AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
H E S A B A T I
(May ayı üçün)
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası 2008-ci ilin may ayı ərzində də öz fəaliyyətini seçkilərlə bağlı qarşıda duran məsələlərin həlli istiqamətində davam etdirmişdir.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq respublika üzrə seçicilər siyahısı hər il yanvardan may ayınadək dəqiqləşdirilir. Bu il də qanunvericiliyə uyğun olaraq yanvar ayından başlamış bu proses may ayı yekunlaşdırılmışdı. 27 may tarixdə Mərkəzi Seçki Komissiyasının seçici siyahıları ilə bağlı iclası olmuş və siyahının dəqiqləşdirilməsi prosesi rəsmi olaraq başa çatdırılmışdı. Rəsmi olaraq bu proses yekunlaşdırılsa da, Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarına seçici siyahıları ilə işi dayandırmamağı tövsiyə etmişdir. Habelə, seçici siyahıları ilə bağlı qaynar xətlər də fəaliyyətini davam etdirir (115 və ya internet səhifəsindəki elektron qaynar xətt).
Seçici siyahılarının dəqiqləşdirilməsi prosesində Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə də yaxından əməkdaşlıq etmişdir. Belə ki, Daxili İşlər Nazirliyinin malik olduğu vətəndaşların məlumat bazası ilə seçicilər siyahısı arasında müqayisələr aparılmış və seçicilərin məlumatlarının daha da dürüstlüyü təmin olunmuşdur.
Seçici siyahılarının bu müddət ərzində dürüstləşdirilmiş son variantının bir nüsxəsi dairə seçki komissiyalarında, digər nüsxəsi isə Mərkəzi Seçki Komissiyasında saxlanılmış, o cümlədən dürüstləşdirilmiş son nüsxə Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilmişdir.
Mərkəzi Seçki Komissiyası seçicilərə öz məlumatlarını siyahılarda yoxlamaq məqsədilə mümkün bütün vasitələrdən istifadə imkanı yaradılması üçün bir sıra araşdırmalar aparır. Hazırda bu məsələ ilə bağlı müvafiq qurumlarla müzakirələr aparılır və texniki baxımdan ortaya çıxan suallar aydınlaşdırılır. Tezliklə bu vasitələrdən bəzilərinin artıq seçicilərin istifadəsinə verilməsi nəzərdə tutulur.
Seçiciləri adlarının siyahılarda olub-olmamasını yoxlamağa təşviq etmək məqsədilə həyata keçirilən təbliğat kompaniyası may ayı ərzində də davam etdirilməkdədir. Hazırda seçicilərin diqqətinin siyahılara daha da artırılması və maarifləndirilməsi məqsədilə əlavə televiziya klipi və müxtəlif səpkili çap materialları hazırlanır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinə əsasən, Prezident seçkiləri zamanı ölkə hüdudlarından kənarda yaşayan və ya müddətli xarici ezamiyyətlərdə olan ölkə vətəndaşları da səsvermədə iştirak edir. 2008-ci ilin Prezident seçkiləri ili olduğunu nəzərə alaraq Mərkəzi Seçki Komissiyası respublika hüdudlarından kənarda olan seçicilərin siyahısının hazırlanması və onların səsvermədə iştirakını təmin etmək istiqamətində Xarici İşlər Nazirliyi ilə birgə fəaliyyət göstərir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinə əlavə və dəyişikliklər may ayında Azərbaycan Respublikası Milli Məclisində müzakirəyə çıxarılmışdır. Müzakirələrdə Mərkəzi Seçki Komissiyası da iştirak etmiş və öz təkliflərini təqdim etmişdir.
Mərkəzi Seçki Komissiyasının əsas fəaliyyət istiqamətlərindən biri də seçkilər sahəsində beynəlxalq (xarici) qurumlarla əməkdaşlıqdır. Bu əməkdaşlıq çərçivəsində tez-tez görüşlər keçirilir. May ayı ərzində bu qəbildən olan görüşlərdən biri də MSK sədri ilə ATƏT-in Bakı ofisinin rəhbəri arasında olmuşdur. 1 mayda keçirilmiş görüş zamanı bir sıra mühüm layihələr, o cümlədən mayın sonunda televiziya kanallarının iştirakı ilə yüksək səviyyəli dəyirmi masanın keçirilməsi müzakirə olunmuşdur. MSK sədri 26 may tarixində Milli Demokratiya İnstitutunun Avrasiya Proqramları üzrə Direktoru ilə də görüşmüşdür. Görüş zamanı MDİ-nun nümayəndəsi təmsil etdiyi təşkilatın seçkiqabağı layihələri haqqında məlumat vermiş və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuşdur. Mayın 19-da Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləriylə də görüş keçirilmişdir. Görüş zamanı MSK sədri həmməruzəçilərə seçkiqabağı görülmüş işlər barədə ətraflı məlumat vermiş, bir sıra məsələlər ətrafında müzakirələr aparılmış və qonaqların sualları cavablandırılmışdır. MSK sədrinin digər bir görüşü isə 31 may tarixində Böyük Britaniya Mərkəzi Seçki Komissiyasının sədri ilə olmuşdur. Qarşılıqlı fikir mübadiləsi edən sədrlər gələcək əməkdaşlıq və təcrübə mübadiləsi ilə bağlı bir sıra məsələləri də müzakirə etmişlər.
Mərkəzi Seçki Komissiyasının gündəliyində duran məsələlərdən biri də KİV-in seçkiləri işıqlandırma sahəsində maarifləndirilməsidir. Bunu nəzərə alaraq, MSK-nın sədri ATƏT-in Bakı ofisi tərəfindən 30 may tarixində “Elektron mətbuatın demokratik seçkilərin təşkilində rolu” mövzusunda təşkil olunmuş yüksək səviyyəli dəyirmi masada iştirak etmişdir. Dəyirmi masaya respublikada fəaliyyət göstərən televiziya kanallarının rəhbərləri və müvafiq sahədə təcrübəsi olan beynəlxalq ekspertlər dəvət olunmuşlar. Tədbirdə MSK sədri müvafiq qanunvericiliyə əsasən seçkilər zamanı televiziya kanalları tərəfindən əməl olunası tələblər, əvvəlki seçkilərdən qazanılmış təcrübələr və bir sıra digər məsələlər barədə iştirakçıları məlumatlandırmış və onları maraqlandıran suallara aydınlıq gətirmişdir. Dəyirmi masa zamanı tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunmuş və beynəlxalq ekspertlər öz qurumlarının təcrübəsindən danışmışlar. Həmçinin MSK-nın nümayəndəsi günün sonunda dəyirmi masanın yekunu olaraq İctimai televiziyada təşkil olunmuş canlı müzakirələrdə də iştirak etmişdir.
Dairə seçki komissiyalarının katibliklərində fəaliyyət göstərən əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Mərkəzi Seçki Komissiyası bir sıra tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri də Mərkəzi Seçki Komissiyası tərəfindən dairə seçki komissiyaları katibliklərində çalışan hüquqşünaslar üçün mayın 30-da təşkil olunmuş seminar-təlim olmuşdur. Seminar-təlimdə MSK üzvləri və Aparatın məsul nümayəndələri seçki komissiyalarının fəaliyyətinin hüquqi əsasları, seçki komissiyaları katibliklərində kargüzarlığın aparılması, ərizə, müraciət və şikayətlərə baxılması kimi bir sıra mövzularda mühazirələrlə çıxış etmiş və iştirakçıların suallarını cavablandırmışlar. Tədbirdə həmçinin Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES) eksperti müraciət və şikayətlərə baxılması ilə bağlı beynəlxalq təcrübəni iştirakçılarla bölüşmüşdür.
Dairə seçki komissiyaları katibliklərinin işinin daha da təkmilləşməsi üçün MSK tərəfindən hazırlanmış sənədlər, o cümlədən kargüzarlığın aparılması qaydaları haqqında təlimat, qərarların qeydə alınması kitabı, göndərilən və daxil olan sənədlərin qeydə alınması kitabı, şikayətlərin qeydiyyatı kitabçası və digər bu kimi sənədlər hazırlanaraq çap olunmuş və DSK-lara çatdırılmışdır.
Dairə seçki komissiyalarının iş şəraitinin yaxşılaşdırılması sahəsində aparılan iş də davam etdirilmişdir. May ayı ərzində də bir sıra dairə seçki komissiyaları üçün binaların inşası tamamlanaraq istifadəyə verilmişdir. Bu dairələr sırasında Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dairə seçki komissiyalarının da adı var. 20 ilə yaxın bir müddətdə blokada şəraitində olmasına və Azərbaycanın əsas ərazisi ilə muxtar respublikanı birləşdirən bütün nəqliyyat yollarının Ermənistan tərəfindən kəsilməsi nəticəsində ciddi çətinliklərlə qarşılaşmasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasında 5 dairə seçki komissiyası üçün yeni binalar tikilmiş, lazımi avadanlıqlarla təchiz edilərək istifadəyə verilmişdir. Hazırda muxtar respublika ərazisində fəaliyyət göstərən digər 2 dairə seçki komissiyası üçün də inzibati binaların tikintisi sona çatdırılmaq üzrədir.
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Prezidentinin 7 may 2008-ci ildə bəzi şəhər və rayonların ərazisi, adları və statusuna dəyişikliklərlə bağlı imzaladığı sərəncamlardan irəli gələn bir sıra məsələləri həll etmişdir. Belə ki, bu dəyişikliklərə müvafiq olaraq 46 saylı Əli Bayramlı seçki dairəsi 46 saylı Şirvan və 101 saylı Xanlar-Daşkəsən seçki dairəsi 101 saylı Göygöl-Daşkəsən seçki dairəsi adlandırılmış, bəzi dairələrin hüdudlarına dəyişikliklər edilməsi istiqamətində işlər görülmüşdür.
May ayı ərzində də yeni binaların istifadəyə verilməsi və həmin binalarda seçicilərin qeydiyyata düşərək məskunlaşması prosesi izlənilmiş və bunun dairə hüdudlarında səbəb ola biləcəyi mümkün dəyişikliklər təhlil olunaraq diqqətdə saxlanılmışdır.
Mərkəzi Seçki Komissiyası KİV-lə əməkdaşlığa böyük əhəmiyyət verir və öz fəaliyyətində şəffaflığın təmin olunması üçün media ilə əlaqələrini daima genişləndirir. Mərkəzi Seçki Komissiyasının bütün iclasları KİV nümayəndələri üçün açıqdır və onlara bu barədə əvvəlcədən məlumat verilir. İclasda iştirak media mənsublarının komissiyanın işi haqqında operativ məlumat əldə etməsinə şərait yaradır. Bundan başqa, MSK mütəmadi olaraq görülmüş işlər, keçirilmiş tədbirlər və görüşlər haqqında mətbuat bülletenləri yayır. MSK sədrinin aylıq brifinqləri ənənə halını almışdır. 27 may tarixində komissiyanın iclasının davamı olaraq keçirilmiş brifinqdə bu ay ərzində MSK-nın fəaliyyətilə bağlı sədr ətraflı məlumat vermiş və media mənsublarının suallarını cavablandırmışdır. 13, 20, 22, 27, 30, 31 may tarixlərində MSK sədri respublikada fəaliyyət göstərən televiziya kanallarının xəbərlər verilişlərinə müsahibələr vermişdir. Əlavə olaraq, may ayı ərzində MSK nümayəndələrinin bir sıra televiziya kanallarında müsahibələri təşkil olunmuşdur. Həmçinin, komissiyanın təmsilçiləri müxtəlif mətbuat vasitələrində məqalələrlə çıxış edir və xəbər agentliklərini maraqlandıran məsələlərlə bağlı mütəmadi olaraq onlara məlumat verir.
Mərkəzi Seçki Komissiyasının Azərbaycan və ingilis dillərində hesabatları komissiyanın internet səhifəsində yerləşdirilir və hər ay elektron poçt vasitəsilə yerli və beynəlxalq (xarici) qurumlara ünvanlanır.