Azərbaycan Respublikasının Konstitusiyasına
əlavələr və dəyişikliklər edilməsinə dair 2009-cu il martın 18-nə təyin edilmiş referendumla bağlı maarifləndirmə və təşviqat kampaniyası barədə
M Ə L U M A T
“Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi 2008-ci il dekabrın 26-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edildikdən sonra seçicilərin maarifləndirilməsi, təklif edilən düzəlişlərin mahiyyətinin vətəndaşlara izah edilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilmişdir.
Referendum Aktının layihəsi rəsmi qəzetlərdə (“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika”, “Bakinski raboçi”) dərc edilmiş, Milli Məclisin və Mərkəzi Seçki Komissiyasının internet səhifələrində yerləşdirilmişdir. Layihəyə uyğun olaraq Azərbaycan Respublikası Konstitusiyasının ümumxalq səsverməsinə çıxarılmış hissələrinin MSK tərəfindən hazırlanmış müqayisəli təqdimatı seçicilərin sayı nəzərə alınmaqla çap edilmiş, aşağı seçki komissiyaları vasitəsilə 5 milyona yaxın vətəndaşın ünvanına çatdırılmışdır. Arzu edən şəxslərin həmin sənədləri əldə edə bilmələri üçün seçki məntəqələrində müvafiq şərait yaradılmışdır.
Referendum Aktının layihəsi və MSK-nın hazırladığı müqayisəli təqdimat plakat şəklində də çap edilmiş, seçicilərin tanış olmaları üçün yaxşı görünən yerlərdə asılmaqla ölkə ərazisində mövcud olan bütün dairə və məntəqə seçki komissiyalarının ərazisində yayılmışdır.
Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası konstitusiyaya əlavə və dəyişikliklərin mahiyyətini şərh edən kitabça hazırlamış, onun nüsxələrini referendum üzrə təşviqat qruplarının üzvlərinə paylamışdır.
Referendum üzrə səsvermə bülleteninin nümunələri rəsmi qəzetlərdə Azərbaycan və rus dillərində dərc edilmiş, habelə plakat şəklində hazırlanaraq müvafiq yerlərdə asılmaqla seçicilərin diqqətinə çatdırılmışdır.
Referenduma çağırış, onun keçirilmə tarixi və səsvermə qaydaları barədə məlumatlar 28 növ plakat şəklində çap edilərək bütün yaşayış məntəqələrinin ərazilərində əhalinin gur olduğu yerlərdə asılmışdır. Maarifləndirici materialların bəziləri, o cümlədən televiziya kanallarında nümayiş etdirilən 4 reklam çarxından biri Beynəlxalq Seçki Sistemləri Fondu (İFES) və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ilə birgə hazırlanmışdır.
Mərkəzi Seçki Komissiyasının üzvləri və Katibliyin əməkdaşları tərəfindən referendum prosesi və səsvermə prosedurları ilə əlaqədar geniş maarifləndirmə işi aparılmışdır. Bununla bağlı televiziya və radiolarda 100-dək çıxış olmuş, mətbuatda 120-dən çox məqalə dərc edilmiş, MSK tərəfindən çoxsaylı təlimat, qayda, izah, yaddaş və digər normativ aktlar qəbul olunmuş, mətbuat və internet vasitəsilə ictimailəşdirilərək maraqlı subtektlərin əldə etmələri üçün onlara lazımi şərait yaradılmışdır. Respublika və müvafiq seçki dairələri üzrə seçki komissiyalarının 31 mindən çox üzvlərini və mütəxəssislərini əhatə edən çoxsaylı müxtəlif növ konfranslar, seminar- müşavirələr və treninqlər keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Mərkəzi Seçki Komissiyası və ATƏT-in Bakı ofisi respublikanın Bakı, Gəncə və Şirvan şəhərlərində ölkənin bütün yerli icra hakimiyyəti başçılarının və dairə seçki komissiyaları sədrlərinin iştirakı ilə referendum prosesinə müdaxilənin yolverilməzliyinə dair regional məlumat sessiyaları keçirmişlər.
Seçki Məcəlləsinə uyğun olaraq, referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə təşviqat aparmaq üçün Mərkəzi Seçki Komissiyasında 9, dairə seçki komissiyalarında isə 124 təşviqat qrupu qeydə alınmışdır. Həmin qruplar imzatoplama kampaniyası dövründə aktiv seçki hüququ olan 600 mindən çox vətəndaşı əhatə edərək referendumqabağı təşviqat prosesinə cəlb etmişlər.
Seçki Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, Mərkəzi Seçki Komissiyasında qeydə alınmış referendum üzrə təşviqat qrupları İctimai Televiziya və Radio Yayımları Şirkətinin kanallarında ödənişsiz əsaslarla efir vaxtı almaq hüququ qazanmışlar. Bununla əlaqədar Şirkət təşviqat qruplarına həftə ərzində 90 dəqiqəsi televiziyada, 90 dəqiqəsi isə radioda olmaqla 3 saatlıq pulsuz efir vaxtı ayırmışdır. Təşviqat kampaniyası başlayan gün - 2009-cu il fevralın 18-də ödənişsiz efir vaxtının 9 təşviqat qrupu arasında bərabər bölünməsi məqsədilə püşkatma keçirilmişdir. Püşkatmanın nəticələrinə uyğun olaraq, hər həftənin çərşənbə günləri radioda, şənbə günləri isə televiziyada Referendum Aktı layihəsinin seçicilərə çatdırılması üçün dəyirmi masalar təşkil edilmişdir. 4 həftə ərzində bütün təşviqat qrupları ayrılmış efir vaxtından tam istifadə etmişlər.
“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzetləri həftəlik dərc yerinin 10 %-dən aşağı olmamaq şərti ilə MSK-da qeydə alınmış təşviqat qruplarına öz materiallarını ödənişsiz çap etdirmək üçün bərabər həcmdə yer ayırmışlar. Təşviqat kampaniyası dövründə bütün referendum subyektləri həmin imkandan da tam istifadə etmişlər.
Referendumqabağı təşviqatın aparılması üçün MSK-da qeydə alınmış 9 təşviqat qrupunun hər birinə dövlət büdcəsi hesabına 23.300 manat vəsait ayrılmışdır. Bu vəsaitdən istifadə edən təşviqat qrupları kütləvi informasiya vasitəsində öz təşviqat materiallarını ödənişli əsaslarla yerləşdirə bilmişlər.
Ümumiyyətlə, kütləvi informasiya vasitələri Referendum Aktı layihəsinin müzakirəsinə geniş yer ayırmış, Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərə dair çoxsaylı şərhlər vermiş, ekspert rəylərini və ictimaiyyət nümayəndələrinin fikirlərini dərc etmişlər.
Təşviqat qrupları seçiciləri Konstitusiyaya əlavə və dəyişikliklərin lehinə və ya əleyhinə səs verməyə çağıran 180 minədək plakat və 400 minə yaxın digər çap materialları hazlrlamış, onları bütün dairə və məntəqə seçki komissiyalarının ərazilərində ayrılmış yerlərdə asmaqla və digər üsullarla yaymışlar.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin və “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərinə uyğun olaraq, referendum üzrə təşviqat qruplarına seçicilərlə görüşlər keçirmək üçün respublikanın şəhər və rayonlarında 2478-i açıq, 2065-i qapalı olmaqla cəmi 4543 yer ayrılmışdır. Təşviqat kampaniyası müddətində referendum subyektləri həmin yerlərdə vətəndaşlarla 7 minədək görüş keçirmişlər.
Referendumqabağı təşviqat kampaniyası dövründə təşviqat qrupları televiziya, radio və mətbuatda çıxışlar etmək, plakatları və digər çap materiallarını yaymaq, kütləvi tədbirlər, o cümlədən yığıncaqlar, vətəndaşlarla görüşlər və müzakirələr keçirmək yolu ilə 4 milyondan çox seçicini əhatə edə bilmişlər.
2009-cu il fevralın 18-də başlanmış təşviqat kampaniyası 27 gün davam edərək, martın 17-də başa çatmışdır. Aparılmış ilkin təhlillər həmin mərhələdən bütövlükdə səmərəli istifadə edildiyini, seçicilərin maarifləndirilməsi və referenduma çıxarılan məsələlərin vətəndaşlara dolğun çatdırılması yönündə əhatəli iş görüldüyünü təsdiq edir.
|