AZƏRBAYCAN RESPUBLİKASINDA SEÇKİ PROSESİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ
2007-2008-Cİ İLLƏRDƏ HƏYATA KEÇİRİLMİŞ FƏALİYYƏTLƏ BAĞLI
M Ə L U M A T
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının fəaliyyətilə bağlı
M Ə L U M A T
(Fevral və mart ayları üçün)
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası 2008-ci ildə respublikada keçirilməsi planlaşdırılan Prezident seçkilərinə hazırlıq məqsədilə öz fəaliyyətini daha da intensivləşdirmiş və bir sıra tədbirlər həyata keçirməkdədir.
Seçici siyahılarının dəqiqləşdirilməsi prosesi ilə bağlı seçicilərin maarifləndirilməsi işi davam etdirilir. Bu məqsədlə MSK tərəfindən KİV-də təşviqat xarakterli televiziya klipləri yayımlanmış və materiallar dərc edilmişdir. MSK-nın müraciətinə əsasən təşviqat prosesinə 5 televiziya kanalı qoşulmuşdur. Bu prosesə respublikanın müxtəlif ərazilərində fəaliyyət göstərən əksər regional televiziya şirkətləri və 25-ə yaxın yerli mətbuat orqanı da cəlb olunmuşdur. Müvafiq dairə seçki komissiyaları haqqında məlumat (ünvan, əlaqə telefonu) regional KİV-lərdə də öz əksini tapmışdır. Bu məlumatlar seçicilərin arzu etdiyi halda birbaşa ərazisində məskunlaşdığı dairənin seçki komissiyasına müraciətini asanlaşdırır.
Seçki Məcəlləsinə əsasən seçici siyahılarıyla iş fevral ayının 5-dək məntəqə seçki komissiyaları tərəfindən yekunlaşdırılmış və siyahılar Dairə seçki komissiyalarına təqdim edilmişdir. Dairə seçki komissiyaları isə öz növbəsində dəqiqləşdirmə prosesini davam etdirərək mart ayının ortalarından etibarən seçicilərin elektron siyahılarını MSK-nın “Seçkilər” İnformasiya Mərkəzinə təqdim etməyə başlamışlar.
Seçici siyahıları ilə əlaqədar fəaliyyət göstərən qaynar xəttə fevral və mart ayları ərzində 250-yə yaxın müraciət daxil olmuşdur. Müraciətlər əsasən seçici siyahılarıyla əlaqədardır. MSK tərəfindən bu müraciətlərə operativ reaksiya verilmiş və müvafiq tədbirlər görülmüşdür. Qaynar xəttə müxtəlif sorğularla müraciət edən vətəndaşların sualları da ətraflı şəkildə cavablandırılmışdı. Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilmiş elektron qaynar xətt vasitəsilə də müraciət edən seçicilərə lazımi məlumatlar verilmiş və ehtiyac yarandıqda müvafiq addımlar atılmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında İnsan Hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamında MSK-ya tövsiyə olunmuş maarifləndirmə proqramının fevral ayının əvvəlindən həyata keçirilməsinə başlanılmış üçüncü mərhələsi mart ayının əvvəli yekunlaşdırılmışdı. Layihənin yerlərdə icrası MSK tərəfindən təsdiq olunmuş tədris proqramına əsaslanmış və məntəqə seçki komissiyalarının üzvləri üçün ixtisaslaşdırılmış kurslar keçirilmiş, yerli məhkəmə və prokurorluqların rəhbərləri, rayon icra hakimiyyətlərinin məsul işçiləri və dairə seçki komissiyalarının sədrləri kurs iştirakçıları qarşısında çıxışlar etmişlər. İşğal altında olan rayonları əhatə edən seçki dairələrinin məntəqə seçki komissiyalarının üzvləri də məntəqələrin yerləşdiyi ərazilərdə keçirilən kurslara cəlb edilmişlər. Kursların gedişi bir sıra televiziya kanalları tərəfindən işıqlandırılmış və ictimaiyyətə məlumat verilmişdir.
Mütəmadi olaraq dairə seçki komissiyaları dairələr ərazisində seçicilərin artım dinamikası haqqında məlumatı MSK-ya təqdim edir. MSK öz növbəsində alınmış məlumatları təhlil edərək dairə və məntəqələrin sərhədlərində mümkün dəyişiklikləri nəzərdən keçirir.
MSK beynəlxalq ictimaiyyətin Azərbaycanda seçkilərlə bağlı həyata keçirilən fəaliyyət haqqında məlumat əldə edə bilməsi üçün respublikada fəaliyyət göstərən beynəlxalq və xarici qurumların nümayəndələri ilə sıx əməkdaşlıq edir. Belə ki, ATƏT-in Bakı ofisi, Seçki Sistemləri üzrə Beynəlxalq Fond və bir sıra digər təşkilatlarla mütəmadi görüşlər keçirilir və planlaşdırılan birgə layihələrlə bağlı fikir mübadiləsi aparılır. MSK ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə təşkil olunmuş Layihələrin Kordinasiya Qrupunun işində fəal iştirak edir. Adı çəkilən qrupun fəaliyyəti kordinasiya mərkəzi olaraq oxşar layihələrin eyni zamanda təkrarən həyata keçirilməsinin qarşısının alınması və icra olunacaq proqramlarla bağlı mümkün əməkdaşlığın araşdırılmasına yönəlmişdir. Bu qəbildən olan görüşlər zamanı MSK tərəfindən prioritet olaraq qəbul edilən sahə və məsələlərlə bağlı beynəlxalq təşkilatlara məlumat verilir, mümkün tərəfdaşlıq imkanları müzakirə edilir və fikir mübadiləsi aparılır. Beynəlxalq qurumlarla birgə həyata keçiriləcək bir sıra layihələr artıq işlənib-hazırlanma mərhələsindədir.
2008-ci ilin seçki ili olduğunu nəzərə alaraq MSK KİV-lə sıx olan əlaqələrini daha da intensivləşdirmişdir. KİV nümayəndələri MSK-nın tədbirlərinə dəvət olunur və mütəmadi qaydada lazımi məlumatları əldə edirlər. Ölkə ictimaiyyətinin seçkilərin hazırlanması və keçirilməsilə bağlı məlumatlandırılması məqsədilə fevral və mart ayları ərzində MSK tərəfindən mətbuat konfransları, brifinqlər keçirilmiş, respublikada fəaliyyət göstərən elektron informasiya vasitələrində mütəmadi müsahibələr təşkil olunmuş və mətbuatda bir çox bülleten, müsahibə və məqalələr dərc olunmuşdur. Mətbuat konfransı və brifinqlər sırasına MSK-nın sədri M.Pənahovun fevral və mart ayları üzrə aylıq mətbuat konfransları da daxildir. Tədbirə ölkədə fəaliyyət göstərən KİV nümayəndələri dəvət olunmuşdur. Hər iki mətbuat konfransı zamanı MSK sədri tərəfindən KİV nümayəndələrinə dolğun məlumat verilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır. Bundan başqa MSK-nın digər nümayəndələri də brifinqlər və mətbuatla görüşlər keçirmişdir.
Əlavə məlumatı Mərkəzi Seçki Komissiyasının www.cec.gov.az və “Seçkilər” İnformasiya Mərkəzinin www.infocenter.gov.az - internet səhifələrindən almaq olar.