AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
HESABATI
2007 yanvar, 2008
www.msk.gov.az
www.cec.gov.az
www.infocenter.gov.az
Demokratik cəmiyyət quruculuğu yolunda inamla irəliləyən suveren Azərbaycan Respublikası ictimai-siyasi, iqtisadi və sosial-mədəni sahələrdə böyük uğurlar qazanır. Ölkədə gedən inkişaf seçki sisteminin təkmilləşdirilməsinə də sirayət etməkdədir.
Demokratiyanın əsas göstəricisi olan seçki sisteminin hərtərəfli inkişaf etdirilib təkmilləşdirilməsi üçün ölkəmizdə bir sıra tədbirlər həyata keçirilməkdədir. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən ölkə ərazisində daimi fəaliyyət göstərən dairə seçki komissiyalarının iş şəraiti və maddi-texniki vəziyyətinin öyrənilməsi məqsədilə Mərkəzi Seçki Komissiyasının həyata keçirdiyi monitorinqlər bu qəbildən olan tədbirlərdəndir. Bu prosesə 2006-cı ilin sonlarından başlanılmış və təqribən 2 ay ərzində Mərkəzi Seçki Komissiyasının monitorinq qrupları 125 dairə seçki komissiyasının fəaliyyətini yoxlamışlar. Monitorinq zamanı dairə seçki komissiyalarının kargüzarlıq işlərindən tutmuş, onların yerləşdiyi binada mövcud olan iş şəraitinədək bütün müvafiq məsələlər nəzərdən keçirilmişdir. Mərkəzi Seçki Komissiyası monitorinqlərin nəticələrini təhlil etdikdən sonra seçki komissiyalarının iş şəraitinin yaxşılaşdırılması və onların maddi-texniki bazasının gücləndirilməsi məqsədilə ölkə rəhbərliyi qarşısında təşəbbüslə çıxış etmişdir. Mərkəzi Seçki Komissiyasının bu məsələlərlə bağlı təşəbbüsü müsbət qarşılanmış və respublika Prezidentinin göstərişi ilə ölkə ərazisində yerləşən 125 seçki dairəsinin iş şəraiti yaxşılaşdırılmış, belə ki, onlardan 100-ə yaxını üçün qısa müddətdə yüksək standartlara cavab verən yeni inzibati binalar inşa olunmuş və digər dairə seçki komssiyalarının yerləşdiyi binalarda isə lazımi təmir və yenidənqurma işləri aparılmışdır. Bütün dairə seçki komissiyaları eyni zamanda yeni kompüter avadanlıqları da daxil olmaqla zəruri ofis ləvazimatları ilə təchiz olunmuşdur.
Seçki komissiyalarının üzvləri üçün kursların keçirilməsi, həmçinin ölkə elektoratı ilə maarifləndirmə işlərinin aparılması da seçki prosesində önəmli yer tutur. Belə ki, Azərbaycan Resublikası Prezidentinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixli Sərəncamında Mərkəzi Seçki Komissiyasına seçki komissiyaları üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi və seçkilərin keçirilməsinə dair maarifləndirmə işlərinin aparılması tövsiyə edilmişdir. Bu sərəncamla ölkə rəhbərliyi azad və ədalətli seçkilərin keçirilməsi, eləcə də seçki prosesində insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş siyasi iradəsini bir daha nümayiş etdirmişdir. Mərkəzi Seçki Komissiyası Sərəncamdan irəli gələn tövsiyələri yerinə yetirmək məqsədilə aşağı seçki komissiyası üzvlərinin hüquqi bilik və peşə bacarıqlarının artırılması, bu məqsədlə seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi və həmçinin ölkə elektoratının maarifləndirilməsi məsələlərini özündə əks etdirən geniş fəaliyyət proqramı hazırlamışdır. Sözügedən proqramın təxminən 30000-dən yuxarı seçki rəsmisini əhatə etməsi nəzərdə tutulmuşdu. Layihənin birinci mərhələsində nəzərdə tutulduğu kimi 2007-ci ilin oktyabr-noyabr aylarında dairə seçki komissiyalarının sədrləri üçün Bakı şəhərində Mərkəzi Seçki Komissiyası və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən birgə təşkil edilmiş bir həftəlik tədris kursu keçirilmişdir. Kurs ərzində DSK sədrləri Azərbaycan Respublikasının Milli Məclisi, Prezidentin İcra Aparatı, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Baş Prokurorluq və Mərkəzi Seçki Kommissiyasının məsul şəxsləri, habelə Dövlət İdarəetmə Akademiyası və Bakı Dövlət Universitetinin mütəxəssislərinin maraqlı mühazirələrini dinləmiş, praktiki məşğələlər zamanı bir çox suallar müzakirə edilmişdir. Tədris proqramına insan hüquqları, Azərbaycan Respublikasının Seçki Məcəlləsi, beynəlxalq seçki standartları, seçkilərdə siyasi partiyaların rolu, digər ölkələrin seçki təcrübəsi, seçkilərdə şəffaflıq, şikayət və müraciətlərə baxılması, seçkiqabağı təşviqat və s. kimi mövzular daxil edilmiş, o cümlədən əvvəlki illərdə keçirilmiş seçkilər və “öyrənilmiş dərslər” nəzərdən keçirilmişdir. İştirakçılar onları maraqlandıran suallarla natiqlərə müraciət edərək lazımi məlumatları almışlar. Kurs zamanı həmçinin DSK sədrlərinin ATƏT və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES) Bakı ofislərinin rəhbərləri ilə görüşləri də təşkil olunmuş və qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
Layihənin ikinci mərhələsi 2007-ci ilin dekabrında baş tutmuşdur. Belə ki, bu mərhələ DSK üzvləri və məntəqə seçki komissiyası sədrlərinin maarifləndirilməsinə hədəflənmişdi. Bir ay müddətində davam edən kurslar zamanı qruplardakı dinləyicilərin sayı təxminən 60 – 80 nəfər arasında dəyişirdi ki, bu da aşağı seçki komissiyalarının təmsilçilərinə məşğələlər zamanı daha fəal olmaq və onları maraqlandıran suallara cavab almaq imkanı yaradırdı. Məntəqə seçki komissiyası üzvlərinin bilik səviyyəsinin artırılmasını nəzərdə tutan və təxminən bir ay ərzində həyata keçiriləcək üçüncü mərhələnin icrasına 2008-ci ilin fevral ayının əvvəllərində başlanılmışdı. İkinci və üçüncü mərhələni əhatə edən tədris proqramında Seçki Məcəlləsi, siyasi partiyaların seçkilərdə iştirakı, seçki prosesində şəffaflıq, seçkilərin hazırlanması, keçirilməsi və səsvermənin nəticələrinin hesablanması, seçki komissiyalarının vəzifələri, seçki hüququnun pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik sistemi və s. kimi mövzular əks etdirilmişdi. Ümumilikdə bu marrifləndirmə prosesi otuz mindən artıq seçki rəsmisi üçün seçki prosesi haqqında hərtərəfli informasiya mənbəyi rolunu oynamaq məqsədi daşıyırdı.
Seçicilərin maarifləndirilməsi məqsədilə də mətbuatda mütəmadi olaraq məlumatlar dərc edilir. Seçkilər elan olunduqdan sonra bu prosesin daha da intensiv xarakter alması və bütün KİV-in bu prosesə cəlb olunması planlaşdırılır.
Seçici siyahılarının dəqiqləşdirilməsi də seçki prosesində mühüm addımlardandır. Seçki Məcəlləsinə əsasən hər il yanvar ayından may ayının sonunadək seçici siyahılarının dəqiqləşdirilməsi prosesi həyata keçirilir. Respublika üzrə seçici siyahıları 2005-ci ilin əvvəllərindən etibarən MSK-nın internet səhifəsində yerləşdirilmişdir. Hər bir seçici bu səhifədə öz adının seçici siyahısında olub-olmadığını siyahılara birbaşa keçid, yaxud müvafiq axtarış sistemindən istifadə etməklə yoxlaya və özü haqqında olan məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, səs verdiyi məntəqə və dairənin sayını) dəqiqləşdirə bilər. Habelə, seçici səs verəcəyi məntəqənin yerləşdiyi ünvan, şəhərlərdə həmçinin sözügedən ərazinin xəritəsi, həmin ünvan istiqamətində hərəkət edən nəqliyyat vasitələri barədə lazımi məlumatları bu səhifədən əldə edə bilər. Seçicilər adlarını seçici siyahılarında yoxlamaq üçün müvafiq dairə seçki komissiyasına da müraciət edə bilərlər.
Seçki qanunvericiliyinin tələbinə müvafiq olaraq Mərkəzi Seçki Komissiyası hər il olduğu kimi 2008-ci ildə də yanvar ayının əvvəllərindən başlayaraq bütün ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsinə başlamış və hazırda bu proses davam etməkdədir. Siyahıların dəqiqləşdirilməsi təkcə seçki ili və məhdud müddət ərzində deyil, ümumilikdə, il boyu müvafiq qurumlarla (yerli Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi, Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi və s.) əməkdaşlıq şəraitində gündəlik əsaslarla davam etdirilir və seçicilərin vəziyyəti barədə müvafiq məlumat operativ olaraq DSK-lara çatdırılır və siyahılarda nəzərə alınır. MSK əldə edilmiş məlumatlara əsasən seçicilərin artım dinamikasını təhlil edərək dairə və ya məntəqələrin dislokasiyasında Seçki Məcəlləsinə uyğun müvafiq düzəlişlər edir.
Ölkə ərazisində məskunlaşmış qaçqın və məcburi köçkünlərin bütün respublika regionlarına səpələnməsi daima onların səsverməsinin təşkilini daha da çətinləşdirir və bununla bağlı gərgin iş aparılmasına ehtiyac yaranır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən qaçqın və məcburi köçkünlərin müvəqqəti yaşadıqları çadır şəhərcikləri ləğv olunaraq onların müasir tipli yeni müvəqqəti qəsəbələrdə yerləşdirilməsilə əlaqədar olaraq onları əhatə edən seçki dairələri və məntəqələrin dislokasiyasında da lazımi dəyişikliklər edilmişdir.
2008-ci ilin respublikada prezident seçkiləri ili olmasını nəzərə alaraq, MSK siyahılarla bağlı bir sıra layihələr həyata keçirir. Layihələr sırasına seçicilər üçün üç rəqəmli xüsusi qaynar xəttin yaradılması da daxildir. Öz məlumatlarını dəqiqləşdirmək istəyən və ya bununla əlaqədar müvafiq məlumat vermək, yaxud əldə etmək niyyətində olan seçicilər bu qaynar xəttə müraciət edə bilər. Bu niyyətdə olan seçicilərə MSK-nın internet səhifəsində olan qaynar elektron xətt də yardımçı olur. Seçiciləri siyahıların dəqiqləşdirilməsində iştiraka təşviq etmək məqsədilə MSK tərəfindən hazırlanmış “Seçici siyahılarında adınızı yoxlayın” mövzusunda müxtəlif klipləri mərhələlərlə müvafiq televiziya kanallarında yayımlanır.
Seçki prosesinin inkişaf etdirilməsi sahəsində digər tədbir isə Seçki Məcəlləsi ilə bağlıdır. Belə ki, Seçki Məcəlləsinin daha da təkmilləşdirilməsi üçün Azərbaycan hökuməti Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə birgə iş aparır. 2007-ci ilin noyabr ayında Mərkəzi Seçki Komissiyası AŞ və Seçki sistemləri üzrə beynəlxalq fondla birgə “Şikayət və müraciətlərə baxılması ilə bağlı Azərbaycan Respublikasının Seçki Məcəlləsinə mümkün dəyişikliklər” mövzusunda dəyirmi masa keçirmişdir. Seminara müvafiq dövlət qurumlarının nümayəndləri, siyasi partiyalar və yerli QHT-lər dəvət olunmuşdur. Azərbaycan Respublikası Seçki Məcəlləsi ilə bağlı müzakirələr hazırda davam etməkdədir.