. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ HESABATI

1
AZƏRBAYCAN RESPUBLİKASI

MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
HESABATI

Avqust, 2008

www.msk.gov.az
www.cec.gov.az
www.infocenter.gov.az


Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən, ölkədə növbəti prezident seçkiləri 15 oktyabr 2008-ci ildə keçiriləcək. Seçkilərə yaxınlaşdıqca MSK öz fəaliyyətini daha da intensivləşdirir. Bu baxımdan, avqust ayı MSK-nın genişmiqyaslı və intensiv fəaliyyətilə xüsusən nəzərə çarpır.
Azərbaycan Respublikası Prezidentinin seçkiləri elan edildikdən sonra keçən bir ay müddətində MSK-nın 8 iclası keçirilmiş və Komissiya tərəfindən 51 qərar və 9 yeni hüquqi-normativ akt ekspertizadan keçirilərək qəbul edilmiş və bir sıra digər sənədlərdə müvafiq dəyişikliklər olunmuşdur.
Komissiya qarşıdan gələn prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planında avqust ayı üçün nəzərdə tutulan tədbirləri həyata keçirmişdir.
Avqust ayında Azərbaycan Respublikası Seçki Məcəlləsinə əsasən MSK-nın qərarı ilə namizədlərin təqdim etdiyi imza vərəqələri və onlara əlavə edilmiş sənədlərdəki məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə müvafiq qurumların mütəxəssislərindən ibarət İşçi qrup və müraciət və şikayətlərin araşdırılması üzrə 9 üzvdən ibarət Ekspert qrupu yaradılmışdır.
Seçkilər elan edildikdən sonra siyasi partiyalar tərəfindən 6, seçicilərin təşəbbüs qrupu tərəfindən 1 və öz təşəbbüsü ilə isə 13 vətəndaşın prezidentliyə namizədliyi irəli sürülmüş və təsdiq edilmişdir.
Yeni Azərbaycan Partiyası tərəfindən cənab İlham Əliyevin namizədliyi irəli sürülmüş, tələb olunan sayda imza toplanaraq digər sənədlərlə birgə MSK-ya təqdim olunmuş və avqustun 16-da namizədliyi qeydə alınmışdır. Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İqbal Ağazadənin namizədliyi təqdim olunmuş imza və sənədlər yoxlanıldıqdan sonra 30 avqustda qeydə alınmışdır. 
Bu müddət ərzində, siyasi partiyalar və namizədlər tərəfindən təyin edilmiş səlahiyyətli nümayəndələr MSK tərəfindən qeydə alınmış və onlara müvafiq lövhəciklər verilmişdir. Həmçinin, bütün respublika ərazisində müşahidə aparmaq və seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün xüsusi icazə ilə bağlı müraciət edən 115 nəfər Azərbaycan Respublikası vətəndaşı akkreditə edilmiş və onlara müşahidəçi lövhəciyi verilmişdir.
Bütün bunlarla yanaşı, MSK maarifləndirmə səpkili müxtəlif treninq, seminar və konfranslar da keçirmişdir.
Seçkilər zamanı iştirakçıların öz işinin öhdəsindən peşəkarcasına gəlməsi prosesin daha da təkmil olmasına rəvac verən ən mühüm amillərdəndir. Məhz bunu nəzərə alaraq, Mərkəzi Seçki Komissiyası (MSK) maarifləndirmə məqsədilə bir sıra layihələr həyata keçirir. Avqust ayında da bu qəbildən olan tədbirlər davam etdirilmişdir. 
MSK-nın 2002-ci ildən etibarən seçkilərlə bağlı həyata keçirdiyi ən mühüm layihələrdən biri də məntəqə və dairə seçki komissiyaları üçün treninq proqramıdır. Bu il əvvəlki illərdən fərqli olaraq, MSK Avropa Şurası Venesiya Komissiyası ilə birgə hər seçki dairəsi üçün 2 treyner hazırlamış və onlar səsvermə prosesi və bununla əlaqədar prosedurlar, təqdimat bacarıqları və bir sıra lazımi məsələlərlə bağlı təlimatlandırılmışlar. MSK-nın Treninq qrupu dairələr üzrə dairə və məntəqə seçki komissiyalarının (DSK və MnSK) treninqləri üçün müvafiq layihə hazırlamışdır. Layihəyə uyğun olaraq, MSK Treninq qrupu aşağı seçki komissiyaları üzvlərinin treninqi üçün lazımi məlumatları əks etdirən xüsusi yardımçı slaydlar hazırlayaraq onları disklərdə dairələr üzrə treninq qruplarına təqdim etmişdir. Avqustun 14-dən etibarən MSK Treninq qrupunun üzvləri regionlara ezam olunmuşdur. 15-16 avqustda dairələr üzrə treninq qruplarının üzvləri üçün hazırlıq treninqləri keçirilmiş, onlara keçirəcəkləri treninq proqramı, əhatə edəcəkləri mövzular və digər məsələlərlə bağlı təlimatlar verilmişdir. MSK Treninq qrupunun təqdim etdiyi cədvələ əsasən dairələr üzrə treninq qrupları avqustun 17-dən etibarən aşağı seçki komissiyalarının kiçik qruplar şəklində, əyani vəsaitlərdən istifadə etməklə treninqinə başlamış və bu proses avqustun 30-dək davam etmişdir. Treninq çərçivəsində aşağı seçki komissiyası üzvləri seçki prosesi ilə bağlı ətraflı məlumatlandırılmışlar. MSK Treninq qrupunun üzvləri məsul olduqları regionlarda əvvəlcədən məlumat vermədən müxtəlif dairələrdə treninq prosesinə qatılmış, prosesin necə həyata keçirilməsini müşahidə etmiş və lazım gəldikdə yerli trenerlərə müvafiq tövsiyələr vermişlər. Habelə, bu treninqlər zamanı hər bir MnSK üzvünə “Seçki Günü üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokolun nümunə nüsxələri və bir sıra digər sənəd nümunələri təqdim olunmuşdur. Bütünlükdə bu treninqlərdə 26000-dən artıq komissiya üzvü və DSK katibliyi əməkdaşı iştirak etmişdir.
Seçkilərə hazırlıq məqsədilə həyata keçirilən maarifləndirmə layihəsinin tərkib hissəsi olan “Şikayət və müraciətlərə baxılması” üzrə treninq 21-22 və 25-26 avqust tarixlərində Bakıda reallaşdırıldı. MSK-nın Avropa Şurası Venesiya Komissiyası və Seçki Sistemləri üzrə Beynəlxalq Fondla (İFES) birgə keçirdiyi bu treniniqdə 125 DSK-nın şikayət və müraciətlərə baxılmasına məsul olan nümayəndələri iştirak etmişdir. Treninqdə MSK, Venesiya Komissiyası və İFES-in ekspertləri iştirakçılara şikayət və müraciətlərə baxılması ilə bağlı MSK-nın təlimatı, bu məqsədlə DSK-larda təsis olunmuş ekspert qruplarının tərkibi və fəaliyyəti, şikayət və müraciətlərə baxılmasının metod və strategiyaları ilə əlaqədar beynəlxalq təcrübə, qərar nümunələri və onların əsaslandırılması haqqında ətraflı məlumat vermiş və praktiki məşğələlər zamanı ortaya çıxa biləcək hallar və atılası addımlar müzakirə edilmişdir. Tədbirdə beynəlxalq qurumların və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri də yaxından iştirak etmişlər.
MSK keçən avqust ayı da beynəlxalq qurumlarla sıx əməkdaşlığını davam etdirmişdir. Belə ki, avqust ayı ərzində respublikaya səfər etmiş beynəlxalq təşkilatların nümayəndə heyətləri, Bakıdakı beynəlxalq (xarici) qurumlar və səfirliklərin təmsilçiləri, xarici KİV nümayəndələri ilə 10-dan artıq görüş keçirilmişdir. Bu görüşlər zamanı qonaqlara seçkilərə hazırlıq və seçkiqabağı vəziyyət barədə məlumat verilmiş və qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılmışdır. Habelə, formalaşmış ənənəyə uyğun olaraq beynəlxalq (xarici) qurumların təmsilçiləri MSK-nın iclaslarına dəvət edilmiş və iştirak etmişlər.
MSK təmsilçiləri Azərbaycan Diplomatiya Akademiyasının avqustun 13-də təşkil etdiyi “Azərbaycanlılar və Amerikalılar: Bir-birimizi necə görürük” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmişlər. İki ölkə ictimaiyyətinin bir-birini daha yaxından tanıması və orada gedən proseslər barədə məlumat əldə etməsi məqsədilə keçirilən bu tədbirdə həmçinin hər iki ölkənin seçki prosesi barədə də maraqlı fikir mübadiləsi aparılmışdır. Azərbaycan hökuməti təmsilçiləri, ABŞ-ın və Azərbaycanın bir sıra nüfuzlu KİV nümayəndələri və yerli QHT-lərin də qatıldığı konfrans faydalı olmuşdur.
MSK nümayəndələrinin iştirak etdiyi digər bir tədbir avqustun 26-da Avropa Şurasının Azərbaycandakı ofisinin təşkil etdiyi “Media və seçkilər: Medianın demokratik öhdəliyi” mövzusunda konfrans olmuşdur. Media nümayəndələrinin qatıldığı tədbirdə bir sıra maraqlı müzakirələr aparılmışdır.
MSK təmsilçisi həmçinin 26 avqustda Azərbaycanda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi qrupu tərəfindən təşkil olunmuş “Avropa Şurası Venesiya Komissiyasının və ATƏT DTİHB-nın Azərbaycan Respublikası Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı tövsiyələrinə dair rəy və təkliflər” mövzusunda keçirilmiş dəyirmi masada da iştirak etmişdir. 
Seçkilərin Seçki Məcəlləsinə və MSK təlimatlarına uyğun təşkili məqsədilə bir sıra addımlar atılmışdır.
Seçki Məcəlləsinin 112-1-ci maddəsinə və MSK-nın müvafiq təlimatına əsasən vətəndaşların seçki hüquqlarının pozulması ilə bağlı şikayət və müraciətlərinin araşdırılması məqsədilə hər bir seçki dairəsində 3 nəfərdən ibarət ekspert qrupları yaradılmışdır.
Əvvəlki aylarda olduğu kimi seçicilərin artım dinamikası diqqətlə nəzərdən keçirilmiş və Seçki Məcəlləsinin 35.3.1-ci maddəsinin tələbinə uyğun olaraq seçicilərin sayı 1500-dən artıq olan məntəqələrə malik 65 seçki dairəsində 166 yeni seçki məntəqəsi formalaşdırılmışdır. Yeni yaradılmış seçki məntəqələrinin seçici siyahılarında olan seçicilərin məlumatları dairə üzrə seçicilərin məlumat bazasına daxil edilmiş, ünvanları və digər göstəriciləri MSK-nın internet səhifəsində yerləşdirilmişdir.
MSK aşağı seçki komissiyalarının tam tərkibdə formalaşdırılması məsələsini müzakirə etmiş, Seçki Məcəlləsində göstərilmiş prosedur qaydalara əsasən DSK-lardakı boş yerlərə üzvlərin təyin olunmasına başlanmışdır.
DSK və MnSK-ların texniki təchizatı da bir daha nəzərdən keçirilmişdir. DSK-lar MnSK üzvləri üçün treninqlərin və digər maarifləndirmə kurslarının təşkili zamanı istifadə olunması üçün proyektor, ekran və digər lazımi avadanlıqlarla təchiz olunmuşdur. MnSK-ların ehtiyacları da ətraflı araşdırılmış, seçki qutuları, səsvermə kabinələri  və digər seçki ləvazimatlarının yararlılığı öyrənilmiş və artıq sıradan çıxmış avadanlıqlarının yeniləri ilə əvəzlənməsi istiqamətində müvafiq addımlar atılmışdır.
Avqust ayı ərzində, seçicilərin seçkilərlə bağlı maarifləndirilməsi və səsverməyə təşviqi də diqqət mərkəzində olmuşdur.
Gənclər və İdman Nazirliyinin ilk dəfə səs verəcək seçicilərlə keçirdiyi görüşlərdə MSK-nın əməkdaşları və ya DSK üzvlərinin iştirakı MSK tərəfindən tövsiyə edilmişdir. Həmin görüşlər zamanı seçicilərə səsvermə proseduru və ortaya çıxa biləcək istisna hallarla bağlı ətraflı məlumat verilmişdir.   
MSK seçiciləri seçkilərdə iştiraka dəvət edən, onları adlarını seçici siyahısında yoxlamağa çağıran, MSK-nın internet səhifəsi barədə məlumat verən plakatlar və qarşıdan gələn prezident seçkilərinin hazırlanıb keçirilməsinə dair təqvim planını böyük (A1) formatda çap edərək DSK-lara təqdim etmiş və onlar da öz növbəsində bu materialları əhalinin sıx olduğu yerlərdə və MnSK-larda asmışlar.
Aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsində hüquqi-metodiki vəsaitlərin rolu mühümdür. MSK bunu nəzərə alaraq qəbul olunmuş təlimat, izah və qaydaları kitabça şəklində çap edir. Avqust ayı bu kitabçaların 6 cildi, təqvim planı və “Seçki günü üçün yaddaş” kitabçası çap olunmuş və hər bir DSK və MnSK üzvünə bir nüsxə, həmçinin seçki dairəsi və məntəqəsinin məlumat guşəsində saxlanılması üçün əlavə nüsxələr paylanılmışdır.
Seçici siyahılarının dəqiqləşdirilməsi avqust ayı da davam etdirilmişdir. Seçicilərin öz adlarını siyahılarda yoxlaması üçün intensiv təşviqat kompaniyası elektron KİV-də davam etdirilmişdir. DSK-lar rayonlarda müvafiq yerli qurumlarla əməkdaşlıq şəraitində seçicilərin dairə üzrə hərəkətinə uyğun olaraq seçici siyahılarında lazımi düzəlişlər etmiş və bu barədə mütəmadi olaraq MSK-nı məlumatlandırmışlar. MSK sədri cənab Məzahir Pənahovun avqustun 12-də KİV vasitəsilə ölkədə fəaliyyət göstərən idarə, müəssisə, təşkilat, şirkət və digər qurumların rəhbərliklərinə müraciət edərək əməkdaşlarının öz adlarını seçici siyahılarında yoxlamasına şərait yaratmalarını tövsiyə etmişdir. 
Seçkilərlə əlaqədar 115 nömrəli və online qaynar xəttə avqust ayı ərzində 1800-ə yaxın müraciət daxil olmuşdur ki, bunlardan da 1604-nün əsaslı olması müəyyənləşdirilmiş və müvafiq tədbirlər görülmüşdür.  
Seçkilər yaxınlaşdıqca ictimaiyyətin məlumatlandırılması MSK üçün daha da mühüm əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq, MSK avqust ayı ərzində də KİV-lə yaxından əməkdaşlıq etmiş və onlara seçkilərə hazırlıqla bağlı mütəmadi məlumat vermişdir. Komissiyanın işində şəffaflığın təmin olunması məqsədilə MSK-nın iclasları KİV üçün açıq olmuş və iclasların vaxtı barədə onlar əvvəlcədən məlumatlandırılmışlar. 
MSK üzvləri və əməkdaşlarının müxtəlif mövzularda 35-dən artıq çıxış, müsahibə və açıqlamaları elektron KİV-də işıqlandırılmışdır. 21 avqustda MSK sədri əvvəlki aylarda olduğu kimi yerli KİV nümayəndələri üçün brifinq keçirmişdir. Brifinqdə sədr MSK-nın həyata keçirdiyi son tədbirlər, seçkilərə hazırlıq istiqamətində görülmüş işlər barədə məlumat vermiş və jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.
Mətbuat vasitələrində də MSK-nın fəaliyyəti ilə bağlı geniş məlumat verilmiş, iclaslar, təşkil olunmuş tədbirlər barədə mətbuat bülletenləri, açıqlamalar və məqalələr çap edilmişdir. Həmçinin, Seçki Məcəlləsinə uyğun olaraq komissiyanın qəbul etdiyi qərar və normativ aktlar rəsmi mətbu orqan olan “Azərbaycan” qəzetində dərc edilmişdir. Qəzetlərdə MSK-nın fəaliyyətilə bağlı 400-ə yaxın material dərc olunmuşdur. Bunlarla yanaşı, MSK nümayəndəsi “Exo” qəzetinin təşkil etdiyi “Exo - Forum”da iştirak edərək internet vasitəsilə yönəlmiş sualları cavablandırmışdır. 15 oktyabr Prezident seçkiləri ilə bağlı seçicilərin məlumatlandırılması istiqamətində KİV-lə əməkdaşlıq davam etdirilir.
MSK ictimaiyyətin asanlıqla əldə etməsi üçün seçkilərlə bağlı məlumatları öz internet səhifəsində yerləşdirir və mütəmadi olaraq yeniləyir. Avqust ayı ərzində davam etmiş namizədlərin təsdiqi və qeydiyyatı prosesi barədə məlumat, MSK-nın qəbul etdiyi qərarlar, normativ-hüquqi aktlar, təqvim planı, sənəd formaları və fəaliyyətlə bağlı mətbuat bülletenləri operativ olaraq Azərbaycan və ingilis dillərində internet səhifəsində yerləşdirilmişdir. Həmçinin DSK-ların yeni inzibati binalarının fotoşəkli və komissiyaların tərkibindəki dəyişikliklər də internet səhifəsində öz əksini tapmışdır. Habelə internet səhifəsindəki elektron poçt ünvanları vasitəsilə  seçicilər öz müraciət, təklif və rəylərini MSK-ya ünvanlamaqdadır. 
Seçkilərin azad, ədalətli keçirilməsi, aşağı seçki komissiyası üzvlərinin peşəkarlığının artırılması, seçici siyahılarının dəqiqləşdirilməsi, Komissiyanın işində şəffaflıq, ictimaiyyətin seçkilərlə bağlı maarifləndirilməsi, beynəlxalq qurumlarla əməkdaşlıq və bütün bu sadalananları şərtləndirən istiqamətlərdə MSK öz fəaliyyətini davam etdirir.
Mərkəzi Seçki Komissiyasının Azərbaycan və ingilis dillərində hesabatları komissiyanın internet səhifəsində yerləşdirilir və hər ay elektron poçt vasitəsilə yerli və beynəlxalq (xarici) qurumlara ünvanlanır.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası