
MİLLİ MƏCLİSƏ SEÇKİLƏR - 2010
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
HESABATI
(noyabr, 2010)
www.msk.gov.az
www.cec.gov.az
www.infocenter.gov.az
Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2010-cu il tarixli Sərəncamı ilə dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 7 noyabr 2010-cu ilə təyin edilmişdir. Mərkəzi Seçki Komissiyası seçkilərin keçirilməsi ilə bağlı bütün fəaliyyətini 6 sentyabr 2010-cu ildə qəbul edilmiş “Dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı” əsasında həyata keçirmişdir.
Mərkəzi Seçki Komissiyası 2010-cu ilin Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçki ili olduğu üçün ilin əvvəlindən etibarən bir sıra layihələr hazırlayaraq həyata keçirilməsinə başlamış və noyabr ayınadək nəzərdə tutulan layihələr uğurla gerçəkləşdirilmişdir. Bu layihələr sırasına seçici siyahılarının dəqiqləşdirilməsi, aşağı seçki komissiyalarının iş şəraitinin və maddi-texniki təminatının daha da təkmilləşdirilməsi, seçki komissiyaları üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların, treninqlərin və digər bu səpkili tədbirlərin keçirilməsi, müxtəlif statuslu seçki iştirakçılarının maarifləndirilməsi, deputatlığa namizədlərin irəli sürülməsi, qeydə alınması, bərabər seçkiqabağı təşviqat imkanlarının təminatı və s. daxildir.
Noyabr ayında MSK-nın genişmiqyaslı və intensiv fəaliyyəti xüsusən nəzərə çarpmışdır. Belə ki, mühüm seçki sənədləri olan seçki bülletenləri, səsvermənin yekunlarına dair dairə və məntəqə seçki komissiyalarının karbonlaşdırılmış rəsmi və müşahidəçilər üçün nəzərdə tutulmuş nümunə protokol nüsxələri beynəlxalq (xarici) qurumların təmsilçilərinin müşahidəsi ilə mətbəədə çap olunaraq dairə seçki komissiyalarına, oradan isə məntəqə seçki komissiyalarına çatdırılmışdır. Eyni zamanda, aşağı seçki komissiyaları 2005-ci ildən tətbiq olunan səsvermədə iştirak edən seçicilərin barmaqlarının mürəkkəblə işarələnməsi üçün gözə görünməyən mürəkkəb və ultrabənövşəyi lampalarla təchiz olunmuşdur.
Seçkiqabağı təşviqat subyektlərinin öz təşviqatlarını aparmaları üçün qanunvericilikdə nəzərdə tutulmuş imkanların təmin olunması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası başda olmaqla aşağı seçki komissiyaları və digər qurumlar tərəfindən öz səlahiyyətləri daxilində bütün tədbirlər görülmüş, azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün ölkə ərazisində bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat noyabr ayı da davam etdirilmişdir. Namizədlər televiziya (hər bir namizəd üçün İctimai televiziyada 4 dəqiqə ödənişsiz efir vaxtı) və mətbuat vasitələrindən (“Azərbaycan” qəzetində ödənişsiz dərc üçün yer) istifadə etməklə öz seçkiqabağı platformalarını seçicilərə çatdırmışlar. Bundan əlavə namizədlər ödənişli əsaslarla və bərabər şərtlərlə digər televiziya və mətbuat vasitələrdən istifadə etmişlər.
Seçkiləri izləmək üçün akkreditə olunmuş 46639 yerli müşahidəçi seçkilərin gedişini izləmişlər ki, bunlar da siyasi partiyaları, respublikada fəaliyyət göstərən QHT-ləri, deputatlığa namizədləri təmsil edirdilər. Müşahidə prosesində 21 beynəlxalq təşkilat və 48 ölkəni təmsil edən 1029 beynəlxalq müşahidəçi də iştirak etmişdir. Həm yerli, həm də beynəlxalq müşahidəçilər müvafiq lövhəcik, yerli və beynəlxalq müşahidəçilər üçün yaddaş kitabçası və digər lazımi məlumatlarla təmin olunmuşlar. Beynəlxalq müşahidəçilər həmçinin ingilis dilində Seçki Məcəlləsi, ingilis və ya rus dilində nəşr olunmuş “Müşahidəçilər üçün yaddaş” kitabçası, Azərbaycan haqqında məlumat diski, ölkənin xəritəsi və digər zəruri materiallarla təmin olunmuşlar.
İctimaiyyətin məlumatlandırılması MSK üçün daim mühüm əhəmiyyət kəsb etmişdir. Seçkilərin yaxınlaşmasını nəzərə alaraq, MSK noyabr ayı ərzində KİV-lə əlaqələrini daha da intensivləşdirmişdir. Komissiyanın işində şəffaflığın təmin olunması məqsədilə MSK-nın fəaliyyəti bütün aylarda olduğu kimi noyabr ayı ərzində də KİV üçün tam açıq olmuş və iclasların vaxtı barədə onlar əvvəlcədən məlumatlandırılmışlar.
KİV nümayəndələri mütəmadi qaydada MSK-nın tədbirlərinə dəvət olunmuş və lazımi məlumatları əldə etmişlər. Ölkə ictimaiyyətinin seçkilərin hazırlanması və keçirilməsilə bağlı məlumatlandırılması məqsədilə noyabr ayı ərzində MSK tərəfindən mətbuat konfransları, brifinqlər keçirilmiş, respublikada fəaliyyət göstərən elektron informasiya vasitələrinə məlumatlar çatdırılmış, mətbuat bülletenləri və məqalələr dərc olunmuşdur. MSK üzvləri və Katiblik əməkdaşları müxtəlif mövzularda 12 müsahibə vermişlər. MSK sədri əvvəlki aylarda olduğu kimi noyabr ayında da yerli və xarici KİV nümayəndələri üçün 5 brifinq və 1 mətbuat konfransı keçirmişdir. Brifinqlərdə sədr MSK-nın həyata keçirdiyi son tədbirlər, seçkilərə hazırlıq istiqamətində görülmüş işlər barədə məlumat vermiş və jurnalistləri maraqlandıran məsələlərə aydınlıq gətirmişdir.
MSK tərəfindən noyabr ayı ərzində bəzi aşağı seçki komissiyaları təmsilçilərinin yerli KİV-lərdə çıxışına şərait yaradılmışdır. İTV-də DSK sədrlərinin iştirakı ilə “dəyirmi masa” təşkil olunmuş, habelə aşağı seçki komissiyaları sədrləri ölkə ictimaiyyətinə öz fəaliyyətləri barədə məlumatlandırması məqsədilə KİV-ə müsahibələr vermişlər.
Mətbuat vasitələrində MSK-nın fəaliyyəti ilə bağlı mətbuat bülletenləri, açıqlamalar və məqalələr çap olunmuşdur. Həmçinin, Seçki Məcəlləsinə uyğun olaraq MSK-nın qərarları və təsdiq etdiyi digər normativ-hüquqi sənədlər “Azərbaycan” qəzetində dərc edilmiş və MSK-nın rəsmi internet səhifəsində yerləşdirilmişdir. Ümumilikdə noyabr ayı ərzində gündəlik aparıcı qəzetlərdə MSK-nın fəaliyyətilə bağlı 100-dən çox material dərc olunmuşdur. Qanunla müəyyən olunmuş müddətdə namizədlərin seçkiqabağı təşviqatına ödənişli əsaslarla qoşulmaq istəyən 38 qəzet, 13 informasiya agentliyi və 12 teleradio şirkəti MSK-ya bildiriş təqdim etmiş və müvafiq materiallar yayımlamaq, yaxud dərc etmək hüququndan istifadə etmişlər.
MSK tərəfindən akreditə olunmuş Röyters, Bi-Bi-Si, Əl-Cəzirə, TRT, Associated Press, Frans Press, EPA, Anadolu, İhlas Haber Ajansı, Doğan Haber Ajansı, Daily İttehad da daxil olmaqla 20-yə yaxın xarici kütləvi informasiya vasitələrindən 43 beynəlxalq KİV təmsilçisi və habelə, respublikada fəaliyyət göstərən KİV təmsilçiləri sərbəst şəkildə seçkiləri işıqlandırmışlar.
Seçki Məcəlləsinin tələbinə uyğun olaraq səsvermə günü 1180 seçki məntəqəsini əhatə edəcək exit-poll keçirmək məqsədi ilə “ELS” Müstəqil Araşdırmalar Mərkəzi MSK-ya müraciət etmiş və qeydiyyatdan keçirilmişdir. Seçki günü sözügedən təşkilat tərəfindən exit-poll həyata keçirilməsinə şərait yaradılmışdır.
Azərbaycanın seçki tarixində 2008-ci ildən başlayaraq tətbiq olunan və seçki məntəqələrindən kənarda internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu seçkilərdə də davam etdirilmişdir. Seçki gününədək respublikadakı seçki məntəqələrinin 500-də (təxminən 10%-də) veb-kameralarla bağlı texniki hazırlıq işləri yekunlaşdırılmış və bu məsələyə MSK-nın iclasında baxılaraq müvafiq qərar qəbul edilmiş və veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı təsdiq olunmuşdur. Noyabrın 4-də Mərkəzi Seçki Komissiyasının sədri Rabitə və İnformasiya Texnologiyaları naziri ilə birlikdə MSK-da veb-kameralara texniki nəzarət mərkəzində olmuş, veb-kameralarla bağlı son hazırlıq işləri ilə tanış olmuş və avadanlıqların tam hazır vəziyyətə gətirildiyi bir daha yoxlanılmışdır. Bu veb-karmeralar vasitəsilə internet istifadəçiləri istər ölkə daxilindən, istərsə xaricdən MSK-nın internet səhifəsinə daxil olaraq səsvermə prosesini, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən canlı müşahidə etmək imkanı əldə etmişlər.
Mərkəzi Seçki Komissiyasında fəaliyyət göstərən 115 nömrəli və elektron qaynar xəttə noyabr ayının əvvəllərindən etibarən seçki gününədək 500-dən artıq müraciət daxil olmuşdur. Seçki günü isə MSK-nın qaynar xəttinə 420 müraciət olmuşdur ki, bunların da böyük əksəriyyətini seçicilər və namizədlər tərəfindən seçici siyahıları, səsvermə prosedurları, seçki məntəqələrinin yerləşdiyi ünvan və s. kimi mövzularla bağlı sorğular təşkil etmişdir. Həm seçki gününədək, həm də seçki günü daxil olmuş müraciətlər dərhal cavablandırılmış və operativ şəkildə müvafiq addımlar atılmışdır.
Mərkəzi Seçki Komissiyasının əsas fəaliyyət istiqamətlərindən biri də beynəlxalq və xarici qurumlarla əməkdaşlıqdır. Bu əməkdaşlıq çərçivəsində müxtəlif layihələr və görüşlər həyata keçirilmişdir. Belə ki, MSK qarşıdan gələn seçkilərlə bağlı ATƏT-in Bakı ofisi, Avropa Şurası Venesiya Komissiyası və Baş katibinin Bakıdakı xüsusi nümayəndəliyi, Azərbaycandakı xarici ölkə səfirlikləri və bir sıra digər təşkilatlarla sıx əməkdaşlıq etmiş və mütəmadi görüşlər keçirmişdir.
Noyabr ayı da Mərkəzi Seçki Komissiyası rəhbərliyinin beynəlxalq təşkilatların nümayəndələrilə görüşləri baxımından zəngin olmuşdur. Bu görüşlər sırasına MSK sədrinin noyabrın 4-də ATƏT Parlament Assambleyasının vitse-prezidenti Volfqanq Qrossrukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə, noyabrın 5-də MDB Müşahidə Missiyasının rəhbəri Sergey Lebedev, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Kuandık Turqankulov, noyabrın 6-da Türkdilli Ölkələrin Parlament Assambleyasının nümayəndə heyətinin üzvləri, Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin müavini Svetlana Orlovanın rəhbərlik etdiyi nümayəndə heyəti, Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının üzvü Yelena Dubrovinanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşləri daxildir. Bundan başqa ay ərzində MSK Katibliyinin digər təmsilçiləri də beynəlxalq qurumların nümayəndələri ilə müxtəlif səviyyəli görüşlər keçirmişlər.
Seçki günü – noyabrın 7-də MSK sədri keçirdiyi brifinqdə saat 8.00-da bütün ölkə üzrə səsvermənin başlandığını bildirmiş və respublika ərazisindəki 5314 seçki məntəqəsini açıq elan etmişdir. Bundan sonra seçicilər seçki məntəqələrinə gedərək sərbəst şəkildə öz iradələrini ifadə etmişlər.
Seçki günü ərzində 5 dəfə - saat 10.00, 12.00, 15.00, 17.00, 19.00-da seçicilərin fəallığı barədə məlumatlar Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi şəbəkəsi üzərindən xüsusi proqram təminatı vasitəsilə MSK-ya ötürülmüş və KİV-i məlumatlandırmaq, həmçinin MSK-nın internet səhifəsində yerləşdirilməklə ictimaiyyətə təqdim olunmuşdur. Respublikada fəaliyyət göstərən bütün telekanallar gün ərzində MSK və aşağı seçki komissiyalarının fəaliyyətini işıqlandırmaq üçün canlı müsahibə və xəbər buraxılışları yayımlamış, MSK-ya daxil olan məlumatların işlənməsində birbaşa iştirak etmişlər.
Səsvermə məntəqələri bağlandıqdan sonra saat 20.00-dan etibarən ölkə üzrə bütün seçki məntəqələrindən səsvermənin yekunlarına dair məntəqələr üzrə ilkin məlumatlar Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin xüsusi proqram təminatı vasitəsilə birbaşa MSK-nın internet səhifəsinə ötürülərək oradan bütün yerli və beynəlxalq ictimaiyyətin diqqətinə təqdim olunmuşdur. Seçki günü Mərkəzi Seçki Komissiyasının konfrans zalından birbaşa yayım vasitəsilə ictimaiyyəti seçkilərin nəticələrilə bağlı məlumatlandırmaq məqsədilə yerli və xarici KİV nümayəndələri üçün bütün imkanlar yaradılmış və canlı efirə bağlanmaq üçün quraşdırılmış avadanlıqlardan istifadə olunmuşdur.
Saat 21.30-dan etibarən səsvermənin ilkin nəticələri komissiyanın internet səhifəsində yerləşdirilməyə başlanılmış, 01.30-dək ölkə üzrə seçki məntəqələrinin təxminən 80%-nin məlumatları orada öz əksini tapmışdır. Seçki günü gecə saat 03.00-da MSK sədri KİV nümayəndələri üçün brifinq keçirmişdir. Brifinqdə Komissiya sədri ölkə üzrə 5314 seçki məntəqəsinin 5100-dən daxil olmuş məlumatlar əsasında seçki dairələri üzrə səsvermənin nəticələri və qalib namizədlər haqqında ilkin məlumatı vermiş, seçkilərin ilkin yekunlarını ictimaiyyətin diqqətinə çatdırmışdır. Komissiya sədri seçkilərin yüksək səviyyədə təşkil olunduğunu, azad və ədalətli keçdiyini, qeydə alınmış namizədlərə bərabər imkanlar yaradıldığını, bütün yerli və beynəlxalq müşahidəçilərə, KİV nümayəndələrinə seçkilərdə sərbəst şəkildə fəaliyyət göstərmələri üçün lazımi imkan yaradıldığını və seçicilərin azad və sərbəst şəkildə seçki məntəqələrinə gəlib öz seçimlərini etdiklərini bildirmişdir. Komissiya sədri, bəzi pozuntu hallar bərədə məlumatların daxil olduğunu və onların diqqətlə araşdırılacağını bildirmişdir.
Seçki günündən sonra noyabrın 8-dən başlayaraq seçki dairələri üzrə dairə seçki komissiyalarının səsvermənin yekunlarına dair protokolları onlara əlavə edilmiş sənədlərlə birlikdə qanunvericilikdə müəyyən olunmuş müddətdə MSK-ya çatdırılmışdır.
Komissiyaya daxil olmuş müraciət və şikayətlər Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Avropa Şurası Venesiya Komissiyası ilə birgə işlənib hazırlanmış “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a əsasən 9 nəfərdən ibarət Ekspert qrupu tərəfindən araşdırılmış və Mərkəzi Seçki Komissiyası tərəfindən müzakirə olunaraq qərarlar qəbul olunmuşdur. Sözügedən prosedurlar müraciətlərin daha da ətraflı və effektiv araşdırılmasını şərtləndirmişdir.
Noyabrın 7-si MSK-nın xüsusilə sıx iş qrafikinə daxil olmuş müraciətlərə baxılması da daxil idi. Səsvermə zamanı meydana çıxan anlaşılmazlıqlar, eləcə də pozuntu iddiaları ilə bağlı daxil olmuş şikayət və müraciətlərə dərhal reaksiya verilmiş və müvafiq tədbirlər görülmüşdür. Səsvermə ilə bağlı gün ərzində daxil olmuş 15 müraciət seçki qanunvericiliyinin tələbinə uyğun olaraq dərhal MSK nəzdində yaradılmış Ekspert Qrupu tərəfindən araşdırılaraq rəy verilmiş və elə həmin gün Komissiyanın iclasında baxılaraq müvafiq qərarlar qəbul edilmişdir. Seçki günü ərzində daxil olmuş müraciətlərə baxılması ilə bağlı MSK-nın noyabrın 7-də 2 iclası keçirilmişdir. Noyabrın 8-də seçki hüququnun pozulması iddiası ilə MSK-ya daxil olmuş 12 müraciətə komissiya tərəfindən dərhal baxılmış, 1-i müddət ötürüldüyündən geri qaytarılmış, 1-i əsassız olduğundan təmin edilməmiş və digər 10-u ilə bağlı aidiyyatı üzrə qərar verilmişdir. Noyabrın 9-dan 11-dək daxil olmuş 96 müraciətə MSK tərəfindən baxılmış və hər biri ilə bağlı müvafiq qərar çıxarılmışdır. Bu müraciətlərdən 39-u ilə bağlı lazımi qərarlar verilmiş və tədbirlər görülmüş, araşdırmaların nəticəsi olaraq 48-i öz təsdiqini tapmadığı üçün əsassız hesab edilərək təmin olunmamış, 9 müraciət müddət ötürüldüyündən və ya tələb aydın olmadığından ərizəçiyə geri qaytarılmışdır. Hər bir şikayətlə bağlı ətraflı araşdırılma aparılmış, şikayətlərə baxan ekspert qrupu üzvləri və digər MSK təmsilçiləri şahidlərlə görüşmək və məlumat verilmiş halları yoxlamaq məqsədilə yerlərə ezam olunmuş, gəldiyi rəy barədə komissiyaya məlumat vermiş və komissiya üzvlərinin səsverməsi nəticəsində şikayətlə bağlı yekun qərar çıxarılmışdır. Arzu edən şikayətçilərin araşdırılma və MSK-nın müvafiq məsələyə dair iclasında iştirakı təmin edilməsi istiqamətində addımlar atılmışdır. Şikayət və müraciətlər baxılması prosesində şəffaflığın təmin olunması məqsədilə Ekspert qrupunun fəaliyyəti ərizəçilər və beynəlxalq müşahidəçilər üçün açıq olmuşdur. Daxil olmuş müraciətlər araşdırılarkən şikayətçilər və beynəlxalq təşkilatların nümayəndələri məlumatlandırılmış və prosesi izləməyə dəvət olunmuşlar. MSK sədri komissiyanın iclasları zamanı mütəmadi olaraq ictimaiyyətin və beynəlxalq seçki müşahidə missiyalarının təmsilçilərini araşdırmada iştirak etməyə dəvət etmişdir. Eyni zamanda Ekspert qrupunun üzvləri araşdırma prosesində müvafiq məsələlərlə bağlı beynəlxalq müşahidəçilərin hər hansı suallarını cavablandırmış və vaxtaşırı araşdırma prosesi ilə əlaqədar onları maraqlandıran məsələlərə aydınlıq gətirmişlər.
Daxil olmuş müraciət və sənədlərin araşdırılması nəticəsində 46 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilmişdir.
Noyabr ayı ərzində MSK-nın 21 iclası keçirilmiş və bu iclaslarda 258 qərar qəbul edilmişdir. Mühüm qərarlardan biri də 2010-cu il noyabrın 7-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak edən Azərbaycan Respublikasının vətəndaşlarının səsvermə zamanı etibarlılıq müddəti başa çatmasına baxmayaraq şəxsiyyət vəsiqələrindən aktiv seçki hüquqlarının həyata keçirilməsi üçün istifadə etmək imkanının yaradılması ilə bağlı komissiya tərəfindən qəbul edilmiş qərar idi. Bir sıra qərarlar isə müvafiq sənəd formaları, sənədlərin qəbulu və digər məsələlərin tənzimlənməsinə dair olmuşdur.
Mərkəzi Seçki Komissiyası Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi əsasında 1 müraciətə, Ali Məhkəmənin qətnamələri əsasında isə 4 müraciətə yenidən baxmış və bu müraciətlərin hamısı namizədin xeyrinə müsbət qərar qəbul edilmişdir.
Noyabrın 22-də “Səsvermənin yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Protokolu” təsdiq edilərək lazımi sənədlərlə birlikdə təsdiq üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə komissiya tərəfindən qərar qəbul olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumunun noyabrın 26-da keçirilmiş birinci iclasında ilkin dinləmələr keçirilmiş və noyabrın 29-da keçirilmiş iclasında 2010-cu il noyabrın 7-də keçirilmiş dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərinin nəticələri rəsmi olaraq təsdiq edilmişdir.
Mərkəzi Seçki Komissiyasının internet səhifəsində (www.msk.gov.az, www.cec.gov.az, www.infocenter.gov.az) seçkilərlə bağlı bütün məlumatlar yerləşdirilmişdir. Azərbaycan Respublikasının Seçki Məcəlləsi, MSK tərəfindən qəbul edilmiş bütün təlimat, qayda, izah və qərarlar Komissiyanın iclaslarından dərhal sonra Azərbaycan və ingilis dillərində internet səhifədə yerləşdirilmişdir. Bundan başqa seçki dairələrinin və seçki məntəqələrinin dislokasiyası, seçicilərin axtarış sistemi, əvvəlki seçkilərlə bağlı məlumatlar, namizədlər haqqında məlumat, seçki komissiyalarının tərkibi, ünvanı, əlaqə məlumatları, seçki məntəqələrinin ünvanı və xəritəsi, seçicilərin siyahısı, seçkiqabağı təşviqatla əlaqədar məlumatlar, o cümlədən, açıq və qapalı yerlərin siyahısı və ictimaiyyət üçün maraq kəsib edən digər informasiyalar MSK-nın internet səhifəsinə yerləşdirilir və mütəmadi olaraq yenilənir.
Mərkəzi Seçki Komissiyasının hesabatları Azərbaycan, ingilis və rus dillərində komissiyanın internet səhifəsində yerləşdirilir və elektron poçt vasitəsilə yerli və beynəlxalq (xarici) qurumlara ünvanlanır.