
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
HESABATI
İyul, 2008
www.msk.gov.az
www.cec.gov.az
www.infocenter.gov.az
Azərbaycan Respublikası Prezidentinin növbəti seçkilərinin 2008-ci ilin oktyabr ayında keçiriləcəyini nəzərə alaraq Mərkəzi Seçki Komissiyası seçkilər yaxınlaşdıqca öz fəaliyyətini daha da genişləndirməkdədir. Sona çatmış iyul ayı ərzində MSK bir sıra layihələr həyata keçirmişdir.
Seçkilərdə iştirak edən tərəflərin maarifləndirilməsi MSK-nın böyük əhəmiyyət verdiyi sahələrdən biridir. Seçki prosesindəki iştirakçıların Seçki Məcəlləsinin tələbləri ilə yaxından tanış olması üçün bir sıra layihələr həyata keçirilmişdir və hal-hazırda da bu istiqamətdə işlər davam etdirilir. Bu sahədə beynəlxalq qurumlarla da əməkdaşlıq edilir. Bu qəbildən olan layihələrdən biri də MSK-nın Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı və ATƏT-in Bakı ofisi ilə birgə həyata keçirdiyi “Seçki prosesinə müdaxilə” mövzusunda keçirilmiş sessiyalar olmuşdur. Layihə çərçivəsində iyul ayı ərzində 4 sessiya nəzərdə tutulmuşdur ki, bunlardan da ikisi Bakıda (9-10 iyul, 2008), biri Gəncədə (11 iyul, 2008), biri isə Şirvan şəhərində (14 iyul, 2008) keçirilmişdir. Tədbirdə Mərkəzi Seçki Komissiyasının, Prezidentin İcra Aparatının, ATƏT-in Bakı ofisinin nümayəndələri, beynəlxalq ekspertlər, respublika rayonlarının icra hakimiyyətlərinin başçıları və dairə seçki komissiyalarının sədrləri iştirak etmişlər. Tədbirin məqsədi Seçki Məcəlləsi və digər müvafiq qanunvericiliyin tələblərinin, xüsusilə seçki prosesinə müdaxilə ilə bağlı nəzərdə tutulan müddəalar, habelə yerli icra hakimiyyəti orqanlarının və aşağı seçki komissiyaları üzvlərinin rol və vəzifələrinin müzakirəsi idi. Sessiyalar ərzində bir sıra məsələlər aydınlaşdırılmış və seçki prosesinə qanunsuz müdaxilənin yolverilməzliyi ətraflı müzakirə edilmişdir. Bundan başqa, tədbirin gedişində seçki prosesində iştirak edən tərəflər, beynəlxalq seçki standartları barədə də iştirakçılar qarşısında çıxışlar olmuşdur.
2003-cü ildən başlayaraq MSK-nın maarifləndirmə layihələrindən biri də məntəqə seçki komissiyaları üçün treninqlərin keçirilməsi olmuşdur. Bu il layihə daha da genişləndirilmiş və treninqlərin yeni bir formatda keçirilməsi təklif olunmuşdur. Belə ki, əvvəlki seçkilərdə treninqlər MSK-nın 15 trenerdən ibarət qrupu tərəfindən keçirilirdi. Bu ildən etibarən dairə seçki komissiyalarının katiblikləri təsis olunmuşdur ki, bu da treninqlər keçirilməsi üçün həmin katibliklərdə çalışan mütəxəssislərin trener olaraq hazırlanması və sonradan onların aşağı seçki komissiyaları üçün treninqlər keçirməsi imkanının yaranmasına rəvac vermişdir. Bu məqsədlə hər bir dairədən 2 mütəxəssis ayrılmış və trenerlərin treninqində iştirak etmək üçün Bakıya ezam olunmuşlar. Trenerlərin hazırlanmasında MSK bir neçə ildir ki, Avropa Şurası Venesiya Komissiyası ilə yaxından əməkdaşlıq edir. Bu ilki trenerlərin treninqi də Venesiya Komissiyası ilə əməkdaşlıq şəraitində həyata keçirilmişdir. İyul ayının 15-dən 18-dək Bakıda trenerlərin treninqi baş tutmuşdur. Hər biri 125 nəfər olmaqla 2 qrupda keçirilən tədbirdə Venesiya Komissiyasının ekspertləri və MSK-nın təcrübəli trenerləri iştirakçılara seçki günü məntəqə seçki komissiyalarının rol və vəzifələri, komissiyaların işində şəffaflıq, seçki günü prosedurları, səsvermənin nəticəsinin müəyyənləşdirilməsi və protokolların doldurulması, təqdimat bacarıqları və treninqlərin təşkili qaydaları mövzusunda təqdimatlarla çıxış etmiş və sonradan kiçik qruplar şəklində praktiki məşğələlər zamanı konkret prosedurlar izah olunmuşdur. Treninqlərin sonunda iştirakçılar seçki prosedurlarını əks etdirən sınaq suallarını cavablandırmışlar.
2008-ci ilin yanvarından etibarən fəaliyyətə başlayan dairə seçki komissiyaları katibliklərinin bütün sahələrdə öz işlərinin öhdəsindən peşəkarcasına gəlmələri üçün MSK öz maarifləndirmə layihələrini davam etdirir. DSK-ların fəaliyyətinin tərkib hissəsi olan kargüzarlığın müvafiq qaydalara uyğun aparılması məqsədilə DSK katibliklərinin bu sahəyə məsul əməkdaşları üçün iyulun 22-dən 24-dək treninqlər təşkil edilmişdir. Treninq zamanı iştirakçılara Azərbaycan Respublikası Prezidenti tərəfindən 27 sentyabr 2003-cü ildə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın müddəaları və seçki komissiyalarının qərarlarının və iclas protokollarının tərtibi barədə ətraflı məlumat verilmiş və praktikada istifadə olunan sənəd nümunələri nümayiş etdirilmişdir. Treninqin sonunda iştirakçıların prosedurları yaxından izləməsi üçün praktiki məşğələlər keçirilmiş və DSK nümayəndələrini maraqlandıran suallar cavablandırılmışdır. Treninqlər kargüzarlığın aparılması sahəsində peşəkarlığın artırılmasına xidmət edirdi.
MSK tərəfindən həyata keçirilən digər bir treninq DSK katibliklərində çalışan kompüter mütəxəssislərini əhatə etmişdir. İyul ayının 1-dən 25-dək kiçik qruplarda keçirilən treninqlər zamanı mütəxəssislərə Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi, mövcud məlumat ötürmə şəbəkəsi, seçkilərlə bağlı istifadə edilən proqram təminatı və bir sıra digər məsələlərlə bağlı məlumat verilmiş və təcrübi məşğələlər vasitəsilə onların bu məlumatları necə əxz etdiyi yoxlanılmışdır.
MSK qarşıdan gələn Prezident seçkilərinə hazırlıqla bağlı dairə seçki komissiyalarının təchizatını araşdırır və çatışmamazlıqların aradan qaldırılması ilə bağlı addımlar atır. Təchizatla bağlı müraciətlərə əsasən bəzi DSK-ların daşınan və daşınmaz seçki qutuları, seçicilərin barmaqlarının yoxlanması üçün ultrabənövşəyi lampalar və bir sıra digər ləvazimatlarla bağlı ehtiyacları araşdırılmış və müvafiq tədbirlər görülmüşdür. DSK-ların digər lazımi texniki avadanlıqlarla təchizatı məsələsinin həlli istiqamətində də iş aparılır. Həmçinin onu da qeyd etmək lazımdır ki, bu il DSK-lara verilmiş yeni kompüterlər lazımi məlumatötürücü proqramlarla da təmin olunmuş və istifadəyə hazır vəziyyətə gətirilmişlər.
Prezident seçkiləri yaxınlaşdıqca Mərkəzi Seçki Komissiyasının iclasları daha sıx keçirilir. İyul ayı ərzində komissiya üç iclas keçirmişdir. 28 iyul 2008-ci il tarixli iclası zamanı komissiya növbəti prezident seçkilərinin 15 oktyabr 2008-ci ildə keçiriləcəyini elan etdi. Bu ay ərzində keçirilmiş iclaslarda 10 qərar qəbul olunmuşdur. O cümlədən, iyul ayı MSK Azərbaycan Respublikası prezidentinin seçkilərində prezidentliyə namizədliyin irəli sürülməsi, imza vərəqələrində, habelə namizədlərin təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması, seçkilərdə (referendumda) vəkil edilmiş şəxslərin statusu, namizədin, siyasi partiyaların səlahiyyətli nümayəndələrinin statusu, yerli müşahidənin aparılması qaydaları, beynəlxalq (xarici) müşahidəçilərin fəaliyyət qaydaları, KİV-də seçkiqabağı təşviqatın aparılması qaydaları və buna nəzarət üzrə Mərkəzi Seçki Komissiyasının nəzdində mətbuat qrupu və bir sıra digər seçki məsələləri ilə bağlı 20 təlimat, qayda, izah, habelə qarşıdan gələn prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planını təsdiq etmişdir. 2000-ci ildən etibarən formalaşmış ənənəyə uyğun olaraq iclaslara beynəlxalq (xarici) qurumların nümayəndələri və KİV təmsilçiləri də dəvət olunmuş və iştirak etmişlər.
Seçici siyahılarının dəqiqləşdirilməsi iyul ayı da davam etdirilmiş və DSK-lar müvafiq qurumlardan seçicilərin yerdəyişməsi ilə bağlı məlumatları mütəmadi olaraq almış və MSK-nı bununla bağlı məlumatlandırmışdır. Əvvəlki aylarda olduğu kimi, bu ay ərzində də MSK-nın qaynar xəttinə 1275 müraciət daxil olmuşdur. Həmçinin iyul ayınadək yalnız seçici siyahıları ilə bağlı fəaliyyət göstərən 115 nömrəli qaynar xətt artıq bu aydan etibarən ümumilikdə seçkilərlə bağlı qaynar xəttə çevrilmiş və intellektual platforma vasitəsilə avtomatlaşdırılmışdır. Bu istiqamətdə görülən işlər hal-hazırda da davam etdirilir.
DSK-ların hüquqi-metodiki vəsaitlərlə təminatı baxımından görülən işlər iyul ayında da fasiləsiz aparılmışdır. Belə ki, əlavə və dəyişiklikləri əks etdirən Seçki Məcəlləsi və MSK tərəfindən qəbul olunmuş təlimat, qayda və izahlar kitabça şəklində 2 cilddə çap olunaraq hər bir dairə və məntəqə seçki komissiyası üzvünə 1 ədəd olmaqla paylanılmışdır. Hal-hazırda maarifləndirmə məqsədilə aşağı seçki komissiyası üzvləri, müşahidəçilər, namizədlərin vəkil edilmiş şəxsləri və seçki prosesinin digər iştirakçıları üçün yaddaşlar hazırlanmaqdadır.
MSK-nın fəaliyyəti iyul ayı ərzində də KİV üçün tam açıq olmuş və komissiyanın fəaliyyəti barədə ölkə ictimaiyyəti mütəmadi olaraq məlumatlandırılmışdır. MSK sədri KİV üçün mütəmadi brifinqlər keçirir. İyul ayında 4 brifinq keçirmişdir ki, həmin bu brifinqlər zamanı sədr media nümayəndələrinə MSK-nın fəaliyyəti barədə məlumat vermiş və onları maraqlandıran sualları cavablandırmışdır. MSK təmsilçiləri iyul ayı ərzində televiziya kanalları üçün müxtəlif mövzularda 20-yə yaxın müsahibə vermiş və bir sıra mətbuat vasitələrində isə 40-dan artıq müsahibə, açıqlama və məlumat xarakterli materiallar dərc olunmuşdur. Bundan əlavə, ay ərzində keçirilmiş bütün tədbir və iclaslarda KİV nümayəndələri iştirak etmiş və həmin tədbirlərlə bağlı mətbuat bülletenləri yayılmışdır. Ölkə ictimaiyyətinin qarşıdan gələn 15 oktyabr Prezident seçkiləri ilə bağlı məlumatlandırılması istiqamətində KİV-lə əməkdaşlıq MSK-nın önəm verdiyi məsələlərdən biridir.
Əvvəllər olduğu kimi, iyul ayında da dairə və məntəqələr üzrə seçicilərin sayının dəyişməsi ilə bağlı müşahidə və təhlillər aparılmışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.3.1-ci maddəsi seçki məntəqəsi üzrə seçicilərin sayının 1500-dən yuxarı olmamasını nəzərdə tutur. Bununla bağlı olaraq, MSK seçki məntəqələri üzrə seçicilərin sayını diqqət mərkəzində saxlayır. İyul ayı məntəqələrdə seçicilərin sayı izlənilmiş və bu sayın tələb olunan say məhdudiyyətini keçməsi müşahidə olunduqda müvafiq addımlar atılaraq məntəqənin hüdudlarında dəyişiklik olunmuş yaxud yeni məntəqə yaradılmışdır. Bu barədə müvafiq məlumat komissiyanın internet səhifəsində yerləşdirilir və mütəmadi olaraq yenilənir.
Seçkilərə dair bütün sənədlər Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilir. İnternet səhifəsində seçki sənədlərindən başqa, Mərkəzi Seçki Komissiyasının tərkibi, fəaliyyəti, MSK Katibliyinin strukturu, Seçki Məcəlləsi, aylıq hesabatlar, qəbul olunmuş qərarlar, təlimat, qayda və izahlar, əvvəlki seçkilər barədə məlumatlar, dairə və məntəqə seçki komissiyalarının tərkibi və ünvanları (şəhərlərdə sxematik xəritələri və həmin istiqamətdə hərəkət edən ictimai nəqliyyat vasitələri haqqında məlumat), dairələrin əhatə etdiyi ərazi (dairə hüdudları), bir sıra statistik göstəricilər, seçici siyahıları, mətbuat üçün məlumatlar və bir sıra digər materiallar yerləşdirilmişdir. Sözügedən məlumatlar mütəmadi olaraq yenilənir və müvafiq əlavələr olunur.
Yuxarıda sadalanan bütün bu vasitələrdən istifadə etməklə MSK ölkə ictimaiyyətini maraqlandıran suallara aydınlıq gətirməyə çalışmış və seçicilərin seçkilərlə bağlı maarifləndirilməsi istiqamətində addımlar atmışdır.
Mərkəzi Seçki Komissiyasının Azərbaycan və ingilis dillərində hesabatları komissiyanın internet səhifəsində yerləşdirilir və hər ay elektron poçt vasitəsilə yerli və beynəlxalq (xarici) qurumlara ünvanlanır.