. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ HESABATI

1
AZƏRBAYCAN RESPUBLİKASI

MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
HESABATI

Aprel, 2008

www.msk.gov.az
www.cec.gov.az
www.infocenter.gov.az


Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası 2008-ci ilin payızında keçirilməsi nəzərdə tutulan Prezident seçkilərinin hazırlanıb keçirilməsinə yönəlmiş fəaliyyətini aprel ayı ərzində də davam etdirmişdir.
Seçici siyahıları üzərində iş davam etdirilir. Mərkəzi Seçki Komissiyası təqdim olunmuş seçici siyahılarını çap etmiş və təkrar yoxlanaraq təsdiq olunması məqsədilə dairə seçki komissiyalarına qaytarmışdır. Onlar da öz növbəsində məlumatları bir daha dəqiqləşdirərək təsdiq olunmuş siyahıları MSK-ya təhvil vermişlər. Hazırda Mərkəzi Seçki Komissiyası dəqiqləşdirmə prosesi nəticəsində ortaya çıxmış əlavə və düzəlişləri seçicilərin vahid məlumat bazasına daxil edir, siyahılardakı mümkün təkrar və yanlışları ararşdıraraq aradan qaldırır. Dəqiqləşdirilmiş siyahılar MSK-nın internet səhifəsində yerləşdirilir. Seçicilər internet səhifəsində öz adlarını axtarış sistemi, yaxud məntəqələr üzrə tərtib olunmuş siyahılardan istifadə etməklə yoxlaya bilər. Adlarını siyahıda tapmadıqları halda səsvermə hüququ olan vətəndaşlar Mərkəzi Seçki Komissiyasının seçicilər üçün qaynar xəttinə (115 və ya internet səhifəsindəki elektron qaynar xətt) müraciət edə, həmçinin internet səhifəsindəki müvafiq formanı dolduraraq  Mərkəzi Seçki Komissiyasına ünvanlaya bilərlər. Statistik məlumat olaraq qeyd etmək lazımdır ki, Mərkəzi Seçki Komissiyasının qaynar xəttinə aprel ayı ərzində 80-ə yaxın müxtəlif xarakterli müraciət daxil olmuş və müraciətlərə uyğun muvafiq addımlar atılmışdır.
Yaxın vaxtlarda Mərkəzi Seçki Komissiyası seçicilərə öz məlumatlarını siyahılarda yoxlamaq üçün alternativ vasitələr də təqdim etməyi planlaşdırır. Hazırda bu məsələ ilə bağlı müvafiq qurumlarla müzakirələr aparılır və texniki baxımdan ortaya çıxan suallar aydınlaşdırılır. May ayında bu vasitələrdən bəzilərinin artıq seçicilərin istifadəsinə verilməsi nəzərdə tutulur.
Seçiciləri adlarının siyahılarda olub-olmamasını yoxlamağa təşviq etmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə yolu ilə geniş seçici məlumatlandırılması proqramı həyata keçirilir. Bu prosesin daha da genişləndirilərək seçkilərədək davam etməsi nəzərdə tutulur. Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış “Adınızı seçicilər siyahısında yoxlayın” mövzulu təşviqat klipi müxtəlif TV kanalları tərəfindən yayımlanmaqdadır. 
Ölkədə gedən tikinti-quruculuq işləri ilə əlaqədar olaraq bəzi ünvanlarda seçicilərin yaşayış yerlərini dəyişməsi, ünvanların əvəzlənməsi seçici siyahıları üzərində daha da intensiv iş aparılması zərurətini ortaya çıxarır. Bunu nəzərə alaraq, Mərkəzi Seçki Komissiyası mütəmadi olaraq dairələrin ərazisində seçicilərin yerdəyişməsi prosesi haqqında məlumatları alaraq təhlil edir, ünvanını dəyişmiş seçicilərin yeni ünvanları əhatə edən məntəqələrin seçicilər siyahısına daxil edilməsini təmin edir. Seçicilərin sayının artması, onların yerdəyişməsi və ya yeni yaşayış binalarının istifadəyə verilməsi bəzi məntəqələr üzrə seçici sayının qanunla müəyyən olunmuş həddi keçməsinə səbəb olur ki, bu da məntəqələrin hüdudlarının dəyişməsinə və ya yeni məntəqələrin yaranmasına gətirib çıxarır. Mərkəzi Seçki Komissiyası bu prosesi diqqətlə təhlil edərək müvafiq qurumlarla əməkdaşlıq şəraitində qarşıya çıxan problemləri həll edir.    
Qarşıdan gələn 2008-ci il Prezident seçkiləri zamanı seçicilərin səsverməsi üçün məntəqələrin daha münasib və yaxşı vəziyyətdə olan binalarda yerləşdirilməsi qarşıda duran vacib məsələlərdən biridir. Bununla əlaqədar Mərkəzi Seçki Komissiyası yerli hakimiyyətlərlə birgə təklif olunan binaları müəyyən edərək onların səsvermə üçün münasibliyini təhlil edir və dairə seçki komissiyalarına müvafiq tövsiyələr verir. Hazırda bu proses davam edir.  
Azərbaycan Respublikası Seçki Məcəlləsinə əsasən dairə seçki komissiyalarının işinin təşkilinə yardım üçün daimi fəaliyyət göstərən katiblik təsis olunmuşdur. Daimi fəaliyyət göstərən katibliklərdə 6 (texniki personal da daxil olmaqla) əməkdaş faəliyyət göstərir ki, onlar da müvafiq olaraq kargüzarlıq, maliyyə, informasiya təminatı, texniki məsələlər və s. sahələrdə dairə seçki komissiyalarının işinin təşkilinə yardım edir. Katibliyin əsas vəzifələrinə təqdim olunmuş namizədlər Mərkəzi Seçki Komissiyası tərəfindən müsahibədən keçirilmiş, peşəkarlıq səviyyəsi yoxlanılmış və işə qəbul edilmişdır.
Aprel ayı ərzində də bəzi dairə seçki komissiyaları yeni inzibati binalara köçürülmüş yaxud yerləşdiyi binalar əsaslı təmir olunmuşdur. Eyni zamanda, dairə seçki komissiyalarının təchizat məsələləri də bir daha nəzərdən keçirilmiş və ehtiyacı olanlar əlavə lazımi avadanlıqlarla təchiz olunmuşlar. Mərkəzi Seçki Komissiyası həmçinin dairə seçki komissiyalarını fəaliyyətlərini qurmaqda yardımçı olacaq sənəd nümunələri və lazımi hüquqi məlumatlarla da təmin edir.    
Mərkəzi Seçki Komissiyası beynəlxalq (xarici) qurumlarla əməkdaşlığını davam etdirir və onların təmsilçilərilə tez-tez görüşlər keçirir. Xüsusilə, ATƏT-in Bakı ofisi və İFES-lə keçirilən görüşlər mütəmadi xarakter almışdır. Adı çəkilən təşkilatlarla bir sıra birgə layihələr üzərində iş aparılır. Prezident seçkilərilə bağlı layihələrin hazırlanması və icrası beynəlxalq təşkilatların yerli təmsilçiliklərilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir.
25 aprel 2008-ci ildə Mərkəzi Seçki Komissiyası və ATƏT-in Bakı ofisi “Seçkilər KİV-də” mövzusunda birgə seminar təşkil etmişdir. Tədbirə 35 kütləvi informasiya vasitəsi dəvət olunmuşdur. Seminarın əsas məqsədi seçkiqabağı təşviqat və təbliğat zamanı mühüm rol oynayan KİV nümayəndələrinin seçki qanunvericiliyinin tələbləri və mövcud beynəlxalq normalar barədə məlumatlandırılması idi. Tədbirdə Prezident seçkiləri zamanı seçkiqabağı təşviqat, seçki qurumlarının fəaliyyətində aşkarlıq, seçki günü, seçkilərdə KİV-in rolu və s. mövzularda beynəlxalq ekspert və Mərkəzi Seçki Komissiyası nümayəndələri məruzələrlə çıxış etmiş və iştirakçıların suallarını cavablandırmışlar. Seminarda həmçinin Komissiya üzvləri, Aparatın rəsmiləri və beynəlxalq (xarici) qurumların təmsilçiləri də iştirak etmişlər.  
Mərkəzi Seçki Komissiyası KİV-lə əlaqələri daimi əsas prioritetlərdən biri olaraq dəyərləndirir və media nümayəndələri vasitəsilə ictimaiyyətə lazımi məlumatların çatdırlımasına çalışır. Bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilməkdədir. Mərkəzi Seçki Komissiyasının ictimaiyyətlə əlaqələr proqramının tərkib hissələrindən biri də mətbuat brifinqləridir. Mərkəzi Seçki Komissiyası sədrinin KİV üçün növbəti brifinqi aprelin 7-də keçirilmişdir. Brifinqə ölkənin əsas media vasitələrinin nümayəndələri dəvət olunmuşdu. Tədbir zamanı Mərkəzi Seçki Komissiyası sədri cənab M.Pənahov jurnalistlərə görülən işlər barədə ətraflı məlumat vermiş və onların suallarını cavablandırmışdı. 
Bununla yanaşı, Mərkəzi Seçki Komissiyası rəsmiləri müxtəlif telekanalların qonağı olmuş (10 aprel İTV, 18 aprel ANS, 24 aprel İTV) və dəfələrlə ölkə ictimaiyyətini maraqlandıran məsələrlə bağlı xəbər proqramları üçün müsahibələr vermişlər. Bundan əlavə, Mərkəzi Seçki Komissiyası təmsilçilərinin açıqlamaları xəbər agentlikləri tərəfindən yayılmış və mətbuatda dərc olunmuşdur.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası