
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
HESABATI
İyun, 2008
www.msk.gov.az
www.cec.gov.az
www.infocenter.gov.az
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2008-ci ilin iyun ayı ərzində göstərdiyi fəaliyyət seçki sahəsində bir sıra məsələlərin öz həllini tapmasına yönəlmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinə əlavə və dəyişikliklər may ayında Azərbaycan Respublikası Milli Məclisində müzakirə olunaraq qəbul edilmişdir. MSK Seçki Məcəlləsinə olan əlavə və dəyişiklikləri ətraflı araşdıraraq təlimatlar və digər sənədlərdə qanunvericiliyin tələbinə uyğun yeniliklərin öz əksini tapması istiqamətində iş aparır. MSK əlavə və dəyişikliklərlə bağlı DSK-ların maarifləndirilməsi üçün də bir sıra tədbirlər planlaşdırır.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar olaraq 12 iyun 2008-ci il tarixdə Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə keçirmişdir. Tədbir zamanı 2006-cı ildə DSK-ların fəaliyyətinin yoxlanılması məqsədilə aparılmış monitorinq zamanı aşkarlanmış nöqsanların aradan qaldırılması üçün atılmış addımlar və qarşıda duran bir sıra vəzifələr müzakirə edilmişdir. Seminar-müşavirə zamanı DSK sədrləri çıxış edərək öz fəaliyyətləri barədə ətraflı məruzə etmişlər. Tədbirə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq (xarici) qurumlar və KİV nümayəndələri də dəvət olunmuşdur.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq respublika üzrə seçicilər siyahısının dəqiqləşdirilməsi may ayı yekunlaşdırılmış və həmin seçici siyahıları Daxili İşlər Nazirliyinin malik olduğu vətəndaşların mövcud məlumat bazası ilə yoxlanılaraq bəzi seçicilərin məlumatlarında yol verilmiş nöqsanlar aradan qaldırılmışdır. Bu proses hal-hazırda da davam etdirilir. Bununla yanaşı, MSK-nın qaynar xətti də fəaliyyətini davam etdirir və daxil olan müraciətlərə operativ baxılaraq müvafiq tədbirlər görülür (115 və ya internet səhifəsindəki elektron qaynar xətt).
2003-cü ildən etibarən MSK-nın internet səhifəsində DSK-larla bağlı məlumatlar yerləşdirilir. Son bir il ərzində DSK-ların yeni inzibati binalarda yerləşdirilməsi prosesi nəticəsində onların ünvanlarında dəyişikliklər olmuşdur ki, MSK da öz növbəsində internet səhifəsində bu məlumatları yeniləmişdir. MSK-nın internet səhifəsində DSK və məntəqə seçki komissiyalarının tərkibi, ünvanları (şəhərlərdə sxematik xəritələri və həmin istiqamətdə hərəkət edən ictimai nəqliyyat vasitələri haqqında məlumat), dairələrin əhatə etdiyi ərazi (hüdudları), seçici siyahıları və bir sıra digər statistik göstəricilər yerləşdirilmişdir. Bundan əlavə, şəffaflığın təmin olunması məqsədilə MSK-nın qərarları, mətbuat bülletenləri və digər lazımi sənədlər internet səhifəsindən əldə oluna bilər.
Seçici siyahılarının dürüstləşdirilmiş son variantı da Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilmiş və seçicilərin axtarış sistemi vasitəsilə öz məlumatlarını yoxlaması təmin edilmişdir. İnternet səhifəsi və axtarış sistemi ilə bağlı seçicilərin məlumatlandırılması məqsədilə geniş miqyaslı təbliğat proqramı həyata keçirilir. Belə ki, internet səhifəsi haqqında məlumatı özündə əks etdirən və seçiciləri internet səhifəsindən istifadə etməklə öz məlumatlarını seçici siyahısında yoxlamağa dəvət edən televiziya klipi MSK tərəfindən hazırlanaraq yayımlanması üçün respublikada fəaliyyət göstərən televiziya kanallarına təqdim edilmişdir. Bununla yanaşı, MSK seçici siyahıları ilə bağlı məlumat kampaniyasına əlavə olaraq “Adınızı seçici siyahısında yoxlamağı unutmayın” və “MSK-nın internet səhifəsi” mövzusunda təşviqat plakatları çap etdirərək dairə seçki komissiyalarına təqdim etmiş və onları əhalinin sıx olduğu yerlərdə asmağı tövsiyə etmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.3.1-ci maddəsinin tələbinə uyğun olaraq məntəqə üzrə seçicilərin sayı 1500-dən artıq olmamalıdır. Azərbaycanda seçicilərin artım dinamikası bəzi məntəqələrdə seçicilərin sayının bu saydan yuxarı qalxmasına rəvac vermişdir. Bu məsələni həll etmək üçün MSK lazımi addımlar atır və müvafiq saydan artıq seçicilərin həmin bələdiyyələr ərazisində yerləşən digər münasib məntəqələrə əlavə olunması imkanlarını araşdırır.
Mərkəzi Seçki Komissiyası beynəlxalq (xarici) qurumlarla əməkdaşlığa böyük əhəmiyyət verir və bu əməkdaşlıq çərçivəsində beynəlxalq ictimaiyyətin təmsilçiləri ilə müxtəlif səviyyələrdə tez-tez görüşlər keçirir. İyun ayı ərzində MSK sədri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin rəhbərlik etdiyi nümayəndə heyəti, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndə heyəti, ABŞ-ın Azərbaycandakı səfiri və digər beynəlxalq təşkilatların nümayəndələri ilə görüşmüşdür. Görüşlər zamanı MSK-nın fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verilmiş və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuşdu.
Mərkəzi Seçki Komissiyası iyun ayı ərzində də KİV-lə əməkdaşlığını davam etdirmiş və komissiyanın fəaliyyəti barədə ölkə ictimaiyyətini mütəmadi olaraq məlumatlandırmışdı. 12 iyun 2008-ci ildə DSK sədrləri üçün keçirilmiş seminar-müşavirədən əvvəl MSK sədri KİV nümayəndələrinin suallarını cavablandırmışdır. MSK təmsilçisi 11 iyun 2008-ci ildə İctimai televiziyada təşkil olunmuş dəyirmi masada iştirak etmişdir. Bundan əlavə, MSK rəsmiləri respublikada fəaliyyət göstərən televiziya kanallarına müsahibələr vermiş, komissiya tərəfindən mətbuat bülletenləri yayılmış və mətbuatda MSK nümayəndələri tərəfindən verilmiş 50-yə yaxın müsahibə, açıqlama və məlumat xarakterli materiallar dərc olunmuşdur.
Yuxarıda sadalanan bütün bu vasitələrdən istifadə etməklə MSK ölkə ictimaiyyətini maraqlandıran suallara aydınlıq gətirməyə çalışmış və seçicilərin seçkilərlə bağlı maarifləndirilməsi istiqamətində addımlar atmışdır.
Mərkəzi Seçki Komissiyasının Azərbaycan və ingilis dillərində hesabatları komissiyanın internet səhifəsində yerləşdirilir və hər ay elektron poçt vasitəsilə yerli və beynəlxalq (xarici) qurumlara ünvanlanır.