. : MƏLUMAT

 

Referenduma hazırlıqla bağlı

QISA MƏLUMAT

Mərkəzi Seçki Komissiyası səsvermə gününə hazırlıqla bağlı bütün lazımi addımları atmışdır. Referendum aktının layihəsi və MSK-nın hazırladığı müqayisəli təqdimat bukletlər şəklində milyonlarla tirajla çap edilərək ünvanlara çatdırılmış, plakat şəklində çap edilmiş, seçicilərin tanış olmaları üçün bütün dairə və məntəqə seçki komissiyalarının ərazisində yayılmışdır. MSK-nın üzvləri və Katibliyin əməkdaşları referendum prosesi və səsvermə prosedurları ilə əlaqədar geniş maarifləndirmə işi aparmış, televiziya və radiolarda 100-dək çıxış olmuş, mətbuatda 120-dən çox məqalə dərc edilmişdir. Seçki komissiyalarının 31 mindən çox üzvünü və mütəxəssisini əhatə edən çoxsaylı konfranslar, seminar-müşavirələr və treninqlər keçirilmişdir.
Referendum 125 dairədə, 5367 seçki məntəqəsində keçiriləcəkdir. Referendumu 47 mindən yuxarı yerli müşahidəçi, həmçinin 28 təşkilatı və 23 ölkəni təmsil edən 177 beynəlxalq müşahidəçi izləyəcəkdir. Beynəlxalq müşahidəçilər sırasına Avropa Şurası və Müstəqil Dövlətlər Birliyinin müşahidə missiyaları, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, Belçika, Bolqarıstan, Finlandiya, Ukrayna da daxil olmaqla bir sıra ölkələrin parlament nümayəndə heyətləri daxildir. Bundan başqa ABŞ, Böyük Britaniya, Rusiya, Norveç, İtaliya, Polşa, Finlandiya və digər ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri də müşahidə prosesinə qatılacaqlar. 
Səsvermə prosesilə bağlı ictimaiyyətin vaxtaşırı məlumatlandırılması məqsədilə KİV-lərin seçki məntəqələrindən material hazırlaması üçün bütün şərait yaradılmışdır. Röyters, Bi-Bi-Si, Əl-Cəzirə, Blumberq, TRT, Frans Press, EPA, Anadolu, İhlas Haber Ajansı və Le Fiqaro da daxil olmaqla 20 xarici kütləvi informasiya vasitələri təmsilçiləri referendumu işıqlandıracaqdır.
Ümumxalq səsverməsi martın 18-də saat 8.00-da başlayacaq, 19.00-da başa çatacaqdır. Səsvermənin gedişi barədə gün ərzində 5 dəfə ictimaiyyətə məlumat veriləcəkdir. Səslərin sayılması başa çatdıqda məntəqələr üzrə məlumatlar dərhal MSK-nın internet səhifəsində yerləşdiriləcəkdir.
Şəffaflığın təmin edilməsi məqsədilə 500 səsvermə məntəqəsində veb-kameralar quraşdırılmışdır. Respublika daxilindən və xaricindən istənilən şəxs MSK-nın internet səhifəsinə daxil olaraq, həmin məntəqələrdə səsvermə və səslərin sayılması prosesini canlı izləyə bilər.

17 mart 2009-cu il
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
Mətbuat Xidmət
i


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası