviyyəsi yoxlanılmış və işə qəbul edilmişdır.
Aprel ayı ərzində də bəzi dairə seçki komissiyaları yeni inzibati binalara köçürülmüş yaxud yerləşdiyi binalar əsaslı təmir olunmuşdur. Eyni zamanda, dairə seçki komissiyalarının təchizat məsələləri də bir daha nəzərdən keçirilmiş və ehtiyacı olanlar əlavə lazımi avadanlıqlarla təchiz olunmuşlar. Mərkəzi Seçki Komissiyası həmçinin dairə seçki komissiyalarını fəaliyyətlərini qurmaqda yardımçı olacaq sənəd nümunələri və lazımi hüquqi məlumatlarla da təmin edir.   
Mərkəzi Seçki Komissiyası beynəlxalq (xarici) qurumlarla əməkdaşlığını davam etdirir və onların təmsilçilərilə tez-tez görüşlər keçirir. Xüsusilə, ATƏT-in Bakı ofisi və İFES-lə keçirilən görüşlər mütəmadi xarakter almışdır. Adı çəkilən təşkilatlarla bir sıra birgə layihələr üzərində iş aparılır. Prezident seçkilərilə bağlı layihələrin hazırlanması və icrası beynəlxalq təşkilatların yerli təmsilçiliklərilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir.
25 aprel 2008-ci ildə Mərkəzi Seçki Komissiyası və ATƏT-in Bakı ofisi “Seçkilər KİV-də” mövzusunda birgə seminar təşkil etmişdir. Tədbirə 35 kütləvi informasiya vasitəsi dəvət olunmuşdur. Seminarın əsas məqsədi seçkiqabağı təşviqat və təbliğat zamanı mühüm rol oynayan KİV nümayəndələrinin seçki qanunvericiliyinin tələbləri və mövcud beynəlxalq normalar barədə məlumatlandırılması idi. Tədbirdə Prezident seçkiləri zamanı seçkiqabağı təşviqat, seçki qurumlarının fəaliyyətində aşkarlıq, seçki günü, seçkilərdə KİV-in rolu və s. mövzularda beynəlxalq ekspert və Mərkəzi Seçki Komissiyası nümayəndələri məruzələrlə çıxış etmiş və iştirakçıların suallarını cavablandırmışlar. Seminarda həmçinin Komissiya üzvləri, Aparatın rəsmiləri və beynəlxalq (xarici) qurumların təmsilçiləri də iştirak etmişlər.  
Mərkəzi Seçki Komissiyası KİV-lə əlaqələri daimi əsas prioritetlərdən biri olaraq dəyərləndirir və media nümayəndələri vasitəsilə ictimaiyyətə lazımi məlumatların çatdırlımasına çalışır. Bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilməkdədir. Mərkəzi Seçki Komissiyasının ictimaiyyətlə əlaqələr proqramının tərkib hissələrindən biri də mətbuat brifinqləridir. Mərkəzi Seçki Komissiyası sədrinin KİV üçün növbəti brifinqi aprelin 7-də keçirilmişdir. Brifinqə ölkənin əsas media vasitələrinin nümayəndələri dəvət olunmuşdu. Tədbir zamanı Mərkəzi Seçki Komissiyası sədri cənab M.Pənahov jurnalistlərə görülən işlər barədə ətraflı məlumat vermiş və onların suallarını cavablandırmışdı. 
Bununla yanaşı, Mərkəzi Seçki Komissiyası rəsmiləri müxtəlif telekanalların qonağı olmuş (10 aprel İTV, 18 aprel ANS, 24 aprel İTV) və dəfələrlə ölkə ictimaiyyətini maraqlandıran məsələrlə bağlı xəbər proqramları üçün müsahibələr vermişlər. Bundan əlavə, Mərkəzi Seçki Komissiyası təmsilçilərinin açıqlamaları xəbər agentlikləri tərəfindən yayılmış və mətbuatda dərc olunmuşdur.

May
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası 2008-ci ilin may ayı ərzində də öz fəaliyyətini seçkilərlə bağlı qarşıda duran məsələlərin həlli istiqamətində davam etdirmişdir.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq respublika üzrə seçicilər siyahısı hər il yanvardan may ayınadək dəqiqləşdirilir. Bu il də qanunvericiliyə uyğun olaraq yanvar ayından başlamış bu proses may ayı yekunlaşdırılmışdı. 27 may tarixdə Mərkəzi Seçki Komissiyasının seçici siyahıları ilə bağlı iclası olmuş və siyahının dəqiqləşdirilməsi prosesi rəsmi olaraq başa çatdırılmışdı. Rəsmi olaraq bu proses yekunlaşdırılsa da, Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarına seçici siyahıları ilə işi dayandırmamağı tövsiyə etmişdir. Habelə, seçici siyahıları ilə bağlı qaynar xətlər də fəaliyyətini davam etdirir (115 və ya internet səhifəsindəki elektron qaynar xətt).
Seçici siyahılarının dəqiqləşdirilməsi prosesində Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə də yaxından əməkdaşlıq etmişdir. Belə ki, Daxili İşlər Nazirliyinin malik olduğu vətəndaşların məlumat bazası ilə seçicilər siyahısı arasında müqayisələr aparılmış və seçicilərin məlumatlarının daha da dürüstlüyü təmin olunmuşdur. Seçici siyahılarının bu müddət ərzində dürüstləşdirilmiş son variantının bir nüsxəsi dairə seçki komissiyalarında, digər nüsxəsi isə Mərkəzi Seçki Komissiyasında saxlanılmış, o cümlədən dürüstləşdirilmiş son nüsxə Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilmişdir. Mərkəzi Seçki Komissiyası seçicilərə öz məlumatlarını siyahılarda yoxlamaq məqsədilə mümkün bütün vasitələrdən istifadə imkanı yaradılması üçün bir sıra araşdırmalar aparır. Hazırda bu məsələ ilə bağlı müvafiq qurumlarla müzakirələr aparılır və texniki baxımdan ortaya çıxan suallar aydınlaşdırılır. Tezliklə bu vasitələrdən bəzilərinin artıq seçicilərin istifadəsinə verilməsi nəzərdə tutulur.
Seçiciləri adlarının siyahılarda olub-olmamasını yoxlamağa təşviq etmək məqsədilə həyata keçirilən təbliğat kompaniyası may ayı ərzində də davam etdirilməkdədir. Hazırda seçicilərin diqqətinin siyahılara daha da artırılması və maarifləndirilməsi məqsədilə əlavə televiziya klipi və müxtəlif səpkili çap materialları hazırlanır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinə əsasən, Prezident seçkiləri zamanı ölkə hüdudlarından kənarda yaşayan və ya müddətli xarici ezamiyyətlərdə olan ölkə vətəndaşları da səsvermədə iştirak edir. 2008-ci ilin Prezident seçkiləri ili olduğunu nəzərə alaraq Mərkəzi Seçki Komissiyası respublika hüdudlarından kənarda olan seçicilərin siyahısının hazırlanması və onların səsvermədə iştirakını təmin etmək istiqamətində Xarici İşlər Nazirliyi ilə birgə fəaliyyət göstərir. 
Azərbaycan Respublikası Seçki Məcəlləsinə əlavə və dəyişikliklər may ayında Azərbaycan Respublikası Milli Məclisində müzakirəyə çıxarılmışdır. Müzakirələrdə Mərkəzi Seçki Komissiyası da iştirak etmiş və öz təkliflərini təqdim etmişdir.
Mərkəzi Seçki Komissiyasının əsas fəaliyyət istiqamətlərindən biri də seçkilər sahəsində beynəlxalq (xarici) qurumlarla əməkdaşlıqdır. Bu əməkdaşlıq çərçivəsində tez-tez görüşlər keçirilir. May ayı ərzində bu qəbildən olan görüşlərdən biri də MSK sədri ilə ATƏT-in Bakı ofisinin rəhbəri arasında olmuşdur. 1 mayda keçirilmiş görüş zamanı bir sıra mühüm layihələr, o cümlədən mayın sonunda televiziya kanallarının iştirakı ilə yüksək səviyyəli dəyirmi masanın keçirilməsi müzakirə olunmuşdur. MSK sədri 26 may tarixində Milli Demokratiya İnstitutunun Avrasiya Proqramları üzrə Direktoru ilə də görüşmüşdür. Görüş zamanı MDİ-nun nümayəndəsi təmsil etdiyi təşkilatın seçkiqabağı layihələri haqqında məlumat vermiş və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuşdur. Mayın 19-da Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləriylə də görüş keçirilmişdir. Görüş zamanı MSK sədri həmməruzəçilərə seçkiqabağı görülmüş işlər barədə ətraflı məlumat vermiş, bir sıra məsələlər ətrafında müzakirələr aparılmış və qonaqların sualları cavablandırılmışdır. MSK sədrinin digər bir görüşü isə 31 may tarixində Böyük Britaniya Mərkəzi Seçki Komissiyasının sədri ilə olmuşdur. Qarşılıqlı fikir mübadiləsi edən sədrlər gələcək əməkdaşlıq və təcrübə mübadiləsi ilə bağlı bir sıra məsələləri də müzakirə etmişlər.
Mərkəzi Seçki Komissiyasının gündəliyində duran məsələlərdən biri də KİV-in seçkiləri işıqlandırma sahəsində maarifləndirilməsidir. Bunu nəzərə alaraq, MSK-nın sədri ATƏT-in Bakı ofisi tərəfindən 30 may tarixində “Elektron mətbuatın demokratik seçkilərin təşkilində rolu” mövzusunda təşkil olunmuş yüksək səviyyəli dəyirmi masada iştirak etmişdir. Dəyirmi masaya respublikada fəaliyyət göstərən televiziya kanallarının rəhbərləri və müvafiq sahədə təcrübəsi olan beynəlxalq ekspertlər dəvət olunmuşlar. Tədbirdə MSK sədri müvafiq qanunvericiliyə əsasən seçkilər zamanı televiziya kanalları tərəfindən əməl olunası tələblər, əvvəlki seçkilərdən qazanılmış təcrübələr və bir sıra digər məsələlər barədə iştirakçıları məlumatlandırmış və onları maraqlandıran suallara aydınlıq gətirmişdir. Dəyirmi masa zamanı tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunmuş və beynəlxalq ekspertlər öz qurumlarının təcrübəsindən danışmışlar. Həmçinin MSK-nın nümayəndəsi günün sonunda dəyirmi masanın yekunu olaraq İctimai televiziyada təşkil olunmuş canlı müzakirələrdə də iştirak etmişdir. 
Dairə seçki komissiyalarının katibliklərində fəaliyyət göstərən əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Mərkəzi Seçki Komissiyası bir sıra tədbirlər həyata keçirir.  Belə tədbirlərdən biri də Mərkəzi Seçki Komissiyası tərəfindən dairə seçki komissiyaları katibliklərində çalışan hüquqşünaslar üçün mayın 30-da təşkil olunmuş seminar-təlim olmuşdur. Seminar-təlimdə MSK üzvləri və Aparatın məsul nümayəndələri seçki komissiyalarının fəaliyyətinin hüquqi əsasları, seçki komissiyaları katibliklərində kargüzarlığın aparılması, ərizə, müraciət və şikayətlərə baxılması kimi bir sıra mövzularda mühazirələrlə çıxış etmiş və iştirakçıların suallarını cavablandırmışlar. Tədbirdə həmçinin Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES) eksperti müraciət və şikayətlərə baxılması ilə bağlı beynəlxalq təcrübəni iştirakçılarla bölüşmüşdür.
Dairə seçki komissiyaları katibliklərinin işinin daha da təkmilləşməsi üçün MSK tərəfindən hazırlanmış sənədlər, o cümlədən kargüzarlığın aparılması qaydaları haqqında təlimat, qərarların qeydə alınması kitabı, göndərilən və daxil olan sənədlərin qeydə alınması kitabı, şikayətlərin qeydiyyatı kitabçası və digər bu kimi sənədlər hazırlanaraq çap olunmuş və DSK-lara çatdırılmışdır.
Dairə seçki komissiyalarının iş şəraitinin yaxşılaşdırılması sahəsində aparılan iş də davam etdirilmişdir. May ayı ərzində də bir sıra dairə seçki komissiyaları üçün binaların inşası tamamlanaraq istifadəyə verilmişdir. Bu dairələr sırasında Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dairə seçki komissiyalarının da adı var. 20 ilə yaxın bir müddətdə blokada şəraitində olmasına və Azərbaycanın əsas ərazisi ilə muxtar respublikanı birləşdirən bütün nəqliyyat yollarının Ermənistan tərəfindən kəsilməsi nəticəsində ciddi çətinliklərlə qarşılaşmasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasında 5 dairə seçki komissiyası üçün yeni binalar  tikilmiş, lazımi avadanlıqlarla təchiz edilərək istifadəyə verilmişdir. Hazırda muxtar respublika ərazisində fəaliyyət göstərən digər 2 dairə seçki komissiyası üçün də inzibati binaların tikintisi sona çatdırılmaq üzrədir.
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Prezidentinin 7 may 2008-ci ildə bəzi şəhər və rayonların ərazisi, adları və statusuna dəyişikliklərlə bağlı imzaladığı sərəncamlardan irəli gələn bir sıra məsələləri həll etmişdir. Belə ki, bu dəyişikliklərə müvafiq olaraq 46 saylı Əli Bayramlı seçki dairəsi 46 saylı Şirvan və 101 saylı Xanlar-Daşkəsən seçki dairəsi 101 saylı Göygöl-Daşkəsən seçki dairəsi adlandırılmış, bəzi dairələrin hüdudlarına dəyişikliklər edilməsi istiqamətində işlər görülmüşdür.
May ayı ərzində də yeni binaların istifadəyə verilməsi və həmin binalarda seçicilərin qeydiyyata düşərək məskunlaşması prosesi izlənilmiş və bunun dairə hüdudlarında səbəb ola biləcəyi mümkün dəyişikliklər təhlil olunaraq diqqətdə saxlanılmışdır.
Mərkəzi Seçki Komissiyası KİV-lə əməkdaşlığa böyük əhəmiyyət verir və öz fəaliyyətində şəffaflığın təmin olunması üçün media ilə əlaqələrini daima genişləndirir. Mərkəzi Seçki Komissiyasının bütün iclasları KİV nümayəndələri üçün açıqdır və onlara bu barədə əvvəlcədən məlumat verilir. İclasda iştirak media mənsublarının komissiyanın işi haqqında operativ məlumat əldə etməsinə şərait yaradır. Bundan başqa, MSK mütəmadi olaraq görülmüş işlər, keçirilmiş tədbirlər və görüşlər haqqında mətbuat bülletenləri yayır. MSK sədrinin aylıq brifinqləri ənənə halını almışdır. 27 may tarixində komissiyanın iclasının davamı olaraq keçirilmiş brifinqdə bu ay ərzində MSK-nın fəaliyyətilə bağlı sədr ətraflı məlumat vermiş və media mənsublarının suallarını cavablandırmışdır. 13, 20, 22, 27, 30, 31 may tarixlərində MSK sədri respublikada fəaliyyət göstərən televiziya kanallarının xəbərlər verilişlərinə müsahibələr vermişdir. Əlavə olaraq, may ayı ərzində MSK nümayəndələrinin bir sıra televiziya kanallarında müsahibələri təşkil olunmuşdur. Həmçinin, komissiyanın təmsilçiləri müxtəlif mətbuat vasitələrində məqalələrlə çıxış edir və xəbər agentliklərini maraqlandıran məsələlərlə bağlı mütəmadi olaraq onlara məlumat verir.
Mərkəzi Seçki Komissiyasının Azərbaycan və ingilis dillərində hesabatları komissiyanın internet səhifəsində yerləşdirilir və hər ay elektron poçt vasitəsilə yerli və beynəlxalq (xarici) qurumlara ünvanlanır.

İyun
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2008-ci ilin iyun ayı ərzində göstərdiyi fəaliyyət seçki sahəsində bir sıra məsələlərin öz həllini tapmasına yönəlmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinə əlavə və dəyişikliklər may ayında Azərbaycan Respublikası Milli Məclisində müzakirə olunaraq qəbul edilmişdir. MSK Seçki Məcəlləsinə olan əlavə və dəyişiklikləri ətraflı araşdıraraq təlimatlar və digər sənədlərdə qanunvericiliyin tələbinə uyğun yeniliklərin öz əksini tapması istiqamətində iş aparır. MSK əlavə və dəyişikliklərlə bağlı DSK-ların maarifləndirilməsi üçün də bir sıra tədbirlər planlaşdırır.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar olaraq 12 iyun 2008-ci il tarixdə Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə keçirmişdir. Tədbir zamanı 2006-cı ildə DSK-ların fəaliyyətinin yoxlanılması məqsədilə aparılmış monitorinq zamanı aşkarlanmış nöqsanların aradan qaldırılması üçün atılmış addımlar və qarşıda duran bir sıra vəzifələr müzakirə edilmişdir. Seminar-müşavirə zamanı DSK sədrləri çıxış edərək öz fəaliyyətləri barədə ətraflı məruzə etmişlər. Tədbirə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq (xarici) qurumlar və KİV nümayəndələri də dəvət olunmuşdur.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq respublika üzrə seçicilər siyahısının dəqiqləşdirilməsi may ayı yekunlaşdırılmış və həmin seçici siyahıları Daxili İşlər Nazirliyinin malik olduğu vətəndaşların mövcud məlumat bazası ilə yoxlanılaraq bəzi seçicilərin məlumatlarında yol verilmiş nöqsanlar aradan qaldırılmışdır. Bu proses hal-hazırda da davam etdirilir. Bununla yanaşı, MSK-nın qaynar xətti də fəaliyyətini davam etdirir və daxil olan müraciətlərə operativ baxılaraq müvafiq tədbirlər görülür (115 və ya internet səhifəsindəki elektron qaynar xətt).
2003-cü ildən etibarən MSK-nın internet səhifəsində DSK-larla bağlı məlumatlar yerləşdirilir. Son bir il ərzində DSK-ların yeni inzibati binalarda yerləşdirilməsi prosesi nəticəsində onların ünvanlarında dəyişikliklər olmuşdur ki, MSK da öz növbəsində internet səhifəsində bu məlumatları yeniləmişdir. MSK-nın internet səhifəsində DSK və məntəqə seçki komissiyalarının tərkibi, ünvanları (şəhərlərdə sxematik xəritələri və həmin istiqamətdə hərəkət edən ictimai nəqliyyat vasitələri haqqında məlumat), dairələrin əhatə etdiyi ərazi (hüdudları), seçici siyahıları və bir sıra digər statistik göstəricilər yerləşdirilmişdir. Bundan əlavə, şəffaflığın təmin olunması məqsədilə MSK-nın qərarları, mətbuat bülletenləri və digər lazımi sənədlər internet səhifəsindən əldə oluna bilər.
Seçici siyahılarının dürüstləşdirilmiş son variantı da Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilmiş və seçicilərin axtarış sistemi vasitəsilə öz məlumatlarını yoxlaması təmin edilmişdir. İnternet səhifəsi və axtarış sistemi ilə bağlı seçicilərin məlumatlandırılması məqsədilə geniş miqyaslı təbliğat proqramı həyata keçirilir. Belə ki, internet səhifəsi haqqında məlumatı özündə əks etdirən və seçiciləri internet səhifəsindən istifadə etməklə öz məlumatlarını seçici siyahısında yoxlamağa dəvət edən televiziya klipi MSK tərəfindən hazırlanaraq yayımlanması üçün respublikada fəaliyyət göstərən televiziya kanallarına təqdim edilmişdir. Bununla yanaşı, MSK seçici siyahıları ilə bağlı məlumat kampaniyasına əlavə olaraq “Adınızı seçici siyahısında yoxlamağı unutmayın” və “MSK-nın internet səhifəsi” mövzusunda təşviqat plakatları çap etdirərək dairə seçki komissiyalarına təqdim etmiş və onları əhalinin sıx olduğu yerlərdə asmağı tövsiyə etmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.3.1-ci maddəsinin tələbinə uyğun olaraq məntəqə üzrə seçicilərin sayı 1500-dən artıq olmamalıdır. Azərbaycanda seçicilərin artım dinamikası bəzi məntəqələrdə seçicilərin sayının bu saydan yuxarı qalxmasına rəvac vermişdir. Bu məsələni həll etmək üçün MSK lazımi addımlar atır və müvafiq saydan artıq seçicilərin həmin bələdiyyələr ərazisində yerləşən digər münasib məntəqələrə əlavə olunması imkanlarını araşdırır.
Mərkəzi Seçki Komissiyası beynəlxalq (xarici) qurumlarla əməkdaşlığa böyük əhəmiyyət verir və bu əməkdaşlıq çərçivəsində beynəlxalq ictimaiyyətin təmsilçiləri ilə müxtəlif səviyyələrdə tez-tez görüşlər keçirir. İyun ayı ərzində MSK sədri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin rəhbərlik etdiyi nümayəndə heyəti, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndə heyəti, ABŞ-ın Azərbaycandakı səfiri və digər beynəlxalq təşkilatların nümayəndələri ilə görüşmüşdür. Görüşlər zamanı MSK-nın fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verilmiş və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuşdu.
Mərkəzi Seçki Komissiyası iyun ayı ərzində də KİV-lə əməkdaşlığını davam etdirmiş və komissiyanın fəaliyyəti barədə ölkə ictimaiyyətini mütəmadi olaraq məlumatlandırmışdı. 12 iyun 2008-ci ildə DSK sədrləri üçün keçirilmiş seminar-müşavirədən əvvəl MSK sədri KİV nümayəndələrinin suallarını cavablandırmışdır. MSK təmsilçisi 11 iyun 2008-ci ildə İctimai televiziyada təşkil olunmuş dəyirmi masada iştirak etmişdir. Bundan əlavə, MSK rəsmiləri respublikada fəaliyyət göstərən televiziya kanallarına müsahibələr vermiş, komissiya tərəfindən mətbuat bülletenləri yayılmış və mətbuatda MSK nümayəndələri tərəfindən verilmiş 50-yə yaxın müsahibə, açıqlama və məlumat xarakterli materiallar dərc olunmuşdur.
Yuxarıda sadalanan bütün bu vasitələrdən istifadə etməklə MSK ölkə ictimaiyyətini maraqlandıran suallara aydınlıq gətirməyə çalışmış və seçicilərin seçkilərlə bağlı maarifləndirilməsi istiqamətində addımlar atmışdır.
Mərkəzi Seçki Komissiyasının Azərbaycan və ingilis dillərində hesabatları komissiyanın internet səhifəsində yerləşdirilir və hər ay elektron poçt vasitəsilə yerli və beynəlxalq (xarici) qurumlara ünvanlanır.

İyul
Azərbaycan Respublikası Prezidentinin növbəti seçkilərinin 2008-ci ilin oktyabr ayında keçiriləcəyini nəzərə alaraq Mərkəzi Seçki Komissiyası seçkilər yaxınlaşdıqca öz fəaliyyətini daha da genişləndirməkdədir. Sona çatmış iyul ayı ərzində MSK bir sıra layihələr həyata keçirmişdir.
Seçkilərdə iştirak edən tərəflərin maarifləndirilməsi MSK-nın böyük əhəmiyyət verdiyi sahələrdən biridir. Seçki prosesindəki iştirakçıların Seçki Məcəlləsinin tələbləri ilə yaxından tanış olması üçün bir sıra layihələr həyata keçirilmişdir və hal-hazırda da bu istiqamətdə işlər davam etdirilir. Bu sahədə beynəlxalq qurumlarla da əməkdaşlıq edilir. Bu qəbildən olan layihələrdən biri də MSK-nın Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı və ATƏT-in Bakı ofisi ilə birgə həyata keçirdiyi “Seçki prosesinə müdaxilə” mövzusunda keçirilmiş sessiyalar olmuşdur. Layihə çərçivəsində iyul ayı ərzində 4 sessiya nəzərdə tutulmuşdur ki, bunlardan da ikisi Bakıda (9-10 iyul, 2008), biri Gəncədə (11 iyul, 2008), biri isə Şirvan şəhərində (14 iyul, 2008) keçirilmişdir. Tədbirdə Mərkəzi Seçki Komissiyasının, Prezidentin İcra Aparatının, ATƏT-in Bakı ofisinin nümayəndələri, beynəlxalq ekspertlər, respublika rayonlarının icra hakimiyyətlərinin başçıları və dairə seçki komissiyalarının sədrləri iştirak etmişlər. Tədbirin məqsədi Seçki Məcəlləsi və digər müvafiq qanunvericiliyin tələblərinin, xüsusilə seçki prosesinə müdaxilə ilə bağlı nəzərdə tutulan müddəalar, habelə yerli icra hakimiyyəti orqanlarının və aşağı seçki komissiyaları üzvlərinin rol və vəzifələrinin müzakirəsi idi. Sessiyalar ərzində bir sıra məsələlər aydınlaşdırılmış və seçki prosesinə qanunsuz müdaxilənin yolverilməzliyi ətraflı müzakirə edilmişdir. Bundan başqa, tədbirin gedişində seçki prosesində iştirak edən tərəflər, beynəlxalq seçki standartları barədə də iştirakçılar qarşısında çıxışlar olmuşdur.
2003-cü ildən başlayaraq MSK-nın maarifləndirmə layihələrindən biri də məntəqə seçki komissiyaları üçün treninqlərin keçirilməsi olmuşdur. Bu il layihə daha da genişləndirilmiş və treninqlərin yeni bir formatda keçirilməsi təklif olunmuşdur. Belə ki, əvvəlki seçkilərdə treninqlər MSK-nın 15 trenerdən ibarət qrupu tərəfindən keçirilirdi. Bu ildən etibarən dairə seçki komissiyalarının katiblikləri təsis olunmuşdur ki, bu da treninqlər keçirilməsi üçün həmin katibliklərdə çalışan mütəxəssislərin trener olaraq hazırlanması və sonradan onların aşağı seçki komissiyaları üçün treninqlər keçirməsi imkanının yaranmasına rəvac vermişdir. Bu məqsədlə hər bir dairədən 2 mütəxəssis ayrılmış və trenerlərin treninqində iştirak etmək üçün Bakıya ezam olunmuşlar. Trenerlərin hazırlanmasında MSK bir neçə ildir ki, Avropa Şurası Venesiya Komissiyası ilə yaxından əməkdaşlıq edir. Bu ilki trenerlərin treninqi də Venesiya Komissiyası ilə əməkdaşlıq şəraitində həyata keçirilmişdir. İyul ayının 15-dən 18-dək Bakıda trenerlərin treninqi baş tutmuşdur. Hər biri 125 nəfər olmaqla 2 qrupda keçirilən tədbirdə Venesiya Komissiyasının ekspertləri və MSK-nın təcrübəli trenerləri iştirakçılara seçki günü məntəqə seçki komissiyalarının rol və vəzifələri, komissiyaların işində şəffaflıq, seçki günü prosedurları, səsvermənin nəticəsinin müəyyənləşdirilməsi və protokolların doldurulması, təqdimat bacarıqları və treninqlərin təşkili qaydaları mövzusunda təqdimatlarla çıxış etmiş və sonradan kiçik qruplar şəklində praktiki məşğələlər zamanı konkret prosedurlar izah olunmuşdur. Treninqlərin sonunda iştirakçılar seçki prosedurlarını əks etdirən sınaq suallarını cavablandırmışlar. 
2008-ci ilin yanvarından etibarən fəaliyyətə başlayan dairə seçki komissiyaları katibliklərinin bütün sahələrdə öz işlərinin öhdəsindən  peşəkarcasına gəlmələri üçün MSK öz maarifləndirmə layihələrini davam etdirir. DSK-ların fəaliyyətinin tərkib hissəsi olan kargüzarlığın müvafiq qaydalara uyğun aparılması məqsədilə DSK katibliklərinin bu sahəyə məsul əməkdaşları üçün iyulun 22-dən 24-dək treninqlər təşkil edilmişdir. Treninq zamanı iştirakçılara Azərbaycan Respublikası Prezidenti tərəfindən 27 sentyabr 2003-cü ildə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın müddəaları və seçki komissiyalarının qərarlarının və iclas protokollarının tərtibi barədə ətraflı məlumat verilmiş və praktikada istifadə olunan sənəd nümunələri nümayiş etdirilmişdir. Treninqin sonunda iştirakçıların prosedurları yaxından izləməsi üçün praktiki məşğələlər keçirilmiş və DSK nümayəndələrini maraqlandıran suallar cavablandırılmışdır. Treninqlər kargüzarlığın aparılması sahəsində peşəkarlığın artırılmasına xidmət edirdi.
MSK tərəfindən həyata keçirilən digər bir treninq DSK katibliklərində çalışan kompüter mütəxəssislərini əhatə etmişdir. İyul ayının 1-dən 25-dək kiçik qruplarda keçirilən treninqlər zamanı mütəxəssislərə Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi, mövcud məlumat ötürmə şəbəkəsi, seçkilərlə bağlı istifadə edilən proqram təminatı və bir sıra digər məsələlərlə bağlı məlumat verilmiş və təcrübi məşğələlər vasitəsilə onların bu məlumatları necə əxz etdiyi yoxlanılmışdır.
MSK qarşıdan gələn Prezident seçkilərinə hazırlıqla bağlı dairə seçki komissiyalarının təchizatını araşdırır və çatışmamazlıqların aradan qaldırılması ilə bağlı addımlar atır. Təchizatla bağlı müraciətlərə əsasən bəzi DSK-ların daşınan və daşınmaz seçki qutuları, seçicilərin barmaqlarının yoxlanması üçün ultrabənövşəyi lampalar və bir sıra digər ləvazimatlarla bağlı ehtiyacları araşdırılmış və müvafiq tədbirlər görülmüşdür. DSK-ların digər lazımi texniki avadanlıqlarla təchizatı məsələsinin həlli istiqamətində də iş aparılır. Həmçinin onu da qeyd etmək lazımdır ki, bu il DSK-lara verilmiş yeni kompüterlər lazımi məlumatötürücü proqramlarla da təmin olunmuş və istifadəyə hazır vəziyyətə gətirilmişlər. 
Prezident seçkiləri yaxınlaşdıqca Mərkəzi Seçki Komissiyasının iclasları daha sıx keçirilir. İyul ayı ərzində komissiya üç iclas keçirmişdir. 28 iyul 2008-ci il tarixli iclası zamanı komissiya növbəti prezident seçkilərinin 15 oktyabr 2008-ci ildə keçiriləcəyini elan etdi. Bu ay ərzində keçirilmiş iclaslarda 10 qərar qəbul olunmuşdur. O cümlədən, iyul ayı MSK Azərbaycan Respublikası prezidentinin seçkilərində prezidentliyə namizədliyin irəli sürülməsi, imza vərəqələrində, habelə namizədlərin təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması, seçkilərdə (referendumda) vəkil edilmiş şəxslərin statusu, namizədin, siyasi partiyaların səlahiyyətli nümayəndələrinin statusu, yerli müşahidənin aparılması qaydaları, beynəlxalq (xarici) müşahidəçilərin fəaliyyət qaydaları, KİV-də seçkiqabağı təşviqatın aparılması qaydaları və buna nəzarət üzrə Mərkəzi Seçki Komissiyasının nəzdində mətbuat qrupu və bir sıra digər seçki məsələləri ilə bağlı 20 təlimat, qayda, izah, habelə qarşıdan gələn prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planını təsdiq etmişdir. 2000-ci ildən etibarən formalaşmış ənənəyə uyğun olaraq iclaslara beynəlxalq (xarici) qurumların nümayəndələri və KİV təmsilçiləri də dəvət olunmuş və iştirak etmişlər.
Seçici siyahılarının dəqiqləşdirilməsi iyul ayı da davam etdirilmiş və   DSK-lar müvafiq qurumlardan seçicilərin yerdəyişməsi ilə bağlı məlumatları mütəmadi olaraq almış və MSK-nı bununla bağlı məlumatlandırmışdır. Əvvəlki aylarda olduğu kimi, bu ay ərzində də MSK-nın qaynar xəttinə 1275 müraciət daxil olmuşdur. Həmçinin iyul ayınadək yalnız seçici siyahıları ilə bağlı fəaliyyət göstərən 115 nömrəli qaynar xətt artıq bu aydan etibarən ümumilikdə seçkilərlə bağlı qaynar xəttə çevrilmiş və intellektual platforma vasitəsilə avtomatlaşdırılmışdır. Bu istiqamətdə görülən işlər hal-hazırda da davam etdirilir.
DSK-ların hüquqi-metodiki vəsaitlərlə təminatı baxımından görülən işlər iyul ayında da fasiləsiz aparılmışdır. Belə ki, əlavə və dəyişiklikləri əks etdirən Seçki Məcəlləsi və MSK tərəfindən qəbul olunmuş təlimat, qayda və izahlar kitabça şəklində 2 cilddə çap olunaraq hər bir dairə və məntəqə seçki komissiyası üzvünə 1 ədəd olmaqla paylanılmışdır. Hal-hazırda maarifləndirmə məqsədilə aşağı seçki komissiyası üzvləri, müşahidəçilər, namizədlərin vəkil edilmiş şəxsləri və seçki prosesinin digər iştirakçıları üçün yaddaşlar hazırlanmaqdadır.
MSK-nın fəaliyyəti iyul ayı ərzində də KİV üçün tam açıq olmuş və komissiyanın fəaliyyəti barədə ölkə ictimaiyyəti mütəmadi olaraq məlumatlandırılmışdır. MSK sədri KİV üçün mütəmadi brifinqlər keçirir. İyul ayında 4 brifinq keçirmişdir ki, həmin bu brifinqlər zamanı sədr media nümayəndələrinə MSK-nın fəaliyyəti barədə məlumat vermiş və onları maraqlandıran sualları cavablandırmışdır. MSK təmsilçiləri iyul ayı ərzində televiziya kanalları üçün müxtəlif mövzularda 20-yə yaxın müsahibə vermiş və bir sıra mətbuat vasitələrində isə 40-dan artıq müsahibə, açıqlama və məlumat xarakterli materiallar dərc olunmuşdur. Bundan əlavə, ay ərzində keçirilmiş bütün tədbir və iclaslarda KİV nümayəndələri iştirak etmiş və həmin tədbirlərlə bağlı mətbuat bülletenləri yayılmışdır. Ölkə ictimaiyyətinin qarşıdan gələn 15 oktyabr Prezident seçkiləri ilə bağlı məlumatlandırılması istiqamətində KİV-lə əməkdaşlıq MSK-nın önəm verdiyi məsələlərdən biridir.
Əvvəllər olduğu kimi, iyul ayında da dairə və məntəqələr üzrə seçicilərin sayının dəyişməsi ilə bağlı müşahidə və təhlillər aparılmışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.3.1-ci maddəsi seçki məntəqəsi üzrə seçicilərin sayının 1500-dən yuxarı olmamasını nəzərdə tutur. Bununla bağlı olaraq, MSK seçki məntəqələri üzrə seçicilərin sayını diqqət mərkəzində saxlayır. İyul ayı məntəqələrdə seçicilərin sayı izlənilmiş və bu sayın tələb olunan say məhdudiyyətini keçməsi müşahidə olunduqda müvafiq addımlar atılaraq məntəqənin hüdudlarında dəyişiklik olunmuş yaxud yeni məntəqə yaradılmışdır. Bu barədə müvafiq məlumat komissiyanın internet səhifəsində yerləşdirilir və mütəmadi olaraq yenilənir. 
Seçkilərə dair bütün sənədlər Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilir.  İnternet səhifəsində seçki sənədlərindən başqa, Mərkəzi Seçki Komissiyasının tərkibi, fəaliyyəti, MSK Katibliyinin strukturu, Seçki Məcəlləsi, aylıq hesabatlar, qəbul olunmuş qərarlar, təlimat, qayda və izahlar, əvvəlki seçkilər barədə məlumatlar, dairə və məntəqə seçki komissiyalarının tərkibi və ünvanları (şəhərlərdə sxematik xəritələri və həmin istiqamətdə hərəkət edən ictimai nəqliyyat vasitələri haqqında məlumat), dairələrin əhatə etdiyi ərazi (dairə hüdudları), bir sıra statistik göstəricilər, seçici siyahıları, mətbuat üçün məlumatlar və bir sıra digər materiallar yerləşdirilmişdir. Sözügedən məlumatlar mütəmadi olaraq yenilənir və müvafiq əlavələr olunur.
Yuxarıda sadalanan bütün bu vasitələrdən istifadə etməklə MSK ölkə ictimaiyyətini maraqlandıran suallara aydınlıq gətirməyə çalışmış və seçicilərin seçkilərlə bağlı maarifləndirilməsi istiqamətində addımlar atmışdır.
Mərkəzi Seçki Komissiyasının Azərbaycan və ingilis dillərində hesabatları komissiyanın internet səhifəsində yerləşdirilir və hər ay elektron poçt vasitəsilə yerli və beynəlxalq (xarici) qurumlara ünvanlanır.

Avqust
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən, ölkədə növbəti prezident seçkiləri 15 oktyabr 2008-ci ildə keçiriləcək. Seçkilərə yaxınlaşdıqca MSK öz fəaliyyətini daha da intensivləşdirir. Bu baxımdan, avqust ayı MSK-nın genişmiqyaslı və intensiv fəaliyyətilə xüsusən nəzərə çarpır.
Azərbaycan Respublikası Prezidentinin seçkiləri elan edildikdən sonra keçən bir ay müddətində MSK-nın 8 iclası keçirilmiş və Komissiya tərəfindən 51 qərar və 9 yeni hüquqi-normativ akt ekspertizadan keçirilərək qəbul edilmiş və bir sıra digər sənədlərdə müvafiq dəyişikliklər olunmuşdur.
Komissiya qarşıdan gələn prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planında avqust ayı üçün nəzərdə tutulan tədbirləri həyata keçirmişdir.
Avqust ayında Azərbaycan Respublikası Seçki Məcəlləsinə əsasən MSK-nın qərarı ilə namizədlərin təqdim etdiyi imza vərəqələri və onlara əlavə edilmiş sənədlərdəki məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə müvafiq qurumların mütəxəssislərindən ibarət İşçi qrup və müraciət və şikayətlərin araşdırılması üzrə 9 üzvdən ibarət Ekspert qrupu yaradılmışdır.
Seçkilər elan edildikdən sonra siyasi partiyalar tərəfindən 6, seçicilərin təşəbbüs qrupu tərəfindən 1 və öz təşəbbüsü ilə isə 13 vətəndaşın prezidentliyə namizədliyi irəli sürülmüş və təsdiq edilmişdir.
Yeni Azərbaycan Partiyası tərəfindən cənab İlham Əliyevin namizədliyi irəli sürülmüş, tələb olunan sayda imza toplanaraq digər sənədlərlə birgə MSK-ya təqdim olunmuş və avqustun 16-da namizədliyi qeydə alınmışdır. Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İqbal Ağazadənin namizədliyi təqdim olunmuş imza və sənədlər yoxlanıldıqdan sonra 30 avqustda qeydə alınmışdır. 
Bu müddət ərzində, siyasi partiyalar və namizədlər tərəfindən təyin edilmiş səlahiyyətli nümayəndələr MSK tərəfindən qeydə alınmış və onlara müvafiq lövhəciklər verilmişdir. Həmçinin, bütün respublika ərazisində müşahidə aparmaq və seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün xüsusi icazə ilə bağlı müraciət edən 115 nəfər Azərbaycan Respublikası vətəndaşı akkreditə edilmiş və onlara müşahidəçi lövhəciyi verilmişdir.
Bütün bunlarla yanaşı, MSK maarifləndirmə səpkili müxtəlif treninq, seminar və konfranslar da keçirmişdir.
Seçkilər zamanı iştirakçıların öz işinin öhdəsindən peşəkarcasına gəlməsi prosesin daha da təkmil olmasına rəvac verən ən mühüm amillərdəndir. Məhz bunu nəzərə alaraq, Mərkəzi Seçki Komissiyası (MSK) maarifləndirmə məqsədilə bir sıra layihələr həyata keçirir. Avqust ayında da bu qəbildən olan tədbirlər davam etdirilmişdir. 
MSK-nın 2002-ci ildən etibarən seçkilərlə bağlı həyata keçirdiyi ən mühüm layihələrdən biri də məntəqə və dairə seçki komissiyaları üçün treninq proqramıdır. Bu il əvvəlki illərdən fərqli olaraq, MSK Avropa Şurası Venesiya Komissiyası ilə birgə hər seçki dairəsi üçün 2 treyner hazırlamış və onlar səsvermə prosesi və bununla əlaqədar prosedurlar, təqdimat bacarıqları və bir sıra lazımi məsələlərlə bağlı təlimatlandırılmışlar. MSK-nın Treninq qrupu dairələr üzrə dairə və məntəqə seçki komissiyalarının (DSK və MnSK) treninqləri üçün müvafiq layihə hazırlamışdır. Layihəyə uyğun olaraq, MSK Treninq qrupu aşağı seçki komissiyaları üzvlərinin treninqi üçün lazımi məlumatları əks etdirən xüsusi yardımçı slaydlar hazırlayaraq onları disklərdə dairələr üzrə treninq qruplarına təqdim etmişdir. Avqustun 14-dən etibarən MSK Treninq qrupunun üzvləri regionlara ezam olunmuşdur. 15-16 avqustda dairələr üzrə treninq qruplarının üzvləri üçün hazırlıq treninqləri keçirilmiş, onlara keçirəcəkləri treninq proqramı, əhatə edəcəkləri mövzular və digər məsələlərlə bağlı təlimatlar verilmişdir. MSK Treninq qrupunun təqdim etdiyi cədvələ əsasən dairələr üzrə treninq qrupları avqustun 17-dən etibarən aşağı seçki komissiyalarının kiçik qruplar şəklində, əyani vəsaitlərdən istifadə etməklə treninqinə başlamış və bu proses avqustun 30-dək davam etmişdir. Treninq çərçivəsində aşağı seçki komissiyası üzvləri seçki prosesi ilə bağlı ətraflı məlumatlandırılmışlar. MSK Treninq qrupunun üzvləri məsul olduqları regionlarda əvvəlcədən məlumat vermədən müxtəlif dairələrdə treninq prosesinə qatılmış, prosesin necə həyata keçirilməsini müşahidə etmiş və lazım gəldikdə yerli trenerlərə müvafiq tövsiyələr vermişlər. Habelə, bu treninqlər zamanı hər bir MnSK üzvünə “Seçki Günü üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokolun nümunə nüsxələri və bir sıra digər sənəd nümunələri təqdim olunmuşdur. Bütünlükdə bu treninqlərdə 26000-dən artıq komissiya üzvü və DSK katibliyi əməkdaşı iştirak etmişdir.
Seçkilərə hazırlıq məqsədilə həyata keçirilən maarifləndirmə layihəsinin tərkib hissəsi olan “Şikayət və müraciətlərə baxılması” üzrə treninq 21-22 və 25-26 avqust tarixlərində Bakıda reallaşdırıldı. MSK-nın Avropa Şurası Venesiya Komissiyası və Seçki Sistemləri üzrə Beynəlxalq Fondla (İFES) birgə keçirdiyi bu treniniqdə 125 DSK-nın şikayət və müraciətlərə baxılmasına məsul olan nümayəndələri iştirak etmişdir. Treninqdə MSK, Venesiya Komissiyası və İFES-in ekspertləri iştirakçılara şikayət və müraciətlərə baxılması ilə bağlı MSK-nın təlimatı, bu məqsədlə DSK-larda təsis olunmuş ekspert qruplarının tərkibi və fəaliyyəti, şikayət və müraciətlərə baxılmasının metod və strategiyaları ilə əlaqədar beynəlxalq təcrübə, qərar nümunələri və onların əsaslandırılması haqqında ətraflı məlumat vermiş və praktiki məşğələlər zamanı ortaya çıxa biləcək hallar və atılası addımlar müzakirə edilmişdir. Tədbirdə beynəlxalq qurumların və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri də yaxından iştirak etmişlər.
MSK keçən avqust ayı da beynəlxalq qurumlarla sıx əməkdaşlığını davam etdirmişdir. Belə ki, avqust ayı ərzində respublikaya səfər etmiş beynəlxalq təşkilatların nümayəndə heyətləri, Bakıdakı beynəlxalq (xarici) qurumlar və səfirliklərin təmsilçiləri, xarici KİV nümayəndələri ilə 10-dan artıq görüş keçirilmişdir. Bu görüşlər zamanı qonaqlara seçkilərə hazırlıq və seçkiqabağı vəziyyət barədə məlumat verilmiş və qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılmışdır. Habelə, formalaşmış ənənəyə uyğun olaraq beynəlxalq (xarici) qurumların təmsilçiləri MSK-nın iclaslarına dəvət edilmiş və iştirak etmişlər.
MSK təmsilçiləri Azərbaycan Diplomatiya Akademiyasının avqustun 13-də təşkil etdiyi “Azərbaycanlılar və Amerikalılar: Bir-birimizi necə görürük” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmişlər. İki ölkə ictimaiyyətinin bir-birini daha yaxından tanıması və orada gedən proseslər barədə məlumat əldə etməsi məqsədilə keçirilən bu tədbirdə həmçinin hər iki ölkənin seçki prosesi barədə də maraqlı fikir mübadiləsi aparılmışdır. Azərbaycan hökuməti təmsilçiləri, ABŞ-ın və Azərbaycanın bir sıra nüfuzlu KİV nümayəndələri və yerli QHT-lərin də qatıldığı konfrans faydalı olmuşdur.
MSK nümayəndələrinin iştirak etdiyi digər bir tədbir avqustun 26-da Avropa Şurasının Azərbaycandakı ofisinin təşkil etdiyi “Media və seçkilər: Medianın demokratik öhdəliyi” mövzusunda konfrans olmuşdur. Media nümayəndələrinin qatıldığı tədbirdə bir sıra maraqlı müzakirələr aparılmışdır.
MSK təmsilçisi həmçinin 26 avqustda Azərbaycanda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi qrupu tərəfindən təşkil olunmuş “Avropa Şurası Venesiya Komissiyasının və ATƏT DTİHB-nın Azərbaycan Respublikası Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı tövsiyələrinə dair rəy və təkliflər” mövzusunda keçirilmiş dəyirmi masada da iştirak etmişdir. 
Seçkilərin Seçki Məcəlləsinə və MSK təlimatlarına uyğun təşkili məqsədilə bir sıra addımlar atılmışdır.
Seçki Məcəlləsinin 112-1-ci maddəsinə və MSK-nın müvafiq təlimatına əsasən vətəndaşların seçki hüquqlarının pozulması ilə bağlı şikayət və müraciətlərinin araşdırılması məqsədilə hər bir seçki dairəsində 3 nəfərdən ibarət ekspert qrupları yaradılmışdır.
Əvvəlki aylarda olduğu kimi seçicilərin artım dinamikası diqqətlə nəzərdən keçirilmiş və Seçki Məcəlləsinin 35.3.1-ci maddəsinin tələbinə uyğun olaraq seçicilərin sayı 1500-dən artıq olan məntəqələrə malik 65 seçki dairəsində 166 yeni seçki məntəqəsi formalaşdırılmışdır. Yeni yaradılmış seçki məntəqələrinin seçici siyahılarında olan seçicilərin məlumatları dairə üzrə seçicilərin məlumat bazasına daxil edilmiş, ünvanları və digər göstəriciləri MSK-nın internet səhifəsində yerləşdirilmişdir.
MSK aşağı seçki komissiyalarının tam tərkibdə formalaşdırılması məsələsini müzakirə etmiş, Seçki Məcəlləsində göstərilmiş prosedur qaydalara əsasən DSK-lardakı boş yerlərə üzvlərin təyin olunmasına başlanmışdır.
DSK və MnSK-ların texniki təchizatı da bir daha nəzərdən keçirilmişdir. DSK-lar MnSK üzvləri üçün treninqlərin və digər maarifləndirmə kurslarının təşkili zamanı istifadə olunması üçün proyektor, ekran və digər lazımi avadanlıqlarla təchiz olunmuşdur. MnSK-ların ehtiyacları da ətraflı araşdırılmış, seçki qutuları, səsvermə kabinələri  və digər seçki ləvazimatlarının yararlılığı öyrənilmiş və artıq sıradan çıxmış avadanlıqlarının yeniləri ilə əvəzlənməsi istiqamətində müvafiq addımlar atılmışdır.
Avqust ayı ərzində, seçicilərin seçkilərlə bağlı maarifləndirilməsi və səsverməyə təşviqi də diqqət mərkəzində olmuşdur.
Gənclər və İdman Nazirliyinin ilk dəfə səs verəcək seçicilərlə keçirdiyi görüşlərdə MSK-nın əməkdaşları və ya DSK üzvlərinin iştirakı MSK tərəfindən tövsiyə edilmişdir. Həmin görüşlər zamanı seçicilərə səsvermə proseduru və ortaya çıxa biləcək istisna hallarla bağlı ətraflı məlumat verilmişdir.   
MSK seçiciləri seçkilərdə iştiraka dəvət edən, onları adlarını seçici siyahısında yoxlamağa çağıran, MSK-nın internet səhifəsi barədə məlumat verən plakatlar və qarşıdan gələn prezident seçkilərinin hazırlanıb keçirilməsinə dair təqvim planını böyük (A1) formatda çap edərək DSK-lara təqdim etmiş və onlar da öz növbəsində bu materialları əhalinin sıx olduğu yerlərdə və MnSK-larda asmışlar.
Aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsində hüquqi-metodiki vəsaitlərin rolu mühümdür. MSK bunu nəzərə alaraq qəbul olunmuş təlimat, izah və qaydaları kitabça şəklində çap edir. Avqust ayı bu kitabçaların 6 cildi, təqvim planı və “Seçki günü üçün yaddaş” kitabçası çap olunmuş və hər bir DSK və MnSK üzvünə bir nüsxə, həmçinin seçki dairəsi və məntəqəsinin məlumat guşəsində saxlanılması üçün əlavə nüsxələr paylanılmışdır.
Seçici siyahılarının dəqiqləşdirilməsi avqust ayı da davam etdirilmişdir. Seçicilərin öz adlarını siyahılarda yoxlaması üçün intensiv təşviqat kompaniyası elektron KİV-də davam etdirilmişdir. DSK-lar rayonlarda müvafiq yerli qurumlarla əməkdaşlıq şəraitində seçicilərin dairə üzrə hərəkətinə uyğun olaraq seçici siyahılarında lazımi düzəlişlər etmiş və bu barədə mütəmadi olaraq MSK-nı məlumatlandırmışlar. MSK sədri cənab Məzahir Pənahovun avqustun 12-də KİV vasitəsilə ölkədə fəaliyyət göstərən idarə, müəssisə, təşkilat, şirkət və digər qurumların rəhbərliklərinə müraciət edərək əməkdaşlarının öz adlarını seçici siyahılarında yoxlamasına şərait yaratmalarını tövsiyə etmişdir. 
Seçkilərlə əlaqədar 115 nömrəli və online qaynar xəttə avqust ayı ərzində 1800-ə yaxın müraciət daxil olmuşdur ki, bunlardan da 1604-nün əsaslı olması müəyyənləşdirilmiş və müvafiq tədbirlər görülmüşdür.  
Seçkilər yaxınlaşdıqca ictimaiyyətin məlumatlandırılması MSK üçün daha da mühüm əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq, MSK avqust ayı ərzində də KİV-lə yaxından əməkdaşlıq etmiş və onlara seçkilərə hazırlıqla bağlı mütəmadi məlumat vermişdir. Komissiyanın işində şəffaflığın təmin olunması məqsədilə MSK-nın iclasları KİV üçün açıq olmuş və iclasların vaxtı barədə onlar əvvəlcədən məlumatlandırılmışlar. 
MSK üzvləri və əməkdaşlarının müxtəlif mövzularda 35-dən artıq çıxış, müsahibə və açıqlamaları elektron KİV-də işıqlandırılmışdır. 21 avqustda MSK sədri əvvəlki aylarda olduğu kimi yerli KİV nümayəndələri üçün brifinq keçirmişdir. Brifinqdə sədr MSK-nın həyata keçirdiyi son tədbirlər, seçkilərə hazırlıq istiqamətində görülmüş işlər barədə məlumat vermiş və jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.
Mətbuat vasitələrində də MSK-nın fəaliyyəti ilə bağlı geniş məlumat verilmiş, iclaslar, təşkil olunmuş tədbirlər barədə mətbuat bülletenləri, açıqlamalar və məqalələr çap edilmişdir. Həmçinin, Seçki Məcəlləsinə uyğun olaraq komissiyanın qəbul etdiyi qərar və normativ aktlar rəsmi mətbu orqan olan “Azərbaycan” qəzetində dərc edilmişdir. Qəzetlərdə MSK-nın fəaliyyətilə bağlı 400-ə yaxın material dərc olunmuşdur. Bunlarla yanaşı, MSK nümayəndəsi “Exo” qəzetinin təşkil etdiyi “Exo - Forum”da iştirak edərək internet vasitəsilə yönəlmiş sualları cavablandırmışdır. 15 oktyabr Prezident seçkiləri ilə bağlı seçicilərin məlumatlandırılması istiqamətində KİV-lə əməkdaşlıq davam etdirilir.
MSK ictimaiyyətin asanlıqla əldə etməsi üçün seçkilərlə bağlı məlumatları öz internet səhifəsində yerləşdirir və mütəmadi olaraq yeniləyir. Avqust ayı ərzində davam etmiş namizədlərin təsdiqi və qeydiyyatı prosesi barədə məlumat, MSK-nın qəbul etdiyi qərarlar, normativ-hüquqi aktlar, təqvim planı, sənəd formaları və fəaliyyətlə bağlı mətbuat bülletenləri operativ olaraq Azərbaycan və ingilis dillərində internet səhifəsində yerləşdirilmişdir. Həmçinin DSK-ların yeni inzibati binalarının fotoşəkli və komissiyaların tərkibindəki dəyişikliklər də internet səhifəsində öz əksini tapmışdır. Habelə internet səhifəsindəki elektron poçt ünvanları vasitəsilə  seçicilər öz müraciət, təklif və rəylərini MSK-ya ünvanlamaqdadır. 
Seçkilərin azad, ədalətli keçirilməsi, aşağı seçki komissiyası üzvlərinin peşəkarlığının artırılması, seçici siyahılarının dəqiqləşdirilməsi, Komissiyanın işində şəffaflıq, ictimaiyyətin seçkilərlə bağlı maarifləndirilməsi, beynəlxalq qurumlarla əməkdaşlıq və bütün bu sadalananları şərtləndirən istiqamətlərdə MSK öz fəaliyyətini davam etdirir.

Mərkəzi Seçki Komissiyasının Azərbaycan və ingilis dillərində hesabatları komissiyanın internet səhifəsində yerləşdirilir və hər ay elektron poçt vasitəsilə yerli və beynəlxalq (xarici) qurumlara ünvanlanır.

Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası