. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ HESABATI


MİLLİ MƏCLİSƏ SEÇKİLƏR - 2010

AZƏRBAYCAN RESPUBLİKASI

MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
HESABATI

Sentyabr - Oktyabr, 2010

www.msk.gov.az
www.cec.gov.az
www.infocenter.gov.az


Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2010-cu il tarixli Sərəncamı ilə dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 7 noyabr 2010-cu ilə təyin edilmişdir. Parlament seçkilərinin keçirilməsi üçün “Dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı” Mərkəzi Seçki Komissiyası tərəfindən 6 sentyabr 2010-cu ildə təsdiq edilmişdir.
2010-cu ilin Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər ili olduğunu nəzərə alaraq Mərkəzi Seçki Komissiyası ilin əvvəlindən etibarən bir sıra layihələr hazırlayaraq həyata keçirilməsinə başlamışdır.
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinə əsasən hər il olduğu kimi 2010-cu ildə də yanvar ayından may ayının sonunadək seçici siyahılarının dəqiqləşdirilməsi prosesini həyata keçirmişdir. Bu müddət ərzində fəaliyyət göstərən məntəqə seçki komissiyalarının üzvləri “qapı-qapı“ gəzərək öz məntəqələrinin seçici siyahısını dəqiqləşdirmişlər. Sonradan bu məlumatlar dairə seçki komissiyalarına və növbəti mərhələdə isə MSK-ya ötürülmüşdür. MSK seçicilərin daxil olduğu məlumat bazasını toplayaraq orada mümkün təkrar və qeyri-dəqiqlikləri yoxlamış və sonra seçici siyahılarının dürüst variantını DSK-lara təqdim etmişdir.
Respublika üzrə seçici siyahıları seçicilərin tanış olması məqsədilə seçki məntəqələrində divardan asılmaqla yanaşı, həmçinin 2005-ci ilin əvvəllərindən etibarən MSK-nın internet səhifəsində də yerləşdirilmişdir. Hər bir seçici bu səhifədə öz adının seçici siyahısında olub-olmadığını siyahılara birbaşa keçid, yaxud müvafiq axtarış sistemindən istifadə etməklə yoxlaya və özü haqqında olan məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, səs verdiyi məntəqə və dairənin sayını) dəqiqləşdirə bilər. Habelə, seçici səs verəcəyi məntəqənin yerləşdiyi ünvan, şəhərlərdə həmçinin sözügedən ərazinin xəritəsi, həmin ünvan istiqamətində hərəkət edən nəqliyyat vasitələri barədə lazımi məlumatları bu səhifədən əldə edə bilər. Seçicilər məlumatlarında aşkar etdikləri yanlışlıqların aradan qaldırılması ilə bağlı 115 nömrəli qaynar xəttə zəng vura, yaxud internet səhifəsindəki müvafiq “on-line” ərizə formasını dolduraraq Mərkəzi Seçki Komissiyasına ünvanlaya bilərlər. Bu məlumatlar bir daha nəzərdən keçirilir və lazımi dürüstləşdirmələr aparılır. Seçicilər adlarını seçici siyahılarında yoxlamaq üçün müvafiq dairə seçki komissiyasına da müraciət edə bilərlər. Seçici siyahılarının dəqiqləşdirilməsi prosesi mütəmadi olaraq həyata keçirilir. 
Seçici siyahılarının dəqiqləşdirilməsi təkcə seçki ili və məhdud müddət ərzində deyil, ümumilikdə, il boyu müvafiq qurumlarla (yerli Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi, Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi və vətəndaşların qeydiyyatının aparan digər qurumlarla) əməkdaşlıq şəraitində gündəlik əsaslarla davam etdirilir və seçicilərin vəziyyəti barədə müvafiq məlumat operativ olaraq DSK-lara çatdırılır və siyahılarda nəzərə alınır. MSK əldə edilmiş məlumatlara əsasən seçicilərin artım dinamikasını təhlil edərək Seçki Məcəlləsinin tələbləri nəzərə alınmaqla respublika üzrə dairə və məntəqələrin dislokasiyasını nəzərdən keçirmiş və orta təmsilçilik normasını nəzərə alaraq dairələrin hüdudlarında zəruri dəyişikliklər etmişdir. Bu prosesin nəticəsi olaraq 39 seçki dairələrinin hüdudlarında, o cümlədən 3 seçki dairəsinin adında (50 saylı Qobustan – Xızı – Sumqayıt, 83 saylı Ağcabədi – Füzuli, 124 saylı Şuşa – Ağdam – Xocalı – Xocavənd) dəyişikliklər edilmişdir. Seçki dairələrinin yeni təsdiq olunmuş dislokasiyası dərc olunaraq ictimailəşdirilmişdir.
Seçici siyahıları ilə əlaqədar fəaliyyət göstərən 115 nömrəli qaynar xəttə keçən dövr ərzində daxil olmuş müraciətlərə MSK tərəfindən operativ reaksiya verilmiş və lazımi tədbirlər görülmüşdür . Seçicilər seçici siyahılarında öz məlumatlarını tapmadıqda Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilmiş elektron ərizə formasını dolduraraq komissiyaya göndərmiş və bu qəbildən olan müraciətlər də yerli seçki komissiyaları ilə dəqiqləşdirilərək müvafiq addımlar atılmışdır.
Qaynar xətlərə seçkilərlə bağlı digər xarakterli sorğularla müraciət edən vətəndaşların sualları da ətraflı şəkildə cavablandırılmışdır.
Seçici siyahılarının bu müddət ərzində dürüstləşdirilmiş son variantının bir nüsxəsi dairə seçki komissiyalarında, digər nüsxəsi isə Mərkəzi Seçki Komissiyasında saxlanılmış, o cümlədən dürüstləşdirilmiş son nüsxə Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilmişdir.
Ölkə ərazisində məskunlaşmış məcburi köçkünlərin bütün respublika regionlarına səpələnməsi daima onların səsverməsinin təşkilini daha da çətinləşdirir və bununla bağlı aparılan gərgin iş davam etdirilməkdədir.
Seçicilərin öz adlarını siyahılarda yoxlaması üçün MSK müxtəlif vasitələrlə intensiv təşviqat kampaniyası aparmış və KİV-lə bu istiqamətdə sıx əməkdaşlıq edilmişdir.
Dürüstləşdirilmiş son siyahılar Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun qaydada çap olunaraq məntəqə seçki komissiyalarına çatdırılması üçün DSK-lara təhvil verilmişdir.
Mərkəzi Seçki Komissiyası seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı hazırlığın və ehtiyacların öyrənilməsi məqsədilə aprelin 5-dən etibarən 2007-ci ildən etibarən ölkə ərazisində daimi fəaliyyət göstərən dairə seçki komissiyalarının iş şəraitinin və maddi-texniki vəziyyətinin monitorinqini həyata keçirmişdir (aşağı seçki komissiyalarının monitorinqinə 2006-cı ilin sonlarından başlanılmışdır və mütəmadi olaraq hər il həyata keçirilir). Təqribən 2 ay ərzində Mərkəzi Seçki Komissiyasının üzvlərindən və Katibliyin əməkdaşlarından ibarət monitorinq qrupları 125 dairə seçki komissiyasının fəaliyyətini yoxlamışlar. Monitorinq zamanı dairə seçki komissiyalarının kargüzarlıq işlərindən tutmuş, onların yerləşdiyi binada mövcud olan iş şəraitinədək bütün müvafiq məsələlər nəzərdən keçirilmişdir.
Respublika Prezidentinin göstərişi ilə ölkə ərazisində yerləşən 125 seçki dairəsi üzrə dairə seçki komissiyalarının iş şəraiti yaxşılaşdırılmışdır. Belə ki, 100-dən artıq DSK üçün qısa müddətdə yüksək standartlara cavab verən yeni inzibati binalar inşa olunmuş, qalan dairə seçki komissiyalarının yerləşdiyi binalarda isə lazımi təmir və yenidənqurma işləri aparılmışdır. Bütün dairə seçki komissiyaları yeni informasiya texnologiyaları avadanlıqları da daxil olmaqla zəruri ofis ləvazimatları ilə təchiz olunmuşdur.
2010-cu ildə Mərkəzi Seçki Komissiyasının yeni tikilmiş inzibati binası istifadəyə verilmişdir. Yüksək səviyyədə inşa olunmuş binada komissiya üzvlərinin və əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılmış, respublika üzrə mövcud Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi şəbəkəsinin və respublika üzrə canlı müşahidə məqsədilə qurulmuş veb-kamera şəbəkəsinin mərkəzi bu binaya köçürülmüşdür.
Müxtəlif statuslu seçki iştirakçılarının maarifləndirilməsi MSK üçün daima prioritet olaraq qalmaqdadır. 7 noyabr 2010-cu ildə keçiriləcək seçkilərlə bağlı bu istiqamətdə hələ seçkilərə start verilməzdən əvvəl başlamaqla bir sıra layihələr həyata keçirilmişdir.
Seçki prosesi ilə əlaqədar aşağı seçki komissiyalarına maarifləndirmə proqramı çərçivəsində iyulun 7 və 8-də Avropa Şurasının Venesiya Komissiyası ilə birgə dairə seçki komissiyalarının şikayət və müraciətlərə baxılmasına məsul olan ekspert qruplarının üzvləri üçün seminar-treninqlər keçirmişdir. Seminar-treninqlər zamanı yerli və beynəlxalq mütəxəssislər seçkilərlə bağlı şikayət və müraciətlərə baxılması məsələlərinə həsr olunmuş mövzularla çıxışlar etmiş, iştirakçıların suallarını cavablandırmış və əvvəlki seçkilər zamanı baş vermiş hallarla bağlı fikir mübadiləsi aparılmışdır.
Seçkilərin Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun hazırlanıb keçirilməsi məqsədilə seçki komissiyalarının üzvləri üçün kursların təşkili artıq ənənə halını almışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixli Sərəncamında Mərkəzi Seçki Komissiyasına seçki komissiyaları üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi və seçkilərin keçirilməsinə dair maarifləndirmə işlərinin aparılması tövsiyə edilmişdir. Bu sərəncam azad və ədalətli seçkilərin keçirilməsi, eləcə də seçki prosesində insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş siyasi iradəni özündə ehtiva edir. Mərkəzi Seçki Komissiyası Sərəncamdan irəli gələn tövsiyələri yerinə yetirmək məqsədilə aşağı seçki komissiyası üzvlərinin hüquqi bilik və peşə bacarıqlarının artırılması üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsini nəzərdə tutan layihə hazırlamışdır. Sözügedən layihə 2 fazadan ibarət olmaqla təxminən 6000-dən artıq seçki rəsmisini əhatə etmişdir. Layihənin birinci mərhələsində nəzərdə tutulduğu kimi 2010-cu ilin 23-29 avqust tarixlərində dairə seçki komissiyalarının sədrləri üçün Bakı şəhərində Mərkəzi Seçki Komissiyası tərəfindən bir həftəlik tədris kursu keçirilmişdir. Tədris proqramı çərçivəsində kurs iştirakçıları 4 qrup şəklində bölünərək Bakı şəhərində yerləşən bir-neçə dairə seçki komissiyasına səfər etmiş, həmin seçki komissiyaları ilə təcrübə mübadiləsi aparmış, onların iş şəraiti və fəaliyyətləri ilə yaxından tanış olmuşlar. Kurs iştirakçıları eyni zamanda, Ali Məhkəmənin sədri və hakimləri ilə görüşmüş, məhkəmə sədrinin şikayət və müraciətlərə baxılması ilə bağlı tövsiyələrini dinləmişlər.
Kurs ərzində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Bakı Apelyasiya Məhkəməsi və Mərkəzi Seçki Komissiyasının məsul şəxsləri müxtəlif mövzularda mühazirələrlə DSK sədrləri qarşısında çıxış etmiş, praktiki məşğələlər aparmışdırlar. Tədris proqramına insan hüquqları, Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, beynəlxalq seçki standartları, seçkilərdə siyasi partiyaların rolu, digər ölkələrin seçki təcrübəsi, seçkilərdə şəffaflıq, şikayət və müraciətlərə baxılması, seçkiqabağı təşviqat və s. kimi mövzular daxil edilmiş, o cümlədən əvvəlki illərdə keçirilmiş seçkilər və “öyrənilmiş dərslər” nəzərdən keçirilmişdir. İştirakçılar onları maraqlandıran suallarla natiqlərə müraciət edərək lazımi məlumatları almışlar. Kursların gedişində ATƏT-in Bakı ofisinin rəhbəri də iştirak etmişdir.
Layihənin ikinci mərhələsinin yerlərdə icrası sentyabrın 1-3-də baş tutmuşdur. Kurslar MSK tərəfindən təsdiq olunmuş tədris proqramı əsasında keçirilmiş və  DSK üzvləri, DSK katibliklərinin əməkdaşları və məntəqə seçki komissiyalarının sədrləri iştirak etmişdir. Yerli məhkəmə və prokurorluqların rəhbərləri, rayon icra hakimiyyətlərinin məsul işçiləri və dairə seçki komissiyalarının sədrləri kurs iştirakçıları qarşısında çıxışlar etmişlər. Praktiki məşğələlər iştirakçıları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsinə şərait yaratmışdır. 
İşğal altında olan rayonları əhatə edən seçki dairələrinin məntəqə seçki komissiyalarının üzvləri də məntəqələrin yerləşdiyi ərazilərdə keçirilən kurslara cəlb edilmişlər. Kursların gedişi bir sıra KİV-lər tərəfindən işıqlandırılmış və ictimaiyyətə məlumat verilmişdir.
Seçki günü prosesin şəffaflığının təmin olunmasında Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi – “Seçkilər” informasiya şəbəkəsi önəmli yer tutur. Bu şəbəkədən və müvafiq proqram təminatından düzgün istifadə məqsədilə mütəxəssislərin lazımi bilik və bacarıqlar əldə etməsi üçün sentyabr ayının 15-dən etibarən 1 həftə ərzində treninqlər keçirilmiş, onlara proqram təminatının spesifik yeni detalları barədə məlumat verilmiş və şəbəkəyə qoşulmuş avadanlıqların yoxlanaraq seçkilərə hazır vəziyyətə gətirilməsi təmin edilmişdir. Bu qəbildən olan treninqlərin növbəti mərhələsi oktyabr ayının 27-30-da baş tutmuşdur. Bu treninqlər zamanı şəbəkənin yoxlanılması üçün həyata keçiriləcək sınaq prosesinə hazırlıqla bağlı müvafiq məlumatlar da DSK mütəxəssislərinə çatdırılmışdır.
Beynəlxalq təşkilatlarla həyata keçirilən layihələrdən biri də ATƏT-in Bakı ofisi ilə birgə keçirilmiş informasiya sessiyalarıdır. İlk belə sessiya sentyabrın 20-dən etibarən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı və ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda keçirilmişdir. Bu məlumat sessiyaları rayonların icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri üçün təşkil edilmişdir. İlk məlumat sessiyası sentyabrın 20-də Bakının və ətraf rayonların icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri üçün keçirilmişdir. Sentyabrın 21-də Şirvanda, 22-də Mingəçevirdə, 24-də isə Naxçıvanda müvafiq bölgələrin rayon icra hakimiyyəti başçıları və DSK sədrləri üçün eyni səpkili sessiyalar keçirilmişdir.
Mərkəzi Seçki Komissiyası seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin daha da artırılması üçün mütəmadi olaraq layihələr hazırlayaraq həyata keçirir. 2002-ci ildən əsası qoyulmuş və artıq ənənə halını almış layihələrdən biri də aşağı seçki komissiyaları üçün əyani vəsaitlərdən istifadə olunmaqla həyata keçirilən treninq layihəsidir. Əvvəllər kiçik trenerlər qrupu vasitəsilə bu layihə həyata keçirilirdi. Amma 2008-ci ildən etibarən Mərkəzi Seçki Komissiyası Avropa Şurası Venesiya Komissiyası ilə birgə hər seçki dairəsi üçün 2 yerli trener hazırlamışdır. Bu trenerlər bir neçə ildir ki, dairə və məntəqə seçki komissiyası üzvlərinin maarifləndirilməsində mühüm rol oynayır. 2010-cu ildə keçiriləcək Milli Məclisə seçkilərlə bağlı aşağı seçki komissiyalarının maarifləndirilməsi məqsədilə 2 mərhələli treninq layihəsi hazırlanmışdır. Birinci mərhələ çərçivəsində oktyabrın 5-dən başlayaraq Bakıda Avropa Şurasının Venesiya Komissiyasının ekspertləri ilə birgə Mərkəzi Seçki Komissiyasının Treninq qrupu tərəfindən “Trenerlər üçün Treninq” keçirilmişdir. Bu treninq zamanı 125 seçki dairəsindən olan 250 yerli trener Milli Məclisə seçkilərdə səsvermə prosesi, müstəsna hallar, səslərin sayılması, protokolların doldurulması da daxil olmaqla seçki günü prosedurları barədə məlumatlandırılmış, praktiki məşğələlər zamanı seçki günü ortaya çıxa biləcək hallar əhatə olunmuşdur. Tədbir zamanı habelə, əvvəlki seçkilər zamanı keçirilmiş treninqlərdə əldə olunmuş təcrübə müzakirə edilərək iştirakçılara lazımi tövsiyələr verilmişdir. Layihənin dairə və məntəqə seçki komissiyaları (DSK və MnSK) üzvlərinin cəlb olunduğu ikinci mərhələsində istifadə olunması məqsədi ilə MSK Treninq qrupu aşağı seçki komissiyaları üzvlərinin treninqi üçün lazımi məlumatları əks etdirən xüsusi yardımçı slaydlar hazırlayaraq seçki dairələri üzrə treninq qruplarına təqdim etmişdir. Aşağı seçki komissiyalarının treninqinin ikinci mərhələsi oktyabrın 14-dən etibarən başlamış və Mərkəzi Seçki Komissiyasının Treninq qrupunun təqdim etdiyi cədvələ əsasən 25-30 nəfərlik kiçik qruplar üçün əyani vəsaitlərdən istifadə edilməklə keçirilmişdir. Bu proses təqribən 15 günədək davam etmişdir. Treninq çərçivəsində aşağı seçki komissiyası üzvləri seçki prosesi ilə bağlı ətraflı məlumatlandırılmışlar. Habelə, bu treninqlər zamanı hər bir MnSK üzvünə “Seçki Günü üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər sənəd nümunələri təqdim olunmuşdur. Bütünlükdə bu treninqlərdə 32 000-dən artıq komissiya üzvü iştirak etmişdir.
Seçicilərin maarifləndirilməsi Mərkəzi Seçki Komissiyasının daima diqqət mərkəzindədir. 2010-cu ilin seçki ili olduğunu nəzərə alaraq MSK bu istiqamətdə işlərini daha da intensivləşdirmiş və bir sıra layihələr hazırlamışdır.
Avqust ayından etibarən Mərkəzi Seçki Komissiyasının üzvləri və əməkdaşları respublikanın bütün ərazisində yayımlanan AzTV və İTV telekanallarında həftədə iki dəfə seçkilərlə bağlı müxtəlif mövzularda çıxış edirlər. MSK təmsilçilərinin mətbuat səhifələrindəki məqalələri və müsahibələri də seçicilərin seçki biliklərinin artırılmasına hədəflənən layihələrdəndir. Bundan başqa, MSK tərəfindən təşviqat və məlumatlandırma xarakterli 6 videoçarx hazırlanaraq respublikada fəaliyyət göstərən 7 TV kanalı vasitəsilə mütəmadi olaraq yayımlanmaqdadır. Bu çarxlar “Adınızı seçici siyahısında yoxlamağı unutmayın”, “Seçici siyahıları MSK-nın internet səhifəsində” və çağırış mövzulu olmuşdur. Noyabr ayının əvvəlindən etibarən isə “səsvermə proseduru” mövzulu videoçarx seçicilərə təqdim olunacaq. Seçiciləri seçkilərlə bağlı müxtəlif sahələrdə məlumatlandıran yüz minlərlə plakat çap edilərək dairə seçki komissiyalarına təqdim edilmiş və onlar da öz növbəsində bu materialları əhalinin sıx olduğu yerlərdə və seçki məntəqələrində asmışlar. Seçicilərin maarifləndirilməsi üçün atılan addımlardan biri də Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbinə əsasən hər bir seçiciyə çatdırılmalı olan bildiriş vərəqələrinin arxa hissəsində seçicilər üçün “Səsvermə qaydalarına dair yaddaş”ın yerləşdirilməsidir ki, bu da seçicilərin əməl etməli olduqları prosedurlar barədə informasiya almasını təmin edir.
Seçicilərin mühüm zümrələrindən biri də ilk dəfə səs verəcək gənclərdir. Seçkilər ərəfəsində Gənclər və İdman Nazirliyinin ilk dəfə səs verəcək seçicilərlə oktyabr ayı ərzində respublikanın müxtəlif bölgələrində MSK ilə birgə keçirdiyi görüşlərdə onlara səsvermə proseduru və ortaya çıxa biləcək istisna hallarla bağlı ətraflı məlumat verilmişdir.
Seçki prosesinə qatılmaq istəyən namizədlərin maarifləndirilməsinə diqqət bu seçkilər zamanı daha da artırılmışdır. Belə ki, namizədlərin qeydiyyatı prosesinin rəvan getməsi, namizədlərin öz sənədlərini qüsursuz tərtib edərək DSK-lara təqdim etməsi məqsədilə Mərkəzi Seçki Komissiyası ilk dəfə olaraq Milli Məclisə seçkilərlə bağlı “Deputatlığa namizədlər üçün yaddaş kitabçası” hazırlayaraq çap etmişdir. Yaddaş kitabçasında deputatlığa namizədliyin irəli sürülməsi, seçici imzalarının toplanması, deputatlığa namizədliyin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi, namizədin qeydə alınması qaydaları əks olunmuş, eyni zamanda, namizədlərin hüquq və vəzifələri izah edilmişdir. Milli Məclisə seçkilərlə bağlı namizədliyini irəli sürmək istəyən şəxslərin bu yaddaş kitabçasından istifadə edərək lazımi informasiya toplaması üçün effektiv hüquqi yardım göstərmişdir. Kitabçada namizədlərin riayət etməli olduqları, həmçinin onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumatlar verilmişdir.  Yaddaş kitabçası Azərbaycan Respublikası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanmışdır.
Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə bağlı seçki subyektlərinin maarifləndirilməsi proqramının davamı olaraq             polisin seçki prosesində öz vəzifələri haqqında məlumatının artırılması məqsədi ilə Azərbaycan Respublikası Daxili işlər nazirliyi ilə birgə sentyabrın 1-dən etibarən bir həftəlik “Polis əməkdaşlarının seçkilərdə iştirakı” mövzusunda regional seminarlar keçirmişdir. Həmçinin MSK ilk dəfə “Polis əməkdaşlarının Milli Məclisə seçkilərdə iştirakına dair Yaddaş Kitabçası” hazırlayaraq çap etdirmişdir. Yaddaş kitabçasının mətni Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə hazırlanmışdır. Nəşrdə polis əməkdaşının seçkiqabağı təşviqat dövründə, rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində və səsvermə günü öz xidməti vəzifələrini yerinə yetirərkən üzərinə düşən vəzifələri haqda ətraflı məlumat verilmişdir.
2010-cu il iyunun 18-də Seçki Məcəlləsinə bir sıra əlavə və dəyişikliklər edilmişdir. Bu dəyişikliklərdən dərhal sonra MSK Milli Məclisə seçkilərlə bağlı normativ-hüquqi bazanın işlənib hazırlanması prosesinə başlamış və bu istiqamətdə məqsədyönlü iş aparmışdır. Öncə Seçki Məcəlləsinin əlavə və dəyişiklikləri əks etdirən yeni variantı hazırlanaraq böyük tirajla çap olundu. Sonra seçki qanunvericiliyi müddəalarının peşəkarcasına icrasını və seçki hüququ üzrə biliklərin artırılmasını təmin etməkdən ötrü MSK bir sıra  normativ xarakterli aktlar­ - təlimat, izah və qaydalar qəbul etmiş, əvvəllər qəbul etdiyi normativ aktları seçki qanunvericiliyinə edilmiş son əlavə və dəyişikliklər nəzərə alınmaqla yenidən nəzərdən keçirmiş, aşağı seçki komissiyalarının üzvləri, müşahidəçilər, namizədlər, habelə seçki prosesinin digər iştirakçıları üçün yaddaş kitabçaları və bu kimi digər metodiki vasitələr hazırlamışdır. İşlənib hazırlanmış 23  hüquqi-normativ aktlardan ibarət 5 toplu da nəşr olunaraq Seçki Məcəlləsi ilə birlikdə seçki komissiyalarının 32 mindən artıq üzvünə çatdırılmışdır.
Çap məhsulları sırasına səsvermə bülletenləri, dairə və məntəqə seçki komissiyaları üçün yekun protokolları da daxildir ki, bunlar da Seçki Məcəlləsinin tələbinə  uyğun çap olunaraq aşağı seçki komissiyalarına çatdırılmışdır. Həmçinin müşahidəçilər və digər maraqlı seçki subyektlərinə verilməsi üçün yekun protokolların nümunəsi də hər birinə 30 nüsxə olmaqla məntəqə seçki komissiyalarına verilmişdir.
Səsvermənin gizliliyinin təmin olunması daima diqqət mərkəzində saxlanılır. Gözdən əlillərin də gizli səsvermə prinsipi qorunmaqla səsverməsi üçün MSK 2003-cü ildən bəri formalaşmış ənənəsinə sadiq qalaraq builki seçkilərdə də xüsusi trafaretlər hazırlayaraq məntəqə seçki komissiyalarına təqdim etmişdir.
Milli Məclisə seçkilərlə əlaqədar müşahidəçilərin maarifləndirilməsi üçün hazırlanan “Müşahidəçilər üçün yaddaş” kitabçası nəşr edilmişdir. Yaddaş kitabçasında müşahidə aparılmasının prinsipləri əks olunmuş, eyni zamanda, müşahidəçilərin hüquq və vəzifələri izah edilmişdir. Kitabçada müşahidəçilərin riayət etməli olduğu, həmçinin onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumatlar verilmişdir. Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında Azərbaycan, ingilis və rus dillərində çap olunmuşdur. Bu kitabçalar və “Seçki günü üçün yaddaş” kitabçası müşahidəçilərə paylanması məqsədilə DSK-lara, siyasi partiyalara və müraciət etmiş digər təşkilatlara  təqdim olunmuşdur.
7 noyabr 2010-cu ildə keçiriləcək Milli Məclisə seçkilər elan edildikdən sonra qarşıdan gələn seçkilərdə namizəd qismində iştirak etmək niyyətində olan vətəndaşlar dairə seçki komissiyalarına müraciət etmiş və lazımi sənədləri təqdim etdikdən sonra imza vərəqələri ilə təmin olunmuşlar. Namizədlərin qeydiyyatı mərhələsi seçkilər elan olunduğu gündən başlamış və oktyabrın 15-dək davam etmişdir. MSK namizədlərin qeydiyyatı prosesini asanlaşdırmaq və sürətləndirmək məqsədilə sənədləri dairə seçki komissiyalarına təqdim edərkən doldurulmalı olan formalar hazırlamış və namizədlər üçün yaddaş kitabçasında bu prosesin ətraflı izahını təqdim etmişdir. Namizədlikləri təsdiq olunan vətəndaşlar imza vərəqələri götürərək imza toplamışlar. 1412 iddiaçı imza vərəqi götürmüş və yalnız 1115 nəfər imza toplayaraq imza vərəqələrini digər sənədlərlə birlikdə dairə seçki komissiyalarına (DSK) təqdim etmişlər. İmza vərəqələrini geri qaytarmış bu iddiaçılardan 72 nəfəri hələ sənədləri DSK tərəfindən baxılmazdan əvvəl namizədlikdən imtina etmiş və beləliklə DSK-lar 1043 namizədin sənədlərinə baxmışdır. Bunlardan 738 iddiaçı namizəd qismində qeydə alınmışdır. Lakin təqdim etdiyi sənədlərdə yol verilmiş ciddi qanun pozuntuları, o cümlədən gəlir mənbələrinin, əmlakla bağlı məlumatın qeyri-dürüstlüyü, əlavə olaraq, imza vərəqələrində yol verilmiş və xəbərdarlıqlar olunmasına baxmayaraq aradan qaldırılmamış qusurlar səbəbindən 302 nəfərin namizədliyinin qeydə alınması mümkün olmamışdır. Qeydə alınmış namizədlərin 53 nəfəri öz ərizələri ilə namizədliyini geri götürmüş və yekunda 688 nəfər namizədin adı seçki bülletenlərinə daxil edilmişdir. Deputatlığa namizədlərin 94 nəfəri qadındır. Qeydə alınmış namizədlərin irəli sürülməsi və siyasi partiya mənsubiyyəti üzrə məlumat hesabata əlavə olunur – Əlavə 1.
Namizədlərin qeydiyyatı prosesi ilə bağlı 115 nömrəli qaynar xətt və digər vasitələrlə daxil olmuş müraciətlərə MSK tərəfindən operativ reaksiya verilmiş və tədbirlər görülmüşdür. Sentyabr ayının əvvəlindən etibarən Mərkəzi Seçki Komissiyasının 115 nömrəli qaynar xəttinə 780 müraciət daxil olmuşdur.
Namizədlərin qeydiyyatı prosesində şəffaflığın təmin edilməsi eləcə də, namizədlər haqqında məlumatların dairələrdən alınması prosesini asan və operativ qaydada həyata keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarını xüsusi kompüter proqramı ilə təmin etmişdir. Bu proqramın köməyi ilə namizədlərin qeydiyyatı ilə bağlı məlumatlar Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin mövcud seçki şəbəkəsi vasitəsilə gündəlik olaraq Mərkəzi Seçki Komissiyasına ötürülmüş və birbaşa komissiyanın internet səhifəsində yerləşdirilməklə ictimaiyyətə təqdim olunmuş və mütəmadi olaraq yenilənmişdir.
Seçkilər zamanı mühüm məsələlərdən biri də vətəndaşların seçkilərlə bağlı müraciətlərinə baxılması və müvafiq qərarların qəbul olunmasıdır. Azərbaycan Respublikası Seçki Məcəlləsi və Avropa Şurası Venesiya Komissiyasının ekspertləri tərəfindən tövsiyə olunaraq MSK tərəfindən qəbul edilmiş müvafiq təlimata əsasən vətəndaşlar tərəfindən ünvanlanmış şikayət və müraciətlərə effektiv baxılması məqsədilə bir sıra vacib addımlar atılmışdır.
Komissiyaya daxil olmuş müraciət və şikayətlər Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Avropa Şurası Venesiya Komissiyası ilə birgə işlənib hazırlanmış “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a əsasən yaradılmış 9 nəfərdən ibarət Ekspert qrupu tərəfindən araşdırılmış və Mərkəzi Seçki Komissiyası tərəfindən müzakirə olunaraq qərarlar qəbul olunmuşdur. Şikayət və müraciətlər baxılması prosesində şəffaflığın təmin olunması və vətəndaşların öz müraciətlərini izləməsi üçün MSK-nın internet səhifəsində müvafiq bölmə yaradılmışdır ki, burada da şikayətin və ya müraciətin məzmunu, onu təqdim edən vətəndaş, araşdıran komissiya üzvü, araşdırmanın nəticəsində əldə olunan müvafiq rəy və qərar tam təfsilatı ilə yerləşdirilmişdir.
Oktyabr ayı ərzində Mərkəzi Seçki Komissiyasına onun səlahiyyətlərinə aid 239 müraciət daxil olmuşdur. Bu müraciətlərdən 172-si bilavasitə namizədliyin qeydiyyatı ilə əlaqədar olmuş və 4 halda müraciət edən tərəf müraciəti geri götürmüşdür. Qalan 168 müraciətə baxılarkən, onlardan 131 halda müvafiq dairə seçki komissiyasının qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanmış, 35 halda müraciət təmin edilmiş və bunun nəticəsində 35 namizəd MSK tərəfindən qeydə alınmış, 1 halda DSK-nın qeydə aldığı namizədin qeydiyyatı ləğv edilmiş və 1 halda namizədin qeydiyyatının ləğvi tələbi ilə bağlı digər bir namizəd tərəfindən daxil olmuş müraciət təmin edilməmişdir. O cümlədən, Bakı Apelyasiya Məhkəməsinin qərarı əsasında 5 və Ali Məhkəmənin qərarı əsasında isə 2 müraciətə yenidən baxılması Mərkəzi Seçki Komissiyasına həvalə edilmiş və bu müraciətlərin 7-si də namizədin xeyrinə müsbət həll edilmişdir.
49 halda müraciət əsassız olduğundan təmin edilməmiş, 11 halda  mübahisə predmeti aradan qalxdığından və ya öz həllini tapdığından müraciətə xitam verilmiş, 6 halda müraciət müddətin ötürülməsi ilə daxil olduğundan geri qaytarılmış, 1 halda isə namizədliyin geri götürülməsi ilə bağlı dairə seçki komissiyasının qərarı ləğv edilmiş və vətəndaşın namizədliyi təkrar bərpa olunmuşdur.
Bütün bu proses barədə ətraflı məlumat vətəndaşların məlumatlandırılması üçün MSK-nın internet səhifəsində yerləşdirilmişdir.
Eyni zamanda, vətəndaşların dairə seçki komissiyalarına daxil olmuş şikayət və müraciətlərinin araşdırılması məqsədi ilə dairə seçki komissiyaları nəzdində 3 nəfərdən ibarət ekspert qrupları fəaliyyət göstərir.
Oktyabrın 15-dən etibarən namizədlərin qeydiyyatı başa çatdıqdan sonra seçkiqabağı təşviqat mərhələsi başlanmışdır. Bu mərhələ seçki marafonunun mühüm fazalarından biridir. Mərkəzi Seçki Komissiyası namizədlər üçün bərabər şəraitin yaradılması məqsədilə bir sıra addımlar atmışdır ki, bu da eyni imkanlı seçkiqabağı təşviqatın təminatına yönəlmişdir. Seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı təklif etmiş 63 KİV (38 qəzet, 13 agentlik, 12 TV və radio) tərəfindən namizədlərə təklif olunan qiymətlər Mərkəzi Seçki Komissiyasına təqdim olunmuş və bu məlumatlar namizədlərin tanış olması üçün komissiyanın internet səhifəsində yerləşdirilmişdir (Ödənişli təşviqata qoşulan KİV-lərin siyahısı əlavə edilir - Əlavə 2). Habelə, hər bir seçki məntəqəsi ərazisində bir ədəd olmaqla, ümumilikdə namizədlərin təbliğat materialları üçün 5000-dən artıq lövhələr qurulmuşdur. Seçkiqabağı təbliğatın mühüm bir tərkib hissəsi də namizədlərin seçicilərlə görüşləri və yığıncaqlarıdır. Bu məqsədlə Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq yerli icra hakimiyyətləri tərəfindən respublikadakı 3440 yaşayış məntəqəsində 4930 (2676 açıq, 2254 qapalı)  görüş yerləri ayrılaraq namizədlərin ixtiyarına verilmişdir (Açıq və qapalı yerlərin siyahısı MSK-nın internet səhifəsində yerləşdirilib). Namizədlər dairə seçki komissiyasına məlumat verməklə həmin yerlərdən ödənişsiz istifadə edir. Ümumilikdə, namizədlərin seçicilərlə görüşməsi və onlara öz seçki ismarıclarını çatdırması üçün lazımi şərait yaradılmışdır.
Seçkiqabağı təşviqat subyektlərinin öz təşviqatlarını aparmaları üçün qanunvericilikdə nəzərdə tutulmuş imkanların tam təmin olunması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası başda olmaqla aşağı seçki komissiyaları və digər qurumlar tərəfindən öz səlahiyyətləri daxilində bütün tədbirlər görülmüş, azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün ölkə ərazisində ədalətli və bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat şəraiti yaradılmışdır. Mərkəzi Seçki Komissiyası  tərəflərə ədalətli mübarizə şəraiti yaratmaq üçün Milli Məclisə seçkilərdə seçki subyektlərinin xeyrinə yeni təcrübənin təməlini qoyaraq, televiziya vasitəsilə öz seçkiqabağı platformalarını seçicilərə çatdırılması üçün daha geniş imkanlar yaratmaq məqsədilə dövlət büdcəsi hesabına, qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan əlavə olaraq, qeydə alınmış namizədlərin hamısı üçün  “İctimai” televiziyada (Naxçıvan Muxtar Respublikası ərazisindəki seçki dairələrinin namizədləri üçün NaxTV-də) efir vaxtı və “Azərbaycan” qəzetinin (Naxçıvan Muxtar Respublikası ərazisindəki seçki dairələrinin namizədləri üçün “Şərq Qapısı” qəzetinin) səhifələrində dərc üçün ödənişsiz yer ayrılmasına qərar vermişdir. MSK dairələr üzrə namizədlər arasında birgə “dəyirmi masa” təşkil etmək məqsədilə hər bir qeydə alınmış namizəd üçün 4 dəqiqə ödənişsiz efir vaxtı ayrılması barədə qərar qəbul etmişdir. Ödənişsiz efir vaxtından istifadə qaydaları MSK tərəfindən müəyyənləşdirilmiş və nəzarət olunmuşdur. Bir qayda olaraq efir vaxtından istifadə etdikləri günün ertəsi gün namizədlər üçün bərabər həcmdə ödənişsiz dərc üçün yer ayrılmışdır. Dərc üçün ayrılmış yerin gündəlik həcmi “Azərbaycan” qəzeti üçün 2 səhifə (“Şərq qapısı” qəzeti üçün isə həmin həcmin 7 namizədə nisbətində) müəyyən edilmişdir.
Seçkilərin azad və ədalətli keçirilməsi üçün prosesin şəffaflığı mühüm əhəmiyyət daşıyır. Milli Məclisə keçiriləcək seçkiləri izləmək üçün bu günədək ümumilikdə 46569 yerli müşahidəçi qeydiyyatdan keçirilmişdir. Bütün respublika ərazisində müşahidə aparmaq niyyəti ilə MSK tərəfindən qeydiyyatdan keçirilmiş yerli müşahidəçilərdən 1705 müşahidəçidən 102 nəfər siyasi partiyalar, 560 nəfər qeyri-hökumət təşkilatları, 3 nəfər qeydə alınmış namizədlərin təşəbbüsü əsasında, digərləri isə öz təşəbbüsü ilə seçkilərə qatılmışdır. Yerli müşahidəçilərin digər bir qrupu isə müəyyən seçki dairəsi hüdudları daxilində müşahidə aparmaq üçün müvafiq DSK tərəfindən akkreditə olunmuşdur. Bu qəbildən olan müşahidəçilərin sayı 43153-dür ki, bunlardan da 8177 nəfəri siyasi partiyaları, 5372 nəfəri qeyri-hökumət təşkilatlarını təmsil edir və 29604 müşahidəçi isə öz təşəbbüsü ilə müşahidə aparır.
MSK tərəfindən bu günədək akkreditə olunmuş 1026 beynəlxalq müşahidəçi 19 beynəlxalq (xarici) qurumu təmsil edir ki, buraya da Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı Şurası, Avropa İttifaqının Bakı üzrə nümayəndəliyi, Avropa Parlamenti, Türkdilli Ölkələrin Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, GUAM, ABŞ, Böyük Britaniya, Qazaxıstan, Norveç, Bolqarıstan, Polşa, Yaponiya və Belçika səfirlilikləri, eyni zamanda Avropa Seçki Müşahidə Akademiyası  daxildir. Beynəlxalq müşahidəçilər 48 ölkə vətəndaşlarıdırlar.
Həm yerli, həm də beynəlxalq müşahidəçilər müvafiq lövhəcik və müşahidəçilər üçün, habelə seçki günü üçün yaddaş kitabçaları ilə təmin olunmuşlar. Beynəlxalq müşahidəçilər həmçinin ingilis dilində Seçki Məcəlləsi, ingilis və ya rus dilində nəşr olunmuş “Müşahidəçilər üçün yaddaş” kitabçası, Azərbaycan haqqında məlumat diski, ölkənin xəritəsi və digər lazımi materiallarla təmin olunmuşlar.
MSK-nın iclasları da KİV nümayəndələri və müşahidəçilər üçün açıqdır. Hər bir iclasdan əvvəl həm KİV nümayəndələri, həm də respublikadakı beynəlxalq təşkilatlar və diplomatik nümayəndəliklər məlumatlandırılaraq dəvət edilirlər. İclaslardan sonra isə komissiyanın qəbul etdiyi sənədlər Azərbaycan qəzetində və MSK-nın internet səhifəsində dərc olunur.
Səsvermə prosesilə bağlı ictimaiyyətin vaxtaşırı məlumatlandırılması məqsədilə KİV-lərin seçki məntəqələrindən material hazırlaması üçün bütün şərait yaradılmışdır. Röyters, Bi-Bi-Si, Əl-Cəzirə, TRT, Associated Press, Frans Press, EPA, Anadolu, İhlas Haber Ajansı, Doğan Haber Ajansı, Daily İttehad da daxil olmaqla 20-yə yaxın xarici kütləvi informasiya vasitələrindən 43 beynəlxalq KİV təmsilçisi seçkiləri işıqlandırmaq məqsədilə MSK tərəfindən akreditə olunmuşdur.
Azərbaycanın seçki tarixində 2008-ci ildən başlayaraq tətbiq olunan və seçki məntəqələrindən kənarda internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu seçkilərdə də davam etdiriləcəkdir. Respublikadakı seçki məntəqələrinin 500-də (təxminən 10%-də) veb-kameralarla bağlı texniki hazırlıq yekunlaşdırılmış və bu məsələyə MSK-nın iclasında baxılıb müvafiq qərar qəbul edilərək veb-kameralar quraşdırılmış məntəqələrin siyahısı təsdiq olunmuşdur. Bu veb-karmeralar vasitəsilə internet istifadəçiləri istər ölkə daxilindən, istərsə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq səsvermə prosesini, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən canlı müşahidə etmək imkanı əldə edirlər.
Seçki Məcəlləsinin tələbinə uyğun olaraq səsvermə günü exit-poll keçirmək məqsədi ilə “ELS” Müstəqil Araşdırmalar Mərkəzi MSK-ya müraciət etmiş və qeydiyyatdan keçirilmişdir.
Seçkilərlə bağlı məlumatların operativ olaraq ictimaiyyətə çatdırılması məqsədilə əvvəlki seçkilərdə atılmış digər bir addım isə səsvermə günü ərzində seçicilərin fəallığını 5 dəfə və səsvermənin nəticələrinin səsvermə sona çatdıqdan bir neçə saat sonra Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi şəbəkəsi vasitəsilə MSK-ya və eyni zamanda MSK-nın internet səhifəsinə ötürülməsi olmuşdur.  Qarşıdan gələn seçkilər zamanı da bu layihənin həyata keçirilməsi üçün xüsusi proqram təminatı hazırlanmış, mütəxəssislər üçün onlardan istifadə qaydalarına dair treninqlər keçirilmiş və sistem dəfələrlə sınaqdan keçirilmişdir.  
Seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi məqsədilə MSK lazım olan zəruri addımları atır və ictimaiyyəti mütəmadi olaraq seçki prosesi barədə məlumatlandırmaq məqsədi güdür. 
Seçkilər elan edildikdən sonra sentyabr-oktyabr ayları ərzində Mərkəzi Seçki Komissiyasının 32 iclası keçirilmiş və bu iclaslarda 380 qərar qəbul edilmişdir.
Mahiyyəti etibarilə bu müddətdə qəbul edilən qərarlar Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planının təsdiqi, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlər, habelə bu şikayətlərin araşdırılması üçün Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması, səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydasının təsdiqi, imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupu yaradılması, namizədlərin qeydiyyatı, seçkilərdə səsvermənin nəticələri haqqında məntəqə və dairə seçki komissiyası protokollarının doldurulması qaydasına dair izahın təsdiqi, yekun protokollarının hazırlanması qaydasının və sayının təsdiqi, siyasi partiya bloklarının qeydə alınması, habelə siyasi partiya blokları və siyasi partiyalarının səlahiyyətli nümayəndələrinin qeydə alınması, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydaları, müraciət etmiş təşkilatların “exit poll” keçirmək üçün qeydə alınması, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi, Mərkəzi Seçki Komissiyasının iclas protokollarının təsdiq edilməsi, həmçinin MSK-ya daxil olmuş müraciətlərə baxılması və bir sıra digər məsələlərə aid olmuşdur.
2010-cu ilin seçki ili olduğunu nəzərə alaraq MSK KİV-lə əlaqələrini daha da intensivləşdirmişdir. MSK-nın fəaliyyəti il ərzində KİV üçün tam açıq olmuş və komissiyanın fəaliyyəti barədə ölkə ictimaiyyəti mütəmadi olaraq məlumatlandırılmışdır.
KİV nümayəndələri MSK-nın tədbirlərinə dəvət olunur və mütəmadi qaydada lazımi məlumatları əldə edirlər. Ölkə ictimaiyyətinin seçkilərin hazırlanması və keçirilməsilə bağlı məlumatlandırılması məqsədilə sentyabr və oktyabr ayları ərzində MSK tərəfindən mətbuat konfransları, brifinqlər keçirilmiş, respublikada fəaliyyət göstərən elektron informasiya vasitələrində mütəmadi müsahibələr təşkil olunmuş, mətbuat bülletenləri və məqalələr dərc olunmuşdur. Seçkilər elan olunduqdan sonra İctimai televiziyada “Xalq seçir” və Azərbaycan televiziyasında isə “Milli Məclisə seçkilər - 2010” adlı maarifləndirmə proqramlarında  komissiyanın üzvləri və katibliyin məsul əməkdaşları 23 dəfə müxtəlif mövzularda çıxışlar etmiş, ümumilikdə 115 dəfə elektron KİV-lərin efirlərinə müsahibələr vermişlər. MSK sədrinin mətbuat üçün brifinqləri artıq seçkilər ərəfəsində ənənəyə çevrilib. Bu seçkilərlə bağlı yerli və beynəlxalq KİV nümayəndələri üçün MSK sədri 6 brifinq keçirmiş və onları maraqlandıran məsələlərə aydınlıq gətirmişdir. Çap informasiya vasitələrində də sentyabr-oktyabr ayları ərzində komissiyanın fəaliyyəti ilə bağlı 150-dən artıq yazı dərc olunmuşdur. Habelə, DSK sədrləri də maarifləndirmə proqramlarına qatılmış və müxtəlif mövzularda KİV-ə müsahibələr vermişdirlər.   
Mərkəzi Seçki Komissiyasının əsas fəaliyyət istiqamətlərindən biri də beynəlxalq və xarici qurumlarla əməkdaşlıqdır. Bu əməkdaşlıq çərçivəsində müxtəlif layihələr və görüşlər keçirilmişdir. Belə ki, MSK qarşıdan gələn seçkilərlə bağlı ATƏT-in Bakı ofisi, Avropa Şurası Venesiya Komissiyası və Baş katibinin Bakıdakı xüsusi nümayəndəliyi, Azərbaycandakı xarici ölkə səfirlikləri və bir sıra digər təşkilatlarla sıx əməkdaşlıq etmiş və mütəmadi görüşlər keçirmişdir. Bu qəbildən olan görüşlər zamanı MSK tərəfindən prioritet olaraq qəbul edilən sahə və məsələlərlə bağlı beynəlxalq təşkilatlara məlumat verilmiş, mümkün tərəfdaşlıq imkanları müzakirə edilmiş və fikir mübadiləsi aparılmışdır.
Bu qəbildən olan tədbirlər sırasına 8 aprel 2010-cu il tarixdə ATƏT-in Bakı ofisi tərəfindən təşkil edilmiş “2010-cu il Seçki Təşviqatı: ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 2008-ci il üzrə Seçki Müşahidəçiliyi Missiyasının tövsiyələri ilə bağlı görülən tədbirlər” mövzusunda dəyirmi masa, 24 avqust 2010-cu ildə “Seçki dövründə medianın rolu” mövzusunda seçkilərin müzakirəsinə dair üçüncü dəyirmi masa daxildir. Digər bir maraqlı görüş isə 13 avqustda ATƏT-ə üzv dövlətlərin Bakıdakı səfirlikləri üçün parlament seçkiləri ilə əlaqədar Seçki Əlaqələndirmə və Müzakirə Görüşü olmuşdur ki, burada iştirak edən MSK sədri səfirlik təmsilçilərinə seçkilərə hazırlıq, layihələr, atılmış addımlar barədə məlumat vermiş və onları maraqlandıran sualları cavablandırmışdır.
MSK sədrinin iyun ayının 22-də Nikolas Kaçarovskinin rəhbərlik etdiyi ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçkiqabağı Qiymətləndirmə Missiyası, iyulun 1-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin rəhbərlik etdiyi nümayəndə heyəti, iyulun 21-də Milli Demokratiya İnstitutunun (ABŞ) Avrasiya üzrə direktoru Laura Cuit və Azərbaycan üzrə direktoru Aleks Qriqoriyevs ilə, avqustun 11-də ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorellə, sentyabrın 17-də Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Karolin Brounla, oktyabrın 15-də Avropa İttifaqının Bakı nümayəndəliyinin rəhbəri səfir Roland Kobia ilə, oktyabrın 15-də ATƏT Parlament Assambleyasının vitse-prezidenti Volfqanq Qrossrukun rəhbərlik etdiyi Müşahidə missiyasının üzvləri ilə, oktyabrın 19-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) noyabrın 7-də Azərbaycan Respublikasında keçiriləcək parlament seçkilərinin müşahidəsi üzrə Xüsusi Komitəsinin rəhbəri Pol Villin başçılıq etdiyi seçkiqabağı missiyanın üzvləri ilə görüşləri keçirilmişdir. Görüşlərdə Milli Məclisə seçkilərlə bağlı fikir mübadiləsi aparılmış və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.
ATƏT/DTİHB-nın Seçki Müşahidə Missiyasının təmsilçiləri ilə müxtəlif səviyyələrdə mütəmadi görüşlər keçirilir, fikir mübadiləsi aparılır və lazımi məlumatlar missiya üzvlərinə təqdim olunur. MDB Müşahidə missiyası ilə də əməkdaşlıq şəraitində tez-tez görüşlər keçirilir.
Mərkəzi Seçki Komissiyası qarşıdan gələn Milli Məclisə seçkilərə hazırlıqla bağlı dairə və məntəqə seçki komissiyalarının təchizatı istiqamətində lazımi addımları atmışdır. Belə ki, aşağı seçki komissiyaları lazımi çap materialları, səsvermə günü istifadə olunması məqsədilə seçki qutuları, gözlə görünməyən mürəkkəb balonları, ultrabənövşəyi fənər, onlar üçün batareya, səsvermə kabinələri, birdəfəlik təhlükəsizlik kilidləri, protokolların saxlanması üçün xüsusi çantalar, sənədlərin daşınması üçün kisələr, dəftərxana ləvazimatı və digər zəruri vasitələrlə təchiz olunmuşdur. Habelə, seçki məntəqələrini səsvermə günü mühüm seçki sənədlərinin təhlükəsizliyinin təminatı məqsədilə seyf və elektrik enerjisinin kəsilməsinin qarşısının alınması üçün (böyük şəhərlər istisna olmaqla) elektrik generatorları ilə təchiz olunmuşdur. Təchizat baxımından həm məntəqə, həm də dairə seçki komissiyaları tam təmin olunaraq seçki gününə hazır vəziyyətə gətirilmişlər.
Mərkəzi Seçki Komissiyasının internet səhifəsində (www.msk.gov.az, www.cec.gov.az, www.infocenter.gov.az) seçkilərlə bağlı bütün məlumatlar yerləşdirilmişdir. Azərbaycan Respublikasının Seçki Məcəlləsi, MSK-tərəfindən qəbul edilmiş bütün təlimat, qayda, izah və qərarlar Komissiyanın iclaslarından dərhal sonra Azərbaycan və ingilis dillərində səhifədə mövcuddur. Bundan başqa seçki dairələrinin və seçki məntəqələrinin dislokasiyası, seçicilərin axtarış sistemi, əvvəlki seçkilərlə bağlı məlumatlar, namizədlər haqqında məlumat, seçki komissiyalarının tərkibi, ünvanı, əlaqə məlumatları, seçki məntəqələrinin ünvanı və xəritəsi, seçicilərin siyahısı, seçkiqabağı təşviqatla əlaqədar məlumatlar, o cümlədən, açıq və qapalı yerlərin siyahısı və digər ictimaiyyət üçün maraq kəsib edən informasiyalar internet səhifəsinə yerləşdirilmişdir. Mərkəzi Seçki Komissiyasının internet səhifəsinə bu müddət ərzində təxminən 234192 istifadəçi daxil olmuş və internet səhifələrində yerləşmiş müxtəlif məlumatları əldə etmişlər. Mərkəzi Seçki Komissiyasının hesabatları Azərbaycan, ingilis və rus dillərində komissiyanın internet səhifəsində yerləşdirilir və elektron poçt vasitəsilə yerli və beynəlxalq (xarici) qurumlara ünvanlanır.

Hesabata 1 saylı əlavə

Hesabata 2 saylı əlavə


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1115 S.S. Axundov 1E
Tel: (994 12) 563 40 08, Faks: (994 12) 562 70 09
Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası